Partiyalara qarşı qərargah hədəsi

Fuad Qəhrəmanlı: «Qərargahı olmayan yeganə müxalifət partiyası AXCP-dir və bu dəyişikliyin məqsədi bizim fəaliyyətimizə əngəl törətməkdir»

Milli Məclisin dünən keçirilən iclasında ölkədə siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb edən, əks halda, həmin partiyaların qeydiyyata alınmayacağını, yaxud fəaliyyətini qadağan edən yeni müddəanı da özündə əks etdirən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla bağlıdır.
Dəyişiklər layihəsinə bir sıra məsələlər daxildir. Edilən bir dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburi olacaq. Dəyişiklik əsasən xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti nəzərdə tutur.
Qanunun 9.3 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
9.4 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə, qurum məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.
Qanuna edilən digər dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müzakirəyə çıxarılan məsələnin əsas səbəbinin AXCP-nin fəaliyyətinə əngəl törətmək olduğunu bildirdi: “Bu dəyişikliyin məqsədi siyasi partiyaların fəaliyyətinə maneə yaratmaqdır. Bu gün dövlət  YAP-ı dəbdəbəli qərargahlarla təmin edir. Hakimiyyətə loyal münasibət bəsləyən, cəmiyyətə təsir imkanı olmayan başqa partiyaların da qərargahları var. Ölkədə qərargahı olmayan yeganə müxalifət partiyası AXCP-dir. Bu dəyişiklik onu göstərir ki, birbaşa hədəf AXCP-dir. Hakimiyyət də bilir ki, ölkədə rejimə qarşı mübarizə aparan, kütləvi aksiyaların əsas donoru AXCP-dir. Ona görə də yeni dəyişikliyi əsas gətirərək AXCP-nin fəaliyyətinə, tədbirlər keçirməsinə, kütləvi aksiyalar üçün müraciətinə əngəl törətmək istəyirlər. Ancaq AXCP uzun illər qərargahsız fəaliyyət göstərib və qərargahı olmadan ölkənin ən güclü partiyasına çevrilə bilib. Yəni bu mürtəce dəyişiklik AXCP-nin mübarizəsinə maneə törədə bilməyəcək. Illərdi AXCP-yə qarşı hakimiyyət repressiv siyasət həyata keçirir. Ancaq AXCP öz prinsipial fəaliyyətini ardıcıl olaraq davam etdirir. AXCP-yə yönəlmiş təzyiqlər cəmiyyətdə bu partiyaya daha böyük  rəğbət yaradıb və partiya sıralarına yeni insanlar qoşulub”.

Ilham Hüseyn