Suriya niyə gündəmdən çıxıb?

Vəfa Quluzadə: «Indi Suriya nə müttəfiqlər üçün maraqlı, nə də rəqiblər üçün təhlükəli deyil»

Bir neçə ay öncə dünyanın gündəmində Suriya və Bəşər Əsəd mövzusu var idi. Bütün mətbuat üsyançılarla Bəşər Əsəd tərəfdarlarının qızğın savaşı, Rusiyanın Suriyaya silah göndərməsi, Iranın Bəşər Əsədi Qərbdən qoruması, Qərbin Suriyanı bombalaması kimi xəbərlər dərc edirdi. Bir sözlə, qlobal siyasətin sonrakı mərhələsinə Suriyadakı proseslərin necə nəticələnəcəyinin təsir edəcəyi bildirilirdi.
Indi isə dünyanın gündəmini Ukrayna xalqının Avropa Birliyinə qoşulmaq uğrunda apardığı mübarizə zəbt edib. Iran Qərblə müəyyən razılığa gəlib, Rusiya Gömrük Ittifaqına qoşacağı ölkələrə təzyiq ssenarisi hazırlayır. Bir sözlə, hər kəs öz marağının arxasınca gedir.
Bəs, Suriyada vəziyyət necə oldu, niyə bu ölkədə baş verənlər nəzarətsiz qaldı, dünya güclərinin Suriyada maraqları qalmadımı?
Politoloq Vəfa Quluzadə Suriyanın dövlət kimi gündəmdən çıxdığını və müttəfiqlər üçün əhəmiyyət kəsb etmədiyini bildirdi: “Suriyada gedən vətəndaş müharibəsi bu ölkəni dövlət kimi yox edib. Suriya nə ərəb ölkələri üçün  müttəfiq, nə də Israil üçün təhlükə deyil. Bu ölkələr arasında sülh müqaviləsi imzalanmayıb. Israil də Suriyanın ”Colan” yüksəkliyini işğal etməkdə davam edir. Yəni Suriya zəiflədiyi üçün heç kimi maraqlandırmır və narahat etmir. Suriyanın müttəfiqi olan ölkələr də başa düşürlər ki, ona kömək etmək mümkün deyil. Rusiyanın Suriyada maraqları var, ancaq heç nə edə bilmir. Iranın bu ölkədə maraqları var idi. Ancaq Iran da indi Qərblə münasibətləri yumşaltmaq siyasəti həyata keçirir. Indi ilk növbədə ABŞ-Iran münasibətləri və  Ukraynanın AB-la məlum sazişləri imzalaması gündəmdədir. Indi Qərbin məqsədi MDB dövlətlərində müstəqilliyi dəstəkləmək və Rusiyanın mənfi təsirlərindən bu ölkələri müdafiə etməkdir. Indi dünyada geosiyasi vəziyyət dəyişməyə doğru gedir”.

Ilham Hüseyn