Hamının mitinqi

Kasıbçılıqdan ölmək üzrə olan deputatlarımızın maaşları artırılacaq. Minimum əməkhaqqının 105 manat olduğu ölkədə bu artımı kövrəlmədən müşahidə etmək mümkün deyil. Nə olsun ki, deputatların gəlir mənbələri çoxdur, bəziləri Universitet rektoru, bəziləri MMC rəhbəri, bəziləri biznesmendir. Əsas odur ki, onlar bizim vəkilimizdir və onların maaşı hər həftə artırılmalıdır. Hətta 105 manat əməkhaqqı alanların maaşından kəsib deputatların boğazına calamaq lazımdır.

Bəlli olub ki, möhtərəm deputatlarımızın maaşı 1575 manat  olacaq. Bu həm də hörmətli deputatlarımızın bahalaşmadan sığortalanmasıdır. Indi Siyavuş Novruzov maşınına benzin tökəndə 35 faiz artımı hiss etməyəcək. Ancaq onun maşınına benzin tökən yanacaqdoldurma məntəqəsinin işçisi bahalaşmadan əziyyət çəkəcək, borca düşəcək. Görünən mənzərə odur ki, qiymət artımı əhalinin 90 faizinə vurulan zərbədir və bu zərbədən yalnız kabinetdə oturanlar qorunacaq. Əslində baş verənlər xalqın nəticə çıxartması üçün ideal nümunədir. Bəli, hakimiyyət sübut edir ki, hakimiyyətin mənbəyi xalq deyil, xalqın 5-10 faizidir. Deməli, bizlər, kasıb təbəqənin nümayəndələri cəmiyyətin tör-töküntüsüyük. Tör-töküntüyə isə heç kim hörmət göstərmək zərurəti duymur. Bütün bunları yazmaqda demək istədiyim budur ki, fələakətimiz yanacağın bahalaşması ilə yekunlaşmayacaq, özümüz yanana qədər davam edəcək.

Dekabrın 15-də Milli Şuranın keçirəcəyi mitinq də, əjdaha kimi üstümüzə gələn bahalaşmanın qarşısın almaq üçündür.  Indi məqamdır ki, 100-200 manatın girovluğunda yaşayanlar, buna layiq olmadıqlarını sübut etsinlər.

Seçki öncəsi mitinqə gəlməyənlər, bunu hansısa siyasi liderə, təşkilata münasibətilə izah edə bilər. Ancaq 15 dekabr mitinqinə öz övladlarınız, yaxınlarınız üçün gəlməlisiniz. Qarşıdan yeni il bayramı gəlir. Od tutub yanan bazarlardan evinizə nə aparacaqsınız, övladınıza hansı təamlardan alacaqsınız?

Bunun sabahın düşünmürsünüzmü? Borcla, kreditlə taleyinizi zəbt etməyə nə vaxta qədər dözəcəksiniz?

15 dekabr mitinqinə gəlməmək üçün səbəb yoxdur. Müxalifəti, Milli Şuranı, Əli Kərimlini, Isa Qəmbəri sevməyənlərin də bu mitinqdə iştirak etmək borcudur. 

15 dekabr mitinqi həm də hakimiyyətin xalqa növbəti dəfə qiymət verəcəyi gündür. Bəli, hakimiyyət “Məhsul” stadionuna nəzər salıb, məhsulların qiymətinin qalxmasına xalqın münasibətini öyrənəcək. Yəni bu mitinq həm də növbəti bahalaşma ilə bağlı veriləcək qərarda mühüm amildir. 

Hakimiyyət qiymət qaldıran, biz isə buna etiraz edəniksə, deməli, biz rəqibik. Rəqib isə, qarşıdakı “ordu”nun sayına baxıb “hücum” edəcək. Tək-tək ovlanmamaq üçün, hamılıqla qərar verməliyik.

Yoxsa, 105 manat maaş alanların sükutu, nə 2000 dollar maaş alan deputatı, nə də milyardları sığallayan ölkə rəhbərliyini rəhmə gətirməyəcək.

Özünə rəhmi gəlməyənə, özgələr rəhm etməz zatən. 

Bugün Milli Şuranın yox, hamının mitinqidir. Və hamı kimi Milli Şura üzvləri də etiraz etməyə gəlib. Gəlin, hamının yükünü, bir adamın çiyninə yığmayaq.

Biz xalq olaraq özümüzü göstərək ki, bizə dirsək göstərənlər barmaqlarını yesinlər.

Içinizdə danışmaqdan, özünüzü yeməkdən qurtarın.

Bugün bu meydan sizin evinizdir. Qonaq qismində dayanmayın.

Qiymət artımı, bahalaşma bizi ömürlük evlərimizə məhkum etmək üçündür.