AXCP-yə güclü axın var

Fuad Qəhrəmanlı: «Son 3 ayda 500-ə yaxın yeni üzv qəbul olunub»

Azərbaycan Xalq Cəbhəsi Partiyasına maraq artmaqdadır. Son aylarda partiyaya üzv olmaq üçün müraciət edənlərin sayı çoxalıb. Partiyaya üzv olmaq üçün təkcə paytaxtda deyil, rayonlarda da müraciət edənlərin sayı artıb.
AXCP-nin Yevlax rayon təşkilatının sədri Şəkər Isgəndərli deyir ki, son 15 gün ərzində 41 nəfər partiyaya üzv qəbul olunub: “Yeni üzvlər arasında qadınlar, gənclər də var”. Ş.Isgəndərli bildirir ki, Ictimai Palata yarandıqdan sonra ümumiyyətlə, partiyalara maraq güclənib: “AXCP-yə isə maraq daha çox artıb. Üzv olmaq istəyənlərin bəziləri əvvəllər hərəkatda olub sonradan passivləşən insanlardır. Ictimai Palataya üzv olmaq üçün də bizə müraciət edənlər çoxdur. Ora əsasən ziyalılar, müxtəlif təşkilatların rəhbərləri üzv olmaq istəyirlər”.
AXCP-nin Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə deyir ki, son 1 ayda 100-dən çox gənc partiyaya üzv qəbul olunub: “Dünyada və ölkəmizdə baş verən son proseslər gənclərin siyasi aktivliyini artırıb”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə qəzetimizə açıqlamasında bildirib ki, son 3 ay ərzində AXCP-yə 500-ə yaxın yeni üzv qəbul olunub. Yeni üzvlərin yarıdan çoxu gənclərdir: “Üzv olmaq üçün müraciət edənlərin sayı hər ay artır. Tutaq ki, fevral ayında keçirilən müşavirədə partiya sədri şəxsən 50 nəfərə üzvlük vəsiqəsi veribsə, martın 15-də keçirilən müşavirədə 100 nəfərə partiya sədri şəxsən vəsiqə verib”.

Elmin Həsənli