Hollandiya dış işlər baxanlığının ortaya çıxardığı hesabata görə, 2012-ci ildə Azərbaycanda 20 min dustaq olub. Hesabatda göstərildiyi kimi, bu, başqa Avropa Şurası ölkələrilə tutuşdurmada (100 min adama düşən dustaq sayı baxımından) iki qat artıqdır. Anormal görsənişdir. Ortada Avropa Şurası ölkələri üçün anormal sayılacaq başqa görsəniş ölkədə 142 siyasi dustaq olması faktıdır.
Bugünlər Gülər Əhmədovanın məhkəməsi də içində olmaqla, Bakıdan Şəkiyədək bütün ölkə boyunca siyasi məhkəmələr gedir. Bu məhkəmələrin hamısı bir yanadır, G.Əhmədovanın məhkəməsi bir yana. G.Əhmədovanın məhkəməsini çıxmaqla, bu siyasi xarakterli məhkəmələrin hamısı, qısaca desək, insan hüquqları məhkəməsidir. Bunların hamısındakı suçlamalar bütünlüklə qondarma xarakter daşımaqla rejimin korrupsioner-repressiv xarakterindən doğan məhkəmələrdir. Başqa cür desək, bu məhkəmələri rejimin xarakteri stimullaşdırır.
20 ildən bəri bütün seçkilərin saxtalaşdırılması demokratik dəyərlərin, ayrıca olaraq insan hüquqlarının bütünlüklə tapdanmasına gətirib çıxarıb. Bu isə mənliyini itirməmiş yurddaşla dövlət arasında getdikcə dərinləşən, barışmaz xarakter alan konflikt faktoruna çevrilib. Yurddaşı özünün düşməninə çevirən rejimin, bu rejimin arxalandığı dövlətin, dövlətçiliyin gec-tez uğursuzluğa uğraması qaçılmazdır. Bu uğursuzluğu istər Qurban Məmmədovun məhkəməsi ilə G.Əhmədovanın məhkəmsinin, istərsə də sonuncunun məhkəməsi ilə başqa siyasi məhkəmələrin tutuşdurmasından, suçlananların davranışlarından açıq görmək olar. Birincilər sonadək rejimi suçlama yolu tuturlar, G.Əhmədova sonadək onu dustağa çevirən rejimə arxa durmaq, onu qorumaq yolu tutdu, indi də bu yolu tutur.
Ortada olan faktlar baxımından gərəkdiyindən qat-qat az iş alan G.Əhmədova bunu da düzgün saymır, məhkəmənin onunla bağlı “ədalətsizliyə” yol verdiyini bildirir. O, indiki rejim prinsiplərinə görə daşdan keçən arqumentdə də bulunur: “Canını dövlətçilik uğrunda qoymuş bir adam üçün bu, çox böyük müddətdir”. Bəlli olduğu kimi, G.Əhmədova məhkəmənin başlanğıcından sonunadək özünü “Heydər Əliyev dövlətçiliyinə sadiq” adam olaraq göstərməyə çalışdı. O da, vəkili də məhkəmənin qərarını “tam ədalətsiz hökm” adlandırırlar. Onlar “çıxışlarımızda qanunlara istinad edib ittihamların əsassızlığını sübut etdik” deyirlər. Vəkilin borcu, nə etməli olduğu bəllidir, buna görə onunla işimiz yoxdur. Aqncaq G.Əhmədovadan soruşmaq gərəkir: bu deyilmi sənin “uğrunda can qoyduğun dövlətçilik?” O dövlətçilik sənin, “uğrunda can qoyan” adamın, “sübutlarını” – suçsuzluq hüququnu tanınmır, tanımaq istəmirsə, hansı dövlətçilikdən danışırsan? Rüşvət-korrupsiya-monopoliya axarında minlərlə yurddaşın hüququqnu tapdayan, Avropa Şurası ölkəsini türmələr, siyasi dustaqlar ölkəsinə çevirən o dövlətçiliyə görə sənə, sənin kimi korrupsioner-repressiv rejim qulluqçularına ayrıca məhkəmə qurulsa necə olar?!
“Ölmüş adamın adından verilən şahid ifadələri, gizli çəkilmiş, montaj olunmuş video sübut kimi qəbul olunub” deyirsən. Birincisi, bu sənin yaradıcılarından olduğun “sonadək sadiq qalacağın” dövlətçiliyin məhkəməsidir. Ikinci, jurnalist Əvəz Zeynallını qarış-quruş audioyazıyla tutdurub 9 il iş verdirəndə hansı qanunlardan çıxış edirdin? “Ailəmin, uşaqlarımın yanına qayıtmaq istəyirəm” deyirsən, 9 il iş verdirdiyin Ə.Zeynallının ailəsini, uşaqlarını niyə düşünmürdün? Az qala 20 ilin deputatı ola-ola. Yoxsa əliyevçi rejim qulluqçuları olaraq, deputat mandatı gəzdirəndə belə, sizlərə xalqın ailəsini, uşaqlarını saymamaq, saya salmamaq düşüncəsi aşılanır? Görünür, belədir. Belə olmasaydı, bu xalq indiyədək bunca repressiyaya, məhkəmə-hüquq özbaşınalığına uğramaz, deputat olaraq çağında sizlər bu gedişi durdurmağa çalışardınız.
E.Avdullayevin bəlli çəkilişlərinin “yalan”, “montaj” olmasına gəlincə, yalançı sizin pulla satın aldığınız ekspertlərdir. Başqa çəkilişlər bir yana, birinci çəkilişlə bağlı hansı “yalandan”, “montajdan” danışmaq olar? O çəkilişdəki deputat G.Əhmədova ilə ilkin məhkəmə prosesinə çıxarılan G.Əhmədova bir-birinə necə də az oxşayır. Ikincidə, başıörtülü, özünün də tez-tez dediyi kimi, namazqılan bir qadın görürük. Birincidəsə, E.Abdullayevin qarşısında deputat adına yaraşmayan davranışda bulunan, “mənə Qaynana deyərlər” deməklə qorxudub ondan istədiyini qoparmağa çalışan kimsə görürük. “Sən nə danışırsan, mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam”. Görünüş də bəlli, səs də.
Bunu bu ölkədə bilməyən çox az adam ola bilər: rejim başçısının tapşırığı ilə 20 ildən bəri bu ölkədə seçki işinin başında bir adam durur – administrator-filosof Ramiz Mehdiyev. Onun seçki fəlsəfəsi çoxdan bütün ölkəyə bəllidir. Buna baxmayaraq, R.Mehdiyevi quruya çıxarmaq istəklərinin arxasında nə dayanır: “Hüquqi baxımdan onun deputat seçkilərilə bağlı səlahiyəti yoxdur”. Burası belədir, ancaq son 20 ildə ölkədəki bütün seçki saxtalaşdırmalarının başlıca olaraq bir adama tapşırıldığı, başlıca olaraq bir adamın əlilə edildiyi hamıya bəllidir. Parlamentin illərdən bəri mandat alveri üzərində formalaşdırılması üzündən dövlət də, dövlətçilik də, qanunlar da çoxdan bir ovuc adamın əlində oyuncağa çevrilib.
G.Əhmədova son sözündə deyir: “Azadlığa buraxılmağım üçün 5 minə yaxın adam müraciət edib. Onların arasında parlamentdən olan yoldaşlarım da var və onlara minnətdaram ki, taleyimə biganə qalmayıblar”. Çox gözəl! Demək, “Əsgər ölümünə son!” aksiyasına görə şərlənərək tutulan NIDAçılar, Ismayıllı olayları ilə bağlı şərələnərək tutulan Tofiq Yaqublu, Ilqar Məmmədov, eləcə də yox yerdən 3 il iş verilən Qurban Məmmədov düşmən düşərgəsindən sayıldığına görə korrupsiya-repressiya dövlətçiliyinin parlamenti üçün onlar PERSONA NON QRATA yerindədirlər. Buna görə onların hamısına bir yerdə parlamentdən 5 deputat səsini çıxarmır.
Zaur Qurbanlının anasına məktubunu oxuduq. Bizlər – Azərbaycanın, Azərbaycan dövlətinin, dövlətçiliyinin suverenliyi uğrunda illərlə çarpışma aparanlar – indi bu dövlətin, dövlətçiliyin əlində “molotov kokteyli” tutan “düşmənlərinə”, “antimilli ünsürlərə” çevrilmişik. Z.Qurbanlının məktubundan da göründüyü kimi, bizim özümüz AYRI adamlar olduğumuz sayaq analarımız da AYRI analardı – indiki durumla barışmayan, indiki Azərbaycanı qanunsuz sayan AYRI AZƏRBAYCAN ANALARI!
Dövlətçilik, antidövlətçilik çarpışmaları
•