1. Cinçıxaran
Keçənlərdə telekanalların birindəki cinçıxaran olayı xeyli zəhmətkeşi qəzəbləndirdi. Hətta həmin telekanal aparıcılarından birinin buna görə işindən istefa verdiyi də yazılıb-pozuldu.
Bu etirazlar həm komikdir, həm absurd.
Niyəsini izah edək.
Bəyəm telekanalda cin çıxarmayıb nə etməlidirlər? Bəlkə hansısa elmi veriliş göstərməlidirlər? Bəlkə kitabı, bilgini təbliğ etməlidirlər? Axı bu ki, Əliyevçi rejimin ölkəni idarəetmə təfəkkürünə ziddir. Yaptokratiya qarşısında xalq yox, kütlə görmək istəyir. Ona görə də cinçıxaranlar, falçılar, ələmuçuranlar, muncuq düzənlər, it boğuşduranlar, xoruz döyüşdürənlər bu rejimin dostudur. Onun sütunlarıdır.
Axı qalan vaxt nə göstərirlər guya bu telekanallar? Guya həqiqətləri göstərirlər? Ölkəni başına alıb gedən oğurluqları göstərirlər bəlkə? Bəlkə talanan sərvətlərimizdən danışırlar? Bəlkə məmur harınlığına güzgü tuturlar? Elə isə indi durub cinçıxarana görə telekanalları qınamaq nə qədər doğrudur? Bu qınaqdan absurd bir şey ola bilərmi? Efirə gerçək ziyalı çıxara bilmirlər…
Müxalifətçi çıxara bilmirlər…
Fərqli düşünən, tənqid edən kimsəni çıxara bilmirlər, vecinizə olmur, vicdanınızı sızlatmır, amma cinçıxarana görəmi asıb-kəsirsiniz telekanalları? Axı bu nəticədir.
Öncə isə dönüb səbəbə baxmaq lazımdır. Səbəb – Azərbaycanı cəhalətə, savadsızlığa, mənəvi qaranlığa gömüb hakimiyyətinin ömrünü uzatmaq, ölkəni daha asan, rahat, maneəsiz idarə etmək istəyən Əliyevçi rejimdir.
Səbəbə susub nəticəyə üsyan etmək isə absurdun pik nöqtəsidir. Bir xəstəyə diaqnoz qoymadan onu müalicə etməyə bənzəyir. Belə müalicənin sonunu deməyə ehtiyac varmı?!
2. Ukrayna ilə fərqimiz
Indi Azərbaycanda xeyli adam Ukraynadakı etirazları nümunə göstərib “o əjdahadan bizdə niyə olmadığını” müzakirə edirlər.
Çoxlu səbəblər göstərmək olar. Həm obyektiv, həm subyektiv.
Məsələn, bizim xalqı üzləşdiyi bunca haqsızlığa, zülmə, istibdada rəğmən ayaqlanmadığına, bu çirkin gedişata yüzminlər şəklində “dur” demədiyinə qınamaq da olar, anlamaq da. Hər ikisi üçün yetərincə əsaslar, arqumentlər var.
Qınamaq olar, – ona görə ki, Kiyevdə həftələrdir qara, çovğuna rəğmən insanlar Maydandan çəkilmir, bizdə isə hansısa icazəli mitinq zamanı belə, bir az yağış yağanda qarnımıza qara dərd olur ki, görəsən insanlar aksiyaya gələcəkmi?
Anlamaq da olar – çünki Ukraynada Timoşenkonun hətta “yeni Stalin” adlandırdığı Yanukoviçin ağlına belə meydana sümükqıran itlər göndərmək gəlmir. Səs bombaları eşidilmir. Göyaşardıcı qaz, rezin güllə işə düşmür, halbuki Azərbaycanda ən kiçik “icazəsiz aksiya”nı (bu, tamamilə yaptokratiyanın icadıdır, qanunda sərbəst toplaşmaq üçün illah ki, hakimiyyətin bığının maltından keçmək kimi bir tələb yoxdur) belə, onlarsız təsəvvür etmək çətindir.
Amma məncə, Ukraynadakı “əjdahanın bizdə olmamasının” əsas səbəbini anlamağa bircə müqayisə yetir.
Srağagün Yanukoviç Kiyev meriyasının rəhbəri Aleksandr Popovu və Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Vladimir Sivkoviçi vəzifələrindən azad edib. Onlar baş prokurorunun ərizəsi əsasında işdən uzaqlaşdırılıb, səbəb də hər ikisinin noyabrın 30-da “Berkut” xüsusi təyinatlılarının Maydanda aksiyaçılara qarşı aşırı güc tətbiq etməkdə günahkar bilinməsidir.
Indi isə gəlin 2007-ci ilə qayıdaq və Ilham Əliyevin Polis Akademiyasında məzunların buraxılışı zamanı etdiyi məşhur çıxışı xatırlayaq: “2005-ci ildə bəzi qüvvələr qondarma ”narıncı inqilab”a cəhd edəndə bunun qarşısını polis aldı. Bizə xaricdən təzyiqlər edilirdi. Hansısa artıq hərəkətlərə yol verildiyinə görə polislərin cəzalandırılmasını tələb edirdilər. Mən o vaxt bu şərtləri rədd etdim və polisi qorudum”.
Nə deyirsiniz, sizcə, əlavə sözə ehtiyac qalırmı? Yoxsa bir nömrəli günahkar kimi xalqı göstərmək hələ də sizə absurd görünmür?
3. Dünənki mitinqlə bağlı
Razıyam, dünən – yağışlı, soyuq bir gündə bahalaşma əleyhinə keçirilən mitinqdə iştirakçı sayı əvvəlki aksiyalardan xeyli az idi.
Mitinqə niyə az adam gəldiyini soruşmaq olar və hətta lazımdır. Amma absurd olan bu sualın məhz mitinqə gələnlərə ünvanlanmasıdır.
Halbuki sualın ünvanı doğru seçilməli və mitinqə gəlməyənlərdən soruşulmalıdır: siz dünən niyə meydanda yox idiniz?