Milli Şura liderləri SMDT rəhbərinin həbsini pislədi

SMDT rəhbəri Anar Məmmədlinin həbsinə Milli Şura liderləri də münasibət bildiriblər.

Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Azərbaycan ictimaiyyətinin bu fakta etiraz etməli olduğunu bildirib: “Bu çox dəhşətli bir faktdır. O deməkdir ki, iqtidarın demokratiyaya olan hücumları get-gedə artır. Bu baxımdan seçki monitorinqi ilə məşğul olan bir vətəndaşı həbs etmək qeyri-qanuni bir əməldir. Mənə elə gəlir ki, bütün Azərbayacan və dünya ictimaiyyəti buna öz etirazını bildirməlidir.
Mən İlham Əliyevin iki çıxışını xatırlayıram. Biri seçkidən öncə, digəri isə seçkidən sonra. Seçkidən öncə İlham Əliyev YAP-ın toplantısında müxlifətə qarşı çox sərt çıxış edib. Bu çıxışda müxalifətin ünvanına ciddi ittihamlar səsləndirib. Digər çıxış isə seçkidən sonra media nümayəndələri ilə görüşü vaxtı olub. Media nümayəndələri ilə görüş vaxtı o çox yumşaq tərzdə danışaraq, müxalifətlə dialoqun da mümkünlüyünü önə çəkdi. Mən bu çıxışdan sonra düşündüm ki, hakimiyyətin ölkə müxalifətinə qarşı davranışı dəyişəcək. Seçkilər yəqin ki, hakimiyyətə bir dərs oldu. İqtidar bir daha anladı ki, ölkə əhalisi bu hakimiyyəti qəbul etmir. Amma Anar Məmmədlinin həbsi bir daha onu göstərdi ki, iqtidarın müxalifətə qarşı siyasəti sabit olaraq qalır”.
Milli Şura sədri Cəmil Həsənli bu həbsin siyasi motivlərdən qaynaqlandığını deyib. Onun fikrincə, demokratik dəyərlərə hörmətlə yanaşan beynəxalq təşkilatlar bu həbslə bağlı bəyanatlar verəcəklər: “Mən hesab edirəm ki, bu həbs siyasi məqsədlərlə həyata keçirilib. Anar Məmmədli seçki monitorinqi ilə məşğul olurdu. Onun rəhbərlik etdiyi təşkilatın elan etdiyi monitorinqin nəticələri hakimiyyətin saxtalaşdırılmış seçki keçirdiyini ortaya qoyub. A.Məmmədli monitorinqin nəticəsinə görə həbs edildi. Çünki demək olar ki, Anar Məmmədovdan başqa peşəkar seçki monitorinqi keçirən təşkilat qalmamışdı. Onun elan etdiyi nəticələr seçkilərin təmamilə saxtalaşdırılmış formada keçirildiyini ortaya qoydu. Bu baxımdan A. Məmmədlinin istentaqa cəlb olunması və nəticə etibarı ilə həbs olunması siyasi mülahizə ilə bağlıdır. Düşünürəm ki, demokratik dəyərlərə hörmətlə yanaşan beynəxalq təşkilatlar bu həbslə bağlı bəyanatlar verəcəklər. Hakimiyyət isə normal olmadığında bu bəyanatlara da normal münasibət göstərməyəcək”.
Hər iki açıqlama “deyerler.org”a verilib.