Ekspertlər vitse-spikerə hüquq dərsi keçdi

Hüquqşünaslar Ziyafət Əsgərovun təşəbbüsünü yersiz sayır

“Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında” qanun layihəsi üzərində ciddi iş gedir”. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Əslində cinayət Məcəlləsində prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi norma var və bu, işləkdir. Eyni zamanda Konstitusiya da prezidentin toxunulmazlığına zəmanət verir. Ancaq Ziyafət Əsgərov hesab edir ki, yeni qanun xüsusi əhəmiyyət kəsb edəcək və qanun layihəsi özü tərəfindən hazırlanır.
Diqqətli oxucular xatırlayır ki, bu məsələ ilk dəfə Cəmil Həsənlinin teledebatlarda ölkə başçısını kəskin tənqid etməsindən sonra gündəmə gəldi. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə irqindən, millətindən, dinindən, siyasi partiyalara mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Belə olan halda prezidenti ayrıca bir subyekt kimi təqdim etmək düzgün deyil.
Ancaq, yuxarıda qeyd etdiyimiz kimi, prezidentin şərəf və layaqətinin qorunması Konstitusiya va Cinayət Məcəlləsində öz əksini tapıb. Bu halda yeni qanun layihəsinin hazırlanmasına nə ehtiyac var?

«Belə bir qanun layihəsinə ehtiyac yoxdur və bu təşəbbüs bəzi adamların yarınmaq cəhdidir»

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur və bu hallar kimlərinsə prezidentə yarınması kimi qiymətləndirilə bilər: “Konstitusiyanın 106-cı maddəsi prezidentin, onun ailəsinin toxunulmazlığına təminat verir. Cinayət Məcəlləsinin 223-cü maddəsi isə prezidentin şərəf və ləyaqətinin alçaldılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Hesab edirəm ki, Cinayət Məcəlləsində belə bir maddənin nəzərdə tutulması, Konstitusiyanın 25-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, 25-ci maddəyə görə, əqidəsindən, siyasi mövqeyindən, vəzifəsindən, dinindən asılı olmayaraq hamı qanun və məhkəmə qarşısında bərabərdir. Ona görə də cinayət məcəlləsində ayrıca bir maddənin nəzərdə tutulması qanunsuzdur. Prezident də Azərbaycan Respublikasının vətəndaşıdır və Azərbaycan vətəndaşlarının şərəf və ləyaqəti Konstitusiyanın 46-cı maddəsi ilə qorunur. Belə bir layihənin hazırlanması qəbuledilməzdir və bəzi adamların yarınmaq, yaltaqlanmaq cəhdidir”.

«Belə bir təşəbbüsün hüquqi əsası yoxdur və krallıq ənənələri kimi qiymətləndirilir»

Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı hesab edir ki, belə bir təşəbbüs bütün hallarda tənqid obyektinə çevriləcək və krallıq dövrünün ənənəsi kimi qiymətləndiriləcək: “Belə bir qanun layihəsinə niyə ehtiyac olduğunu və bunun zəruriliyini bu təşəbbüsü verənlər izah etməlidir. Hesab edirəm ki, belə təşəbbüs ”ayı xidməti”nə oxşayır və ciddi tənqid gətirəcək. Və bu tənqidlər birbaşa prezidentə qarşı yönələcək. Bu kimi hallar sivil ölkələrdə krallıq ənənəsi kimi qiymətləndirilir və belə bir qanun layihəsinə ehtiyac yoxdur. Bunun hüquqi və praktiki baxımdan heç bir mənası yoxdur”.

Ilham Hüseyn