Əli İnsanovun həbsdə saxlanılması qanunsuzdur

Toğrul Babayev: «Əli İnsanovun işinə 1-ci instansiya məhkəməsində baxılarkən kobud qanun pozuntularına yol verilib»

Avropa Insan Hüquqları Məhkəməsinin sabiq səhiyyə naziri Əli Insanovla bağlı qərarı yerinə yetirilmir. Vəkil Toğrul Babayev isə müvəkkilinin qanunsuz olaraq həbsdə saxlandığını hesab edir: “Əli Insanovun işinə 1-ci instansiya məhkəməsində baxılarkən kobud qanun pozuntularına yol verilib. Bu, isə işə yenidən baxılmasına yol açır”.
Hafta.az-a açıqlamasında vəkil müdafiə tərəfinin artıq 1 aya yaxındır ki, plenumun cavabını gözlədiyini bildirib: “Ali Məhkəmənin plenumunun qərarı bizə 1 ay ərzində təqdim edilməlidir. Amma hələ də gəlməyib. Təyin olunan son tarix sabah bitir, amma istirahət günü olduğuna görə aidiyyatı qurumlarla bazar ertəsi əlaqə saxlayacağam”.
Xatırladaq ki, Əli Insanov 2005-ci ilin oktyabrın dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Məhkəmənin hökmü ilə sabiq nazir 11 il azadlıqdan məhrum olunub.
Avropa Insan Hüquqları Məhkəməsinin qərarına əsasən isə, sabiq nazirin işgəncəyə məruz qaldığı təsbit olunub. Qərarla Azərbaycan hökuməti Əli Insanova 10 min avro kompensasiya da ödəməlidir.
Məsələyə Ali Məhkəmənin Cinayət Işləri Kollegiyasının sədri Şahin Yusifov da münasibət bildirib. Ötən ay Ümumi Məhkəmə Hakimləri Ictimai Birliyinin yığıncağında çıxış edən sədr həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı problemlər olduğunu dilə gətirib: “Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin də fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli Insanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.