“Neft mafiyası” hesabatının müəllifi SOCAR-a cavab verdi

“Anar Əliyev Rövnəq Abdullayevin qohumudurmu? Nə üçün o, ARDNŞ-lə müqavilə bağlayan bu qədər şirkətlə əlaqəlidir”

ARDNŞ-in şübhəli sövdələşmələri haqda araşdırma aparan “Global Witness” təşkilatı şirkətin bununla bağlı yaydığı bəyanata cavab verib. Xatırladaq ki, ARDNŞ “Global Witness”in araşdırmasını “təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış” sənəd adlandırmış və özünün işgüzar imicinə zərbə kimi qiymətləndirərərək təşkilatı məhkəməyə verə biləcəyini bildrimişdi.

“Global Witness”ın tədqiqatçısı Tom Mayne “BBC Azərbaycancaya” müsahibəsində ARDNŞ-in bəyanatını “məyusedici” adlandırıb: “ARDNŞ-nin cavabı məyusedicidir. Biz Anar Əliyev və Qolovuşkin barədə may ayında göndərdiyimiz məktubda soruşmuşduq, amma onlar bu suala cavab vermədilər”.

Mayne deyib ki, bu ilin may ayında da göndərdikləri sorğuda 20-ə yaxın konkret və detallı sual veriblər. ARDNŞ-dən göndərilən cavab isə çox ümumi olub.

Mayne tədqiqat zamanı üzləşdiyi problemləri qeyd edərkən sorğulara cavab almaq çətinliyindən danışıb. O, birbaşa Rövnəq Abdullayevə göndərilən suala cavab ala bilmədiyini deyib: “Birbaşa Rövnəq Abdullayevə ünvanladığımız məktubda biz ondan soruşduq ki, Anar Əliyev onun qohumudurmu? Bu suala sadəcə hə-yox cavabı ola bilər. Əgər qohumu deyilsə, onlar yenə də izah etməlidirlər ki, Anar Əliyev nə üçün ARDNŞ-lə müqavilə bağlayan bu qədər şirkətlə əlaqəlidir. Əgər qohumudursa, bu avtomatik olaraq korrupsiya demək deyil, amma neft şirkətinin onu necə seçdiyi barədə daha ciddi suallar qaldırır”.

“Tədqiqatı Anar Əliyev barədə eşitdiyinizə görə başladınız, yoxsa onun haqqında məlumat sonra peyda oldu?” sualını cavablayan Tom Mayne deyib ki, daha əvvəl Anar Əliyev barədə mediada məlumat olsa da, tədqiqatın məqsədi o deyildi: “Biz bu hesabatı iki səbəbə görə yazmağa başladıq. Birincisi, EITI-ın … gələcəkdəki fəaliyyətinə baxmaq istəyirdik. İkincisi isə, eşitmişdik ki Azərbaycan EITI-da aparıcı ölkələrdən biri kimi təqdim olunur, halbuki şirkətin şəffaflığı barədə vətəndaş cəmiyyətinin ciddi sualları var. Ona görə biz bu problemi tədqiq etmək istədik. Anar Əliyev barədə mediada eşitmişdik, amma məqsəd o deyildi. Tədqiqat zamanı gördük ki, əvvəl 5-6 şirkət, sonra 20 şirkət, bir il davam edən araşdırmalardan sonra isə 48 şirkət ona bağlıdır”.

Cənab Mayne EITI təşəbbüsünü “müsbət birinci addım” adlandırsa da, onu “hospital tikməyə” bənzədib: “Lap yaxşı, hospital tikmisən. Müsbət addımdır. Amma bundan savayı həkimlər, yaxşı aparatura da lazımdır”.

Eyni zamanda o, Azərbaycanın EITI-da aparıcı ölkələrdən biri adlandırılmasını sual altına alıb: “Mən bununla razı deyiləm, Xüsusilə Azərbaycan faydalanan sahiblərin açıqlanması barədə sınaq proqramında iştirakdan imtina etdiyinə halda… Tacıkistan, Qırğızıstan bu təşəbbüsə maraq göstəriblər. İraq, Liberiya və Nigeriya isə onu artıq həyata keçirirlər. Azərbaycan bunu niyə etmir?”.

Azərbaycanın fəaliyyətini digər ölkələrlə müqayisə edərkən o qeyd edib ki, Liberiyada EITI könüllü təşəbbüs deyil, milli qanunların bir hissəsidir. Qazaxıstanda isə parlament də təşəbbüsdə maraqlı tərəf kimi qeydə alınıb: “Şəffaflığı artırmaq üçün EITI-dan bir çox şəkildə istifadə etmək olar, amma Azərbaycan bunu etmir”.