Rəşid Hacılı: «Bu, onun hazırkı hakimiyyət tərəfindən təqiblərə məruz qaldığının etirafıdır»
Keçmiş millət vəkili və bəstəkar Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb. Bu barədə H.Abdullayev “Azadlıq” qəzetinə göndərdiyi məktubda bildirib. Məktubda deyilir:
“Hörmətli həmvətənlər, dəyərli dostlar. Buradan, mühacir həyatı yaşadığım Almaniyadan bütün Azərbaycan xalqını, əziz bacı-qardaşlarımı səmimi qəlbdən salamlayıram. Sizlərə məlumat verirəm ki, artıq mənə Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib. Təməl insan haqlarının qorunması istiqamətində tutduğu ədalətli mövqeyə və Avropa dəyərlərinə daim sadiq qaldığına görə Almaniya hökumətinə, eləcə də Almaniya Bundestaqının deputatlarına media vasitəsilə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, H.Abdullayev Azərbaycanda siyasi təqib və repressiyaya məruz qalandan sonra Almaniyaya mühacirət edib. O, Almaniyadan da Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidlərini davam etdirib. H.Abdullayev öz ölkəsində siyasi təqibə məruz qaldığından ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib. Almaniya hökuməti onun müraciətini araşdırıb və sonda məsələ müsbət həll olunub.
Bəs bundan sonra H.Abdullayev Almaniyadan siyasi sığınacaq aldıqdan sonra bu onun barəsində elan olunan beynəlxalq axtarışa necə təsir edəcək?
Məsələ ilə bağlı ekspert qismində Rəşid Hacılının fikirlərini öyrəndik. R.Hacılı bildirdi ki, əgər bir şəxsin barəsində beynəlxalq axtarış elan edilməsi üçün lazımi bütün sənədlər təqdim olunubsa, Interpol üzvü olan ölkələrin hamısı bu məqamı nəzərə almalıdır: “Amma axtarışın elan olunmasından sonra şəxsin saxlanılaraq ölkəsinə qaytarılması üçün təqdim olunan sənədlər yetərincə əsaslı olmalıdır. Əgər orada hər hansı siyasi motivlər varsa, o zaman bütün hallarda axtarış nəzərə alınmayacaq. Yəni Hüseyn Abdullayev beynəlxalq axtarışa verilə bilər, onun barəsində müxtəlif ölkələrə sorğular göndərilə bilər. Amma həmin ölkələr onun Azərbaycanı siyasi motivlərə görə tərk etdiyini nəzərə alacaqlar”.
R.Hacılı onu da bildirdi ki, Almaniyanın H.Abdullayevə siyasi sığınacaq verməsi artıq onun siyasi qaçqın oldğunun və hazırkı hakimiyyət tərəfindən təqiblərə məruz qaldığının etirafıdır.
Xəyal


