Eynulla Fətullayev Zakir Qaralovun üzr istəməsini tələb edir
2007-ci ildən həbsdə olan jurnalist Eynulla Fətullayevin baş prokuror Zakir Qaralova qarşı qaldırdığı iddiaya martın 29-da Səbail Rayon Məhkəməsində baxılacaq. Məlumatı “Media forum” saytına vəkil Anar Qasımov verib. Onun sözlərinə görə, işə hakim Elnur Həsənov baxacaq.
Eynulla Fətullayevin iddia ərizəsi “Təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə üzr istənilməsi tələbinə dair” adlanır. Vəkilin sözlərinə görə, prosesə Eynulla Fətullayevi gətirmək mümkün olmayacaq.
Ali Məhkəmə Plenumunun onun üzərindən terrorçuluqla hədələmə ittihamının götürdüyünü xatırladan məhbus jurnalist iddia ərizəsində bunları qeyd edib: “Həm Avropa Insan Hüquqları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilib ki, barəmdə qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında mənim təqsirsizlik prezumpsiyası hüququmu pozub, ictimai rəydə əvvəlcədən təqsirli olmağıma dair mütləq fikir yaradıb.
Zakir Qaralov fiziki şəxs deyil, o, Azərbaycan Respublikasının baş prokurorudur. Ona görə də onun dilindən səslənmiş ifadə istintaqın gedişinə prosessual nəzarəti həyata keçirən Respublika Prokurorluğunun mövqeyinin ifadəsi kimi qiymətləndirilməlidir.
Təqsirsizlik prezumpsiyası hüququmu pozmuş Respublika Prokurorluğu məndən rəsmi qaydada üzr istəməli, baş prokuror Zakir Qaralov şəxsən mətbuat qarşısına çıxaraq aşağıdakı məzmunda üzrxahlıq mətni səsləndirməlidir: “Mən baş prokuror Zakir Qaralov 31 may 2007-ci ildə mətbuata verdiyim açıqlamada Eynulla Fətullayevə qarşı ədalətsiz münasibət sərgiləyərək ona şər atdığıma və onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğuma görə Eynulla Fətullayevdən, Azərbaycanın hüquq ictimaiyyətindən, yerli və beynəlxalq insan haqları təşkilatlarından səmimi qəlbdən üzr istəyirəm və söz verirəm ki, bir daha baş prokuror vəzifəsində işləyəcəyim müddətdə vətəndaşların təqsirsizlik prezumpsiyası hüququnu pozmayacam”.