Gömrükdə 10 milyard dollar necə yeyilib?

«İdxalın böyük hissəsi qeydiyyata salınmır»

Qubad İbadoğlu: «Azərbaycanın istehlak bazarının 18 faizi daxili istehsal hesabına ödənilir»

Rəsmilər ölkə iqtisadiyyatı ilə bağlı rəqəmləri nə qədər şişirtsə də, real vəziyyət bunun həqiqətə uyğun olmadığını  üzə çıxarır. Bu günlərdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun ölkəmizin kənd təsərrüfatı məhsulları idxalçısından ixracçısına çevrildiyini deməsi də reallığa uyğun deyil. Belə ki, nazir müavini Azərbaycanın daxili istehsal hesabına dənli bitkilərlə 76, quş əti ilə 74, ətlə 94, kərə yağı ilə 83, süd və süd məhsulları ilə 85, unla 94, şəkərlə 150, tərəvəzlə 102, meyvə ilə 127 faiz özünü təmin etdiyini bildirib. Lakin bazara nəzər saldıqda tam fərqli mənzərənin şahidi oluruq. Yerli istehsalçının bazara çıxardığı məhsulların dəqiq həcmini müəyyənləşdirmək mümkün deyilsə də, bunun Aslan Aslanovun göstərdiyi rəqəmlərə uyğun olmadığını demək çətin deyil. Bunun üçün sadəcə olaraq dükan və bazardakı məhsullara baxmaq kifayət edir.
Əldə etdiyimiz məlumatlara görə, bu rəqəmlərin ortaya çıxmasının əsas səbəbi Gömrük Komitəsinin ölkəyə daxil olan məhsulların bir qismini qeydə almamasıdır. Rəsmilərin açıqladığı rəqəmlər isə həqiqəti tam əks etdirmir. Bu səbəbdən də bazarda olan məhsulların ümumi həcmindən gömrükdə qeydə alınan malların həcmini çıxandan sonra yerdə qalan məhsullar yerli istehsalın ayağına yazılır. Bu da nəticədə hökumətin növbəti yalançı statistikasına çevrilir.
Bəs rəqəmlərin bu dərəcədə şişirdilməsinin arxasında hansı məqsəd dayanır?
Azərbaycanın kənd təsərrüfatında ciddi problemlərin olduğunu deyən Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu daxili bazarın yerli məhsullar hesabına təmin olunmasının mümkünsüzlüyündən danışdı: “Ərzaq məhsullarının mənşəyini bilmək çox çətin məsələ deyil. Əvvəla, Azərbaycanda kərə yağının 83 faizini öz imkanlarımız hesabına təmin etmək mümkün deyil. Çünki kənd təsərrüfatında çox ciddi problem var. Yerli yağın istehsal xərci xaricdən gətiriləndən çox baha başa gəlir. Başqa sahələrdə də vəziyyət eynidir. Məsələn, bir kiloqram kərə yağı almaq üçün 20 litr süd tələb olunur. 20 litr südün maya dəyəri 10 manatdır. Bunu yağa çevirmək üçün əlavə emal xərci çəkilməlidir. Eyni zamanda tədarük, satış xərcləri var. Belə çıxır ki, normal qaydada alınmış yerli kərə yağının qiyməti bazarda 12 manatdan ucuz ola bilməz. Ancaq bu gün Azərbaycanda mağazalarda 6 manata, 5 manata, hətta bəzən 3-4 manata Rusiyadan, Baltikyanı ölkələrdən, Yeni Zelandiyadan gətirilən yağlar var. Bu halda yerli istehsalçının təklif etdiyi yağı heç kim almaz. Yəni, daxili bazarı yerli məhsullar hesab etmək mümkün deyil”.
Ekspert xərclərin çox olması səbəbindən böyük xərc tələb edən məhsulların istehsalının zəif olduğunu da qeyd etdi: “Ən böyük problemimiz az zəhmət, bacarıq tələb edən məhsulların istehsalından orta və yüksək bacarıq tələb edən məhsulların istehsalına keçməkdir. Süd, yumurta barədə danışmaq olar. Ancaq digər məhsullarla bağlı deyilənlərlə razılaşmaq olmaz”.
Q.Ibadoğlu Azərbaycanın istehlak bazarının xarici bazarlardan asılı vəziyyətdə olduğunu vurğuladı: “Bizdə 7 mlrd. manat səviyyəsində idxalın mövcudluğundan söhbət gedir. Amma Iqtisadi Tədqiqatlar Mərkəzi olaraq apardığımız hesablamalar göstərdi ki, 2003-2009-cu illər arasında 16 ölkənin Azərbaycana ixracatı ilə Azərbaycanın o ölkələrə idxalı arasında fərq 10 milyard 549 milyon dollar səviyyəsindədir. Idxal kifayət qədər yüksəkdir. Onun böyük hissəsi qeydiyyata salınmır. Hətta qeydiyyata alınanları nəzərə alsaq, Azərbaycanın istehlak bazarının 18 faizi daxili istehsal hesabına ödənilir. Bu gün ağızdolusu daxili bazarda yerli məhsulların təminatından danışmağa dəyməz. Bunu danışanlar özlərinin menyusuna baxsınlar, görsünlər ki, danışdıqları ilə gerçəklik arasında nə dərəcədə fərq var”.

Fizzə