YAP-çı deputatın arxayınçılığına əsas varmı?
Fuad Qəhrəmanlı: «Ukraynada baş verən proseslərin postsovet məkanına, o cümlədən Azərbaycana təsiri olacaqdır»
Ukraynada baş verənlər dünya mətbuatı ilə yanaşı Azərbaycan mediasının da gündəmindədir. «Şərq Tərəfdaşlığı»na daxil olan ölkələrdən yalnız ikisi Ukrayna və Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda qeyri-müəyyən mövqe nümayiş etdirməkdədir. Əslində hazırkı hadisələr baş verənə qədər Ukrayna daxildə sabit ölkə təəssüratı yaradırdı. Bu dövlət Azərbaycandan fərqli olaraq Avropa Birliyi ilə daha sıx əməkdaşlıqda idi. Amma buna baxmayaraq Yanukoviçin Brüssel ilə əlaqləri dayandırması Ukrayna cəmiyyətini ayaqlandırdı və hazırda paytaxtın mərkəzi meydanına toplaşan əhali Avrointeqrasiya kursunun davamını tələb edir. Bu baxımdan Ukraynadan fərqli olaraq Azərbaycan cəmiyyətində hakimiyyətdən narazılıq daha qabarıq formada özünü göstərir. Bu baxımdan ekspertlər də hesab edirlər ki, Azərbaycanın da Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməsi toplumumuzda ciddi təlatümlərə gətirib çıxara bilər. Ekspertlərin rəylərinin əksinə olaraq Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov başqa fikirdədir. O, hesab edir ki, Azərbaycanda heç bir hadisə təkrar oluna bilməz, çünki Azərbaycanda xalq ilə iqtidar bir yerdədir. Bəs görəsən, S.Novruzovun arxayınçılığına ciddi əsaslar varmı? Hakimiyyətin hazırda Avropa Birliyi ilə münasibətlərdə nümayiş etdirdiyi qeyri-müəyyən mövqe, Brüssel ilə əlaqələrin dərinləşdirilməsində maraq göstərilməməsi hansı nəticələrə gətirib çıxara bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Ukraynada baş verən proseslərin postsovet məkanına təsiri olacaqdır. 2003-cü ildə Gürcüstan və Ukraynada baş verən demokratik proseslərin o zaman Azərbaycan cəmiyyətinə təsir etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, hazırda da Ukraynada cərəyan edən hadisələr xalqın öz gücünə, mübarizəsinə inamı artırır: «Xatırlayırsınızsa hələ bir müddət əvvəl Ərəb ölkələrində baş verən hadisələr Azərbaycan cəmiyyətində oyanışa səbəb olmuşdu. Bu gün də Ukraynada baş verən hadisələr Azərbaycan cəmiyyətinin özünə inamın geri qayıtmasına səbəb olacaqdır. Ən başlıca məsələlərdən biri odur ki, avtoritar rejimlərin Avrointeqrasiya prosesini aparmaqda maraqlı olmadıqları aydın oldu. Onların addımları demokratik dəyərlərin sarsılmasına səbəb olacaq. Avtoritar rejimlər Avrointeqresiya siyasətində maraqlı deyillər. Ona görə buradan çıxan nəticə odur ki, xalqla işləmək, onların təşəbbüsünü dəstəkləmək lazımdır. O baxımdan Azərbaycana da münasibətdə mövcud hakimiyyətin Avrointeqrasiya kursu aparacağına inam inandırıcı görsənmir. Ona görə Azərbaycanın Qərbə inteqrasiyasında vacib olan məqəmlardan biri də demokratik dəyişikliklərin olması, demokratik təşəbbüslərin dəstəklənməsidir. Bu baxımdan Qərbin postsovet məkanına, o cümlədən Azərbaycana qarşı davranışlarına təsir edəcək. Ərəb ölkələrində baş verən proseslər ümumiyyətlə Qərbin İslam aləmində cərəyan edən proseslərə yanaşmasını dəyişdi. Ona görə Ukraynada baş verən hadisələr Qərbin keçmiş sovet ölkələrinə münasibətini etkiləyəcək».
Xəyal