“Azərbaycana maraq çoxalacaq”

Alexandros Petersen: «Amerika gələcək Azərbaycanın daha demokratik olması üçün çox işlər görə bilər»

 

Henry Cackson Cəmiyyətinin araşdırmalar üzrə direktoru Aleksandros Petersen “Amerikanın səsi” radiosuna müsahibəsində Amerika-Azərbaycan əlaqələrindən və Amerikanın Cənubi Qafqazda yürütdüyü siyasətdən söz açıb.
“Zənnimcə, hazırda ABŞ-ın başı Liviyaya qarışıb. Habelə Misir, Tunis, Bəhreyn və Yəməndə cərəyan edənlər də başlıca narahatlıq mənbələridir. Burada ABŞ istədiyimiz qədər demokratik olmayan liderlərlə münasibətlərini müəyyənləşdirməyə çalışır. Hələlik, bu qayğılar Yaxın Şərqdən kənara çıxmayıb. Lakin yəqin ki, çıxacaq. Və Azərbaycana da qarşıdan gələn həftələr və aylarda maraq çoxalacaq. Eləcə də, Ermənistana. Azərbaycandakı vəziyyətə gəldikdə, hesab edirəm ki, ABŞ-ın hazırda görə biləcəyi başlıca işlər sivil cəmiyyəti inkişaf etdirmək, ədliyyə islahatlarına səy göstərmək və jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirməsi üçün onlara təlim keçməkdən ibarət ola bilər. Amerika gələcək Azərbaycanın daha demokratik olması üçün çox işlər görə bilər”.