Əfv – kimə və nədən?

Əfv məktubları işgəncə faktı kimi…

Həbsdə saxlanılan AXCP üzvü, Rahib Hacıyevin dünən müraciəti yayılıb. Nə ad verilməsindən asılı olmayaraq, bu, zorakılıqla yazdırılan növbəti ərizədir. Illərdir ki, hökumət bu ləyaqətə sığmayan yanaşmanı siyasi məhbuslara münasibətdə tətbiq edir. Bu, kobud qanun pozuntusudur. Çünki qanun insanı öz iradəsinə zidd ifadə verməyə məcburiyyəti qadağan edir, xüsusən də özünə iftira atmağı…
Rahib Hacıyev xüsusən “facebook”da yazdığı kəskin tənqidi statuslarına görə şərlənərək həbsə atılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham olunur. Bu maddədə külli miqdarda narkotik saxlama, daşıma, göndərmə və ya satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Rahib Hacıyevin yazdığı əfv ərizəsində bu maddədə göstərilən hərəkətlərin heç birindən heç ötəri formada da bəhs olunmur. Yəni, “etiraflarında” bircə kəlmə də “narkotik əldə etmərəm, saxlamaram, daşımaram və ya satmaram” demir, yazmır. Bəs o, hansı əməlindən peşmandır, nəyə görə əfv istəyir?
“Əfv ərizəsində” göstərilir ki, AXCP özünün maddi və siyasi mənafeyi üçün Rahibin siyasi təcrübəsizliyindən sui-istifadə edib, ondan yararlanaraq, özünə dividend qazanıb.
Əstəğfürullah, belə çıxır ki, partiya öz gənc fəalının naşılığından istifadə edərək onu narkoticarətə qurşandırıb?
Belədirsə, onda əfvdən yox, daha geniş miqyaslı cinayət işinin başlamasından söhbət getməlidir. Hüquq-mühafizə orqanları yubanmadan araşdırma aparmalıdır ki, bu nə rüsvayçılıqdır?!
Rahib Hacıyev yazır: “Mən cəza çəkdiyim müddətdə aldandığımı, etdiyim səhvin həyat təcrübəmin azlığının nəticəsi olduğunu artıq başa düşmüşəm və özümü tam islah olunmuş hesab edirəm”.
Bu cümlələrdən də görünür ki, ona ərizə yazdıranlar özləri də bilmədən “xoruzun quyruğunu” aşkar ediblər. Aydın olur ki, Rahibin həbsi ona verilən maddədə göstərilən əməlləri törətdiyinə görə deyil, düşüncələrinə, siyasi fəaliyyətinə görə baş verib.
Mümkündür ki, bu ərizədən sonra Rahibin azadlığa qovuşacağı yol asanlaşsın. O da mümkündür ki, gün gələcək, Rahibin bu məktubu da unudulacaq. Ancaq heç zaman unudulmayacaq bir şey qalacaq: Azərbaycan hakimiyyətinin əli-qolu bağlı adamlara qarşı namərd davarnışı. Bu və bunun kimi yazdırılan ərizələr siyasi hakimiyyətin “üz qarası” olaraq tarixdə yer tutacaq.
Və o da şübhəsizdir ki, bu cür mənəviyyata, insanlığa zidd əməllərə rəvac verənlərin yazacağı heç bir əfv ərizəsini tarix və cəmiyyət qəbul etməyəcək.