“Əliyevdən öhdəliklərə əməl etmək tələb olunmalıdır!”

Britaniya təşkilatı beynəlxalq ictimaiyyətə çağırış etdi

«Azərbaycanda insan hüquqlarının vəziyyəti həyəcan təbili çalmağı tələb edir»

Londonda yerləşən Avropa Insan Hüquqlarını Müdafiə Mərkəzi Rusiya, Ukrayna, Azərbaycan və Ermənistanda insan hüquqlarının vəziyyətilə bağlı hesabat hazırlayıb. Hesabatın Azərbaycana aid bölümündə bildirilir ki, bu ölkədə insan hüquqlarının vəziyyəti son illərdə ciddi narahatlıq qədər acınacaqlı idi.
Bu il isə vəziyyət daha da pisləşib və hakimiyyət müxalif mövqeli şəxslərə qarşı indiyədək olmadığı qədər sərt repressiyalar həyata keçirir. Azərbaycanda jurnalistlərin, bloggerlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların, dindarların, adi vətəndaşların hədələnməsi, şantaj, həbs və zorakılıq adi hal alıb.
Oktyabrın 9-da keçirilmiş prezident seçkisinin saxtakarlıqla müşayiət olunduğu da hesabatda öz əksini tapıb. Sənəddə qeyd olunur ki, bu seçki qutulara topa-topa bülletenlərin doldurulması, “karusel”dən istifadə və digər qanun pozuntularıyla tarixə düşdü. Seçkidən dərhal sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bu seçki prosesinə mənfi rəy verdiyinə görə hakimiyyətin təzyiqlərinə məruz qaldı.
Mətbuata qarşı təzyiqlər, xüsusən, “Azadlıq” qəzetinə hücumlara da xüsusi diqqət yetilirib: “Azad mətbuata qarşı da hücumlar başladı. Seçkidən sonra müxalif ”Azadlıq” qəzeti çox ciddi təzyiqlərlə üzləşdi. Oktyabrın 24-dən qəzetin bank hesabına həbs qoyulub. Buna səbəb isə məhkəmənin qəzetə qarşı çıxartdığı 32 min manatlıq cərimə qərarıdır. Qəzet bu pulu ödəyə bilmədiyinə görə oktyabrın 29-da “məhkəmə qərarını icra etməmək” adı altında daha 3 min manat cərimələndi. Noyabrın 12-də Azərbaycan Nəşriyyatı, 24 min manatlıq borcunu ödəyə bilmədiyinə görə “Azadlıq”ın çapını dayandırdı.
Uzun illərdir ki, “Azadlıq” qəzetinin kollektivi hakimiyyətin çox ağır təzyiqlərinə məruz qalır. Qəzetin əməkdaşlarının həbsi, onlara qarşı zorakılıq halları dəfələrlə baş verib. “Azadlıq”ın üzərinə böyük məbləğdə məhkəmə cərimələri qoyulub. Qəzetin hazırkı vəziyyəti əvvəlki dövrlərlə müqayisədə qat-qat ağırdır.
Digər populyar müxalifət qəzeti olan “Yeni Müsavat” da ciddi çətinliklərlə üzləşib”.
Azərbaycandakı repressiyalar, siyasi motivli məhkəmə prosesləri də diqqətdən kənarda qalmayıb: “Seçkidən dərhal sonra müxalifətdəki Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı siyasi motivli ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Eyni vaxtda ilahiyyatçı Tale Bağırov da siyasi motivli ittiham üzrə 2 il yarım həbs cəhasına məhkum edilib. Noyabrın 13-də blogger Rəşad Ramazanov 9, ”Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli isə 4 il həbs cəzası alıb. Onların hər ikisinə qarşı ittihamlar da siyasi motivlidir. Bu hökmlər çıxarılan vaxtda digər siyasi məhbusların məhkəmələri davam edib. REAL hərəkatının sədri Ilqar Məmmədov, jurnalist Tofiq Yaqublu, NIDA-çı gənclərin işi üzrə məhkəmə prosesi hələ də yekunlaşmayıb”.
“Bütün bunlar göstərir ki, hakimiyyət seçkidən sonra tənqidi səsləri boğmaqda israrlıdır. Belə təəssürat yaranır ki, onlar belə qanunsuz addımlarına görə heç vaxt cavab verməyəcəklərinə əmindilər.
Baş verənlər sübut edir ki, Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyət həyəcan təbili çalmağı tələb edir. Yaranmış kritik durumda beynəlxalq ictimaiyyət təcili olaraq, Azərbaycan hökumətindən insan hüquq və azadlıqlarıyla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasını tələb etməlidir”, – deyə hesabatda vurğulanır.

Siyasət şöbəsi