“Azərsu”da 300 milyon müəmması

Oğuz-Qəbələ-Bakı su kəmərinin «əlavə xərcləri» barədə heç bir məlumat verilmir

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətini beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Bu barədə “Azadlıq”a təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Mirvari Qəhrəmanlı bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı torpaq sahələrindən istifadə edilən 4000 vətəndaşa kompensasiya ödənilmir: “4000 nəfər torpaq mülkiyyətçisinin haqqını ödəmirlər. Mülkiyyətçilərlə müqavilə bağlanmadı, alqı-satqı əməliyyatı aparılmadı. ”Azərsu”ya qarşı qaldırılan məhkəmə iddiaları davam edir. Məhkəmə tarixində görünməmiş proseslər gedir, bir mülkiyyətçinin iddiasına 2 ildir baxılır. “Azərsu” məhkəmənin gedişinə müxtəlif vasitələrlə müdaxilə edir. Buna görə də cəmi 4 nəfərin kompensasiyası ödənilib. Mülkiyyətçilərin haqqı ödənilmədiyinə görə Avropa Məhkəməsinə müraciət etməyi düşünürük”.
Mirvari Qəhrəmanlı bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin smeta dəyəri 480 milyon manat olub. Lakin layihənin icrası 700 milyon manata başa gəlib: “Aydın deyil ki, 300 milyon əlavə vəsait hara xərclənib. Bizim təşkilatımız da daxil olmaqla bir neçə QHT Hesablama Palatasına müraciət edərək layihə ilə bağlı audit aparılmasını istədi. Lakin Hesablama Palatası müraciətimizə reaksiya vermədi. Layihəyə ayrılan 300 milyon manatın hara sərf olunduğunu öyrənmək istəyirik. Qeyd etdiyim kimi vətəndaşların haqqı da ödənilməyib. Bəs pullar hara yoxa çıxıb? Bu 300 milyon manatın yerini hələ də axtarırıq”.
Məlumat üçün deyək ki, Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildir ki, istifadəyə verilib. Kəmər Oğuz, Qəbələ, Göyçay, Ismayıllı, Ağsu, Şamaxı, Hacıqabul və Abşerondan keçir.
Layihənin sifarişçisi “Azərsu” ASC-dir.