Türk polisi bu işlə məşğul olan mütəşəkkil dəstəni yaxalayıb
Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda istehsal edilən saxta xərçəng dərmanını bu ölkədə onkoloji xəstələrə satan mütəşəkkil cinayətkar qruplaşma yaxalanıb. Virtualaz.org saytı Türkiyə KIV-lərinə istinadən xəbər verir ki, liderliyini I.H.Ç. adlı şəxsin ediyi mütəşəkkil qruplaşmanı izləyən polis eyni vaxtda bir neçə ünvanda həyata keçirdiyi əməliyyat nəticəsində onları saxlayıb.
Bu zaman xəstələrə çatdırılmaq üçün nəzərdə tutulan 561 qutu saxta xərçəng dərmanı, 6 min 507 dərman qutusu və şüşəsi müsadirə olunub. Qruplaşma üzvlərinin ünvanlarında aparılan axtarışlarda isə minlərlə qutu saxta dərman ələ keçirilib.
Məlumatlara görə, polis əvvəlcə mütəşəkkil cinayətkar qruplaşmanın liderini sənəd yoxlamaq bəhanəsi ilə saxlayıb. O, polisə saxta sənəd təqdim etsə də əməliyyatın uğursuzluqla nəticələnməməsi üçün sərbəst buraxılıb. Bununla belə polis şəbəkənin Azərbaycandan Türkiyəyə təyyarə ilə saxta dərman daşıyan kuryerləri, saxta dərmanları xəstələrə çatdıran şəbəkə üzvlərini aramsız təqib edib.
Əməliyyat başlamazdan əvvəl polis şəbəkənin özəl xəstəxanalardan biri vasitəsilə 100-ə qədər xəstəyə saxta dərman satdığı müəyyən edilib. Onlardan biri tanınmış sənətçidir. Şəbəkəni izləyən polis cinayətkar qruplaşmanın üzvlərini Azərbaycandan növbəti saxta dərman partiyasını təyyarə ilə Türkiyəyə apararkən Istanbulun Atatürk hava limanında həbs edib.
Şəbəkənin ən böyük saxta dərman tədarükçüsü olan azərbaycanlı həkim də polis tərəfindən hər yerdə axtarılır. Ankarada şəbəkə ilə əlbir olan digər həkim isə Türkiyə vətəndaşıdır və o da axtarışa verilib.
Əməliyyat Türkiyənin 9 ayrı bölgəsində 121 ünvanda keçirilib, cəmi 60 nəfər saxlanılıb və onlardan 40-ı məhkəməyə çıxarılıb. Şübhəlilərə qarşı insanların həyatını təhlükəyə atacaq dərman istehsalı maddəsi üzrə 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutan maddə üzrə ittiham irəli sürülüb.
Cinayətkar qruplaşmadan ələ keçirilən 7 min 735 paket saxta dərmanın bazar dəyərinin 10 milyon dollardan çox olduğu bildirilir.
Dərmanın adı göstərilməsə də bildirilir ki, söhbət xərçəngə qarşı yeni icad olunan və kifayət qədər bahalı pereparatdan gedir.
Xatırladaq ki, Azərbaycanda xərçəngə qarşı saxta dərman satışı barədə ilk olaraq “Azadlıq” məlumat yaymışdı.