Emin Hüseynov: «İstəyirik ki, Britaniya ictimaiyyəti Azərbaycandakı real vəziyyətdən xəbərdar olsun»
Gələn həftə Böyük Britaniyanın xarici əlaqələr naziri Vilyam Heyq Azərbaycana səfər edəcək. Sosial şəbəkə fəalları twitter-də ona çağırış kampaniyasına başlayıb, prezident Ilham Əliyevlə görüşdə demokratiya məsələlərini qaldırmasını istəyir.
Insan Hüquqları Klubunun sədri Rəsul Cəfərov facebook statusunda yazır: “Dostlar, Britaniyanın xarici əlaqələr nazirinə Twitter-də çağırış kampaniyası davam edir. Əsas çağırışımız ondan ibarətdir ki, Ilham Əliyevlə görüşündə siyasi məhbuslar məsələsini qaldırsın”. Hüquq müdafiəçiləri hazırda Azərbaycanda 142 siyasi məhbus olduğunu deyirlər. Onlardan 9-u jurnalistdir. Hakimiyyət rəsmiləri isə ənənəvi olaraq siyasi məhbus məsələsində ölkəyə ikili standartlarla yanaşıldığını bəyan edir, həbsə atılanların konkret cinayətdə təqsirli bilindiyini deyirlər.
Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya səfəri zamanı britaniyalı nazirin diqqətini Azərbaycanda insan haqları ilə bağlı faciəli vəziyyətə, qanunçuluğun pozulmasına yönəltmək lazımdır.
RATI-nin rəhbəri Emin Hüseynov məqsədin Azərbaycandakı real vəziyyəti Britaniya ictimaiyyətinə çatdırmaqdır və internet kampaniyasının bu baxımdan daha effektli olduğunu bildirdi: “Bu tipli kampaniyalar dünya praktikasında qəbul olunur və effekti də müşahidə edilir. Yəni problemli ölkələrə gedən yüksək çinli məmurlar bu cür kampaniyalar nəticəsndə vətəndaş cəmiyyəti ilə görüşə bilirlər. Mən əminəm ki, britaniyalı nazir bu kampaniyadan xəbərdardı. Bizim əsas məqsədimiz odur ki, Britaniya ictimaiyyəti ölkəmizdəki vəziyyəti real qiymətləndirsin. Çünki başqa beynəlxalq təşkilatların hesabatlarından fərqli olaraq, Britaniyada hazırlanan hesabatlar Azərbaycandakı vəziyyəti tam əks etdirmir. Ümid edirik ki, nazir Azərbaycan hakimiyyəti ilə insan haqları mövzusunda danışıqlar aparacaq. Biz istəyirik ki, Britaniya insan haqları məsələsindəki prinsiplərini Azərbaycanla münasibətlərdə də keçərli etsin”.
Ilham Hüseyn


