Biz radikalıqmı?

Iqtidar sözçüləri, mirzələri və məddahları Isa Qəmbərə, “Qəmbərov Isa”, Əli Kərimliyə “Kərimov Əli” deməklə həm onları aşağıladıqlarını düşünər, həm də bununla sanki canlarının acısını çıxardılar. Bu adamlar Isa Qəmbərin, Əli Kərimlinin rəhbərlik etdiyi partiyalar haqqında danışarkən  mütləq onlara bir “radikal” yarlığı yapışdırırlar. Elə hesab edirlər ki, belə təqdimatda camaat onların qanundankənar və cinayətkar olduqlarını düşünəcək. Bu cür yanaşma xəstə təxəyyülün məhsulu olduğundan ona fakir vermədən bir kənara qoyaq.

Məsələ burasındadır ki, demokratik mübarizənin liderləri olan partiyaları, müxalifətçiliyi şübhə doğurmayan, eyni zamanda psevdo-müxalifət partiyaların nümayəndələri də “radikal” adlandırırlar. Əlbəttə, qərəzli yanaşmadır. Amma təkcə qərəzlimi? Yox, bu, həm də savadsızlığın göstəricisidir. Radikal müxalifət o müxalifətə deyilir ki, iqtidarın dialoq, əməkdaşlıq təkliflərini rədd edir, mübarizəni güc, qarşıdurma müstəvisinə çəkir, maksimum tələblər irəli sürür və demokratik mübarizə metodlarını gözardı edir, hətta silaha sarılır. Müsavat Partiyasının və AXCP-nin fəaliyyətində sadalanan cəhətlərdən hansınısa müşahidə etmisinizmi?

Bəs nəymiş bu partiyaların radikallığı, o özünü nədə göstərir? Bu partiyalar ölkədə keçirilmiş saxta seçkilərin nəticələrini tanımır. Tutulan iradlardan biri budur. Seçkilərin nəticələrini tanımamaq çox doğru mövqedir və əsl konstruktivlik göstəricisidir. Seçkilərin nəticələrini tanımaq, onun azad, ədalətli, şəffaf keçdiyini və qanunauyğun məğlub olduğunu etiraf etmək deməkdir. Olmayan şeyi niyə təsdiq etməlisən ki? Seçkilərin nəticələrini tanımayan demokratik müxalifət onu de-yure tanımır, ancaq de-fakto qəbul edir. Bundan doğru mövqemi ola bilər? Əgər müxalifət saxta prezidentin və parlamentin fərman, sərəncam və qanunlarına tabe olmasaydı, onları tapdayıb öz bildiyi kimi hərəkət etsəydi onda o, deyildiyi kimi, radikal müxalifət olardı. Hamı şahiddir ki, bir dəfə də olsun belə fakt olmayıb.

Bu partiyaların növbəti “radikallığı” kimi onların tez-tez razılaşdırılmamış kütləvi aksiyalara çıxmalarını göstərirlər. Bu qınaq da tam absurddur. Hakimiyyət faktiki olaraq kütləvi akiyaları qadağan edib. Əgər onlar razılaşdırılmamış aksiyalara çıxırlarsa, heç biri qanun pozuntusuna yol vermirlər. Qanunu pozan, ölkə Konstitusiyasını və “Sərbəst toplaşmaq azadlığı haqqında” qaunun tələblərinə əməl etməyən iqtidar özü olur. Çünki o, həmin aksiyaları sanksiyalaşdırmalı olduğu halda, bunu etmir. Həmin razılaşdırılmamış aksiyalarda müxaifətçilər tam dinc aksiya keçirməyə cəhd edirlər. Heç bir qanunsuz və cinayət tərkibli hərəkətə yol vermirlər. Onların “radikallığı”, “Istefa” və “Azadlıq” şüarı qışqırmaqdan başqa bir şey olmur. Sual olunur, əgər saxta seçkilərin nəticələrini tanımayacaqsansa, icazə verilmədiyi üçün heç bir kütləvi aksiya cəhdində olmayacaqsansa, daha sənin haran müxalifət oldu? Müxalifət kimi fəaliyyətin nədən ibarətdi?

Heç kim düşünməsin və iddia etməsin ki, seçkilərə haqq etdiyi qiyməti vermək, sanksiyalaşdırılmamış aksiyalara çıxmaq heç nəyi dəyişmir və boşuna gedir. Belə düşünmək kökündən səhvdir. Bunun belə olduğuna əmin olmaq üçün bir anlığa təsəvvür edin ki, ötən illər ərzində müxalifət seçkilərin nəticələrini tanıyaydı və kütləvi aksiyalar təşkil etməyəydi, ölkədə vəziyyət necə olardı? Düşünəndə adamı dəhşət bürüyür. Elə iqtidarın da arzuladığı budur də. 

Düzdür, bu mübarizə hələ məqsədinə çatmayıb (Yeri gəlmişkən, bu, müxalifətin günahı yox, cəmiyyətin problemidir. O, öz hüquqları uğrunda mübarizə aparmağa hazır deyilsə, müxalifət neyləsin). Amma məhz bu mübarizə nəticəsində ölkəmizdə  demokratiyanın bərqərar olması şansları yüksək olaraq qalır və ilk fürsətdəcə bu baş verəcək. Əgər bu gün Türkmənistanda və ya Özbəkistanda yaşamırıqsa, məhz “radikal” müxalifətə minnətdar olmalıyıq. Yaxşı ki, varsan, “radikal” müxalifət!

Tofiq Yaqublu