Əbülfəz Qurbanlı
Milli Şuranın qiymət artımına etraz mitinqi ilə bağlı facebookda mitinqə çağırış və iştirak zəruruliyi ilə əlaqəli status yazaraq adamları düşündürən sualları əlavə etdim. Status budur: “Sabah 14:00-da Məhsul stadionunda Milli Şuranın bahalaşmaya qarşı mitinqidir. Bahalaşma hər kəsə qarşı yönəlib. Hökumətin bu qaydada qiymətləri qaldırması vətəndaşların cibinə girməsidir. Ən varlılardan (məmur oliqarxlar, onların ətrafları) və ən kasıblardan (laqondası, çəkici ilə 3-cü mikrorayon dairəsindəki kimi qul bazarlarında dayananlar) başqa hər kəs, sizlər bu aksiyaya niyə gəlməməlisiniz? Sizin- vətəndaşların bu aksiyaya qoşulmasının nəticəsi nə ola bilər? Biz- müxalifət niyə razılaşdırılmış mitinq təşkil edəsi olduq? Ümumiyyətlə bu tip mitinqlərlə nəyə nail ola bilərik? Bu suallar ətrafında yazmaq fikrindəyəm. Siz də fikirlərinizi və suallarınızı yazın. Bu arada bizim yaradıcı xalqımız mitinq yaradacılığına niyə əl qoymur? Bunu təkcə partiya, təşkilat üzvləri, fəallar etməlidirmi? Plakatlar, şüarlar və s. ilə gəlin. Dövlət bayraqları ilə gəlin.”
Bu statusu genişləndirmək və sualları cavablandırmaq üçün işə başlayanda xəbər aldıq ki, kartofun qiymətləri də qalxıb.
15 dekabr saat 14:00-da Məhsul stadionunda Milli Şuranın “Qiymət artımına etiraz edirik!” mitinqidir. Bu mitinqi müxalifət sosial şəbəkələrdə və real həyatda insanların bahalaşmaya narazılığına əsaslanaraq təşkil etdi. Cəmiyyətin Tarif Şurasının qərarına müxalif mövqeyinə görə…
Mitinq elan olunanda razılaşdırılmış aksiya formasına etiraz fikirlərini oxudum. Əlbəttə, Ukraynada Maydan meydanında adamların Berkut qüvvələri ilə üz-üzə döyüşərkən bu cür mövqedən çıxış etməsi anlaşılmaz deyil. Məgər Milli Şura qələbə istəmirmi?
Qələbə üçün xalqın bir hissəsi müxalifətlə bərabər cəsarətlə meydanda dayanmağa hazır olmalıdır. Hələ ki, biz hamımız qeyri-legitim Əliyev hakimiyyətinə qarşı ukraynalılar kimi dirəniş göstərəcək bir güc deyilik. Bu bizim və xalqın qorxaqlığı demək deyil. Xalqın zülmə qarşı loyallığı, ədavət hissinin yerində olmaması deməkdir. Partiyaların və liderlərin, vətəndaş cəmiyyəti və gənclərin zəifliyi deyil. Bizim ardıcıl olmamağımız, xalqımızın biganəliyi ilə birbaşa bağlıdır. Qarşımızdakının avtoritar təbiəti ilə bağlıdır.
Statusumda qeyd etdiyim iki qrup istisna olmaqla siz aksiyaya niyə gəlməlisiniz? Bu gün kartofun bahalaşmasını eşitdiyimiz kimi, hər gün müxtəlif məhsulların bahalaşmasını eşidəcəyik. Hökumətin davamlı bahalaşma ilə bağlı büdcə əsaslandırması var. Bu, bahalaşmaya müqavimət olmasa davam edəcək. Sabah meydanda siz olmasanız, hökumət əmin olacaq ki, bahalaşmanı asanlıqla davam etdirə bilər. İkincisi, İlham Əliyevin ən uzaq və ən tanınmaz ölkələrdən təbriklər təşkil etdirməsi məhz, onun özünün də legitimliyinə şübhəsi ilə bağlıdır. İqtidarın özünə inamını daha da sarsıtmaq üçün siz gəlməlisiz. Üçüncüsü, qələbə üçün güclü etrazçı qrup formalaşmalıdır. Bu qrupun formalaşması həm də davamlı və kütləvi mitinqlər, ardıcıl və məsuliyyətli iş vasitəsi ilə olur. İsmayıllıda ləyaqətsizliyə qarşı başlanan etiraz ona görə davam etmədi ki, ən azından etiraz ənənəsi formalaşmamışdır.
Biz- müxalifət niyə razılaşdırılmış mitinq təşkil edəsi olduq? Ümumiyyətlə bu tip mitinqlərlə nəyə nail ola bilərik? Müxalifət güclənmək və xalqın təşkilatlanması vəzifəsini yerinə yetirməkdədir. Məhz, buna görə biz 2 aprel səhvərini təkrar etməkdənsə, həbslərin olmadığı mitinqləri davam etdirmək zorundayıq.
Razılaşdırılmış və xalqın müəyyən bir hissəsinin istəkləri əsasında keçirilən mitinqlərlə müxalifət həm də siyasi məqsədlərinə nail ola bilir. Seçkidə sıralarındakı təşkilatlar, liderlər, namizədi və fəaliyyəti hesabına etimad qazanmış Milli Şura seçkidən sonrakı dövrdə azərbaycanlılardan tam dəstək almış və inkişaf etmiş bir quruma çevrilməlidir. Qarşıda müxalifəti iki seçki- bələdiyyə və parlament seçkisi gözləyir. Müxalifət növbəti mərhələyə ən azı ötən seçki ərəfəsindəkindən artıq güclə getməlidir. Güclənmək üçün ən müxtəlif vasitələr var ki, bunlardan biri də xalqın qarşısında onun problemlərinin birgə ifadəsidir.
Nəhayət, bu mitinqlər onlarla rəsmi müxalifətçinin əziyyətləri hesabına başa gəlir. Razılaşdırılmamış aksiyalardan daha asan təşkil olunan razılaşdırılmış aksiyalar heç də qərarlar, facebookda bir event yaratmaqla, tribuna qurmaqla başa gəlmir. Siz bu işdə dəstək olun. Birinci, elliklə meydana gəlməklə, ikinci, mitinqlərə ideyalarınızla, əməyinizlə rəng qatmaqla dəstək olun. Mitinqin mövzusuna uyğun şüarlar hazırlamağa sizə nə mane olur? Partiya bayraqlarından gileyənirsiz. Nədən sizin hər biriniz meydana üçrəngli bayraqla gəlib partiya bayraqlarını üstələməyəsiniz?
Beləliklə, saxta seçki ilə prezident olmuş şəxsin formalaşdırdığı hökumətin qiymət qaldırımına etraz edəcəyik. Gəlin, gələcəyimizi quraq!


