Anar Məmmədlinin həbsinə sərt reaksiyalar

Siyasi partiyalar və ABŞ səfirliyi SMDT rəhbərinə azadlıq tələb etdi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT)  rəhbəri Anar Məmmədlinin həbsi ictimaiyyəti və diplomatik korpusu ayağa qaldırıb. Anar Məmmədlinin həbsilə bağlı verilən açıqlamalarda, yayılan bəyanatlarda hakimiyyətin bu addımı pislənib.

“Dünya ictimaiyyəti buna öz etirazını bildirməlidir”

Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyov Anar Məmmədlinin həbsinin dəhşətli fakt olduğunu deyib. O, deyerler.org-a açıqlamasında bildirib: “Bu çox dəhşətli bir faktdır. Bu o deməkdir ki, iqtidarın demokratiyaya olan hücumları get-gedə artır. Bu baxımdan seçki monitorinqi ilə məşğul olan bir vətəndaşı həbs etmək qeyri-qanuni bir əməldir. Mənə elə gəlir ki, bütün Azərbayacan və dünya ictimaiyyəti buna öz etirazını bildirməlidir.
Seçkilər yəqin ki, hakimiyyətə bir dərs oldu. Iqtidar bir daha anladı ki, ölkə əhalisi bu hakimiyyəti qəbul etmir. Amma Anar Məmmədlinin həbsi bir daha onu göstərdi ki, iqtidarın müxalifətə qarşı siyasəti sabit olaraq qalır”.

“Hakimiyyət Anar Məmmədlidən qisas alır”

AXCP Anar Məmmədliyə qarşı irəli sürülən “vergidən yayınma” və “qanunsuz sahibkarlıq fəaliyyəti” ittihamlarını rədd edərək, bu həbsin siyasi səbəblərlə bağlı olduğunu bəyan edib.
Partiya xatırladıb ki, Anar Məmmədli Azərbaycanın tanınmış ictimai fəalı və hüquq müdafiəçisi, ölkədə və beynəlxalq səviyyədə etibar olunan peşəkar seçki mütəxəssisidir. “Anar Məmmədli peşəkar seçki mütəxəssisi kimi Azərbaycanda 12 seçkinin müşahidəsini təşkil edib. O, eyni zamanda 17 ATƏT ölkəsində seçkilərin beynəlxalq müşahidəsi missiyasının üzvü olub. Onun təşkil etdiyi müşahidənin nəticələri ATƏT səviyyəsində qəbul və etiraf olunub.
Azərbaycanda sonuncu prezident seçkisi ilə bağlı Anar Məmmədlinin peşəkar müşahidəçilərdən ibarət təşkilatının – SMDTM-nin apardığı müşahidə bu seçkiyə qiymət verən beynəlxalq sənədlərdə əsas kimi götürülüb, ATƏT DTIHB və ABŞ Dövlət Departamenti onun hazırladığı hesabata istinad edib.
Azərbaycan hakimiyyəti Anar Məmmədlini həbs etməklə ondan sonuncu prezident seçkisində saxtakarlıq faktlarının üzə çıxarılması və bu seçkinin nəticələrinin beynəlxalq səviyyədə şübhə altına alınmasına görə qisas alır”, – deyə bəyanatda bildirilir.
“Bu vətəndaş cəmiyyətinə qarşı yönəlmiş təzyiqdir”

Müsavat Partiyasının yaydığı bəyanatda isə bildirilir:

“9 oktyabr 2013-cü ildə keçirilən Prezident seçkilərinin nəticələri haqqında yerli müşahidəçilər tərəfindən obyektiv rəy verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə  qarşı həyata keçirilən təzyiqlər daha da artmaqdadır. Artıq Mərkəzin direktoru Anar Məmmədli barəsində Cinayət Məcəlləsinin 292.2 maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti) cinayət işi  açılıb və onun barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Mərkəzin digər rəhbərlərinin də istintaqa cəlb olunması bu mərkəzin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik addımlar olduğundan xəbər verir. 
Müsavat Partiyası SMDT-yə qarşı yönələn bu qanunsuz hərəkətləri seçkilərin monitorinqini aparan və obyektiv rəy verməyə cəhd edən təşkilatlara və onların rəhbərlərinə qarşı, eyni zamanda bu bütövlükdə vətəndaş cəmiyyətinə qarşı yönəlmiş təzyiq hesab edir. Müsavat Partiyası Anar Məmmədlinin qanunsuz həbs edilməsinə etiraz edir, onun həbsdən azad olunmasını və SMDT-nin fəaliyyətinin bərpa olunmasını tələb edir”.
Anar Məmmədlinin həbsinə Azərbaycan Liberal Partiyasından da etiraz gəlib. Partiyanın yaydığı bəyanatda deyilir: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dünən Azərbaycan Respublikası Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti) ilə ittiham olunaraq, həbs edilib.  Azərbaycan Liberal Partiyası hesab edir ki, Anar Məmmədli siyasi motivlə və saxta ittiham əsasında həbs olunub. ALP Anar Məmmədlinin həbsini pisləyir və iqtidarı onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır”.

ABŞ Anar Məmmədliyə azadlıq tələb etdi

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da SMDT rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib. Bəyanat səfirliyin saytında yayılıb. Bəyanatda deyilir ki, ABŞ bu həbsdən dərin narahatlıq keçirir: “Ittihamın təfərrüatı hələ aydın deyil, lakin biz Anar Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam edəcəyik. Biz hüquqi prosesin davam etdiyi bir vaxtda cənab Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı Ictimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik”.
Səfir SMDT ilə bağlı istintaqı diqqətdə saxlayacaqlarını da bəyan edib.
Azərbaycanda səfərdə olan Britaniyanın xarici işlər naziri Vilyam Heyq isə jurnalistlərə açıqlamasında bildirib ki, Ilham Əliyevlə görüşündə Anar Məmmədli barədə də Ilham Əliyevlə danışdığını deyib.

ABŞ-ın Milli Demokratiya İnstitutu da Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə reaksiya verib: “MDİ Anar Məmmədlinin həbs edilməsindən və Seçkiləri Monitorinq Mərkəzinin, eləcə də Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birliyinin digər üzvlərinə qarşı ittiham irəli sürülməsindən dərin narahatlıq keçirir. Bu qurumlar indiyəcən yerli qanunlar və beynəlxalq öhdəliklərə uyğun olaraq seçkilərin müşahidəsini təşkil etməklə Azərbaycanda demokratiyaya və inkişafa xidmət ediblər”.