“Bakı hazırkı siyasətilə Türkiyəni itirə bilər”

Türkiyənin tanınmış ekspertləri Əliyevlərin Ankara siyasətini “Azadlıq”a şərh etdi

«Rəsmi Bakı Türkiyəyə qarşı aqressiv davranaraq, Qarabağ məsələsində özünün yanlış mövqeyini diqqətdən yayındıra biləcəyini düşünür»

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri zamanı “CNN-Türk” televiziya kanalına verdiyi müsahibədəki fikirlərə kəskin reaksiyalar hələ də davam edir. İsveçrədə imzalanan Türkiyə-Ermənistan protokollarının Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirdiyini, az qala, münaqişənin nizamlanması prosesini dayandırdığını iddia edən Araz Əzimovun söylədiklərinə ilk reaksiya qardaş ölkənin Azərbaycandakı səfiri Hulusi Kılıçdan gəlmişdi. Səfir Araz Əzimovun yanlış fikir səsləndirdiyini bildirmişdi.

“Araz Əzimov bitmiş proses haqqında danışıb”

Bugünlərdə isə “Azadlıq” Türkiyənin tanınmış iki ekspertinin məsələyə münasibətini öyrənib. “21-ci Yüzyıl Türkiye Enstitüsü” Rusiya-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri, doktor Ələsgər Ələsgərli Araz Əzimovun sözügedən açıqlamalarına münasibət bildirərkən, nazir müavininin Türkiyədəki toplantılarda iştirakına diqqəti çəkib: “Nazir müavininin Qarabağla bağlı açıqlamalarında, Azərbaycan-Türkiyə münasibətlərinə dair dediklərində elə bir yeni şey yox idi. ”CNN-Türk”ə müsahibəsini televiziyadan izlədim. Bu açıqlamanın tam doğru olmadığı qənaətindəyəm. Düzəlişə ehtiyac var. Çünki Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışaqlarda heç bir irəliləyiş yox idi ki, Türkiyə bu prosesi əngəlləsin. Bu gün də yoxdur bu irəliləyiş. Azərbaycan-Türkiyə münasibətləri tarixində son iki ildə münasibətlərin gərgin olduğu açıq görünür. Çox şükür ki, bu proses bitdi. Araz Əzimov özü də bunu deyib əslində. Əgər proses bitibsə, bunu yenidən gündəmə gətirməyin nə mənası var?
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın bu açıqlamalara cavabını da oxudum: “Türkiyənin siyasəti güclü siyasətdir. Mən hər halda onun səhv danışdığını düşünürəm”.
Söhbət Türkiyənin siyasətinin güclü olub-olmamasından getmir. Ortada bir həqiqət var. Türkiyənin Ermənistanla başlatdığı “diplomatik münasibətlər qurma” siyasəti kökündən səhv idi. Hətta Qarabağ problemi olmasa belə, Türkiyənin o şərtlər altında müqavilə imzalaması “güclü siyasət” ifadəsi ilə bir araya sığmır. Nəticədə yenə Türkiyə zərər gördü. Bir siyasi termin var: “Constructive ambiguity” – konstruktiv qeyri-müəyyənlik. Türkiyəli diplomatlar o protokolların mətnini müdafiə edərkən bu ifadəni tez-tez işlədirdilər. Guya, o mətnlərdəki qeyri-müəyyənlik konstruktiv qeyri-müəyyənlikdir və Türkiyə xarici siyasəti bunu öz lehinə yorumlayacaq. Ancaq bütün bunlar puça çıxdı. O protokolların mətnində “qurucu qeyri-müəyyənlik deyil”, “yıxıcı qeyri-müəyyənlik” hakim idi. Bu mərhələdə təkcə Azərbaycan-Türkiyə münasibətləri korlanmadı, Türkiyə xarici siyasəti də dərin yara aldı. Qısacası, Araz Əzimovun açıqlamarı qismən doğrudur. Konkretləşdirmək lazım gələrsə, Sürix prosesi başladıqdan sonra ermənilər daha rahat hərəkət etməyə başlamışdılar. Bir növ acıq verirdilər Azərbaycana. Türkiyədəki erməni lobbisi də sevincindən uçurdu. Baxışlarından “al sənə ”bir millət, iki dövlət!..” kinayəsi yağırdı. Ancaq Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməməsinin səbəbi bu protokollar deyil. Bu münaqişənin həlli 15 ildən çoxdur ki, süründürülür. Ona görə də Araz Əzimovun söylədiklərini zaman və məkan baxımından hədəfsiz açıqlama olaraq görürəm”.

“Azərbaycanda Qarabağ siyasətinin uğursuzluğundan panikaya düşürlər”

Ankarada fəaliyyət göstərən “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, doktor Həsən Oqtay da rəsmi Bakının Türkiyəyə yönəlik siyasətinin suallarla dolu olduğuna diqqəti çəkib: “Türkiyə-Azərbaycan münasibətləri son zamanlar olduqca ziddiyyətlidir. Rusiya ilə Türkiyə arasındakı əlaqələr hər ötən gün inkişaf etdiyi, hətta iki ölkə arasında viza rejimi aradan qaldırıldığı halda, Azərbaycan-Türkiyə əlaqələri ürəkaçan vəziyyətdə deyil. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ötən günlərdə Türkiyədə rəsmi görüşlərini tamamladıqdan sonra bəzi açıqlamalar verdi. Azərbaycan dövlət təmsilçilərinin Türkiyə-Ermənistan münasibətlərinin inkişafı məsələsində beyinləri qarışıqdır. Qarabağ məsələsində Türkiyənin mövqeyi qəti olduğu halda, Azərbaycan davamlı olaraq Türkiyəni ittiham edir. Bu, əslində, Azərbaycan rəsmilərinin Qarabağ məsələsində yürütdükləri siyasətin yetərsizliyindən və qeyri-sabit olmasından qaynaqlanır. Azərbaycan Qarabağı daxili və xarici siyasətin ana xətti halına gətirib. Xarici siyasət üzrə ortaya qoyulan uğursuzluqdan panikaya düşüblər. Daxili siyasətə yanaşmada Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, Qarabağı bir təzyiq vasitəsinə çevirərək, öncə müxalifəti, sonra da xalqı təzyiq altında saxlayaraq, mövcud iqtidarı davam etdirməyi hədəfə alıblar. Buna görə də Türkiyənin Ermənistanla müzakirələrə başladığı an Azərbaycan panikaya düşməyə başladı”.
Həsən Oqtay deyir ki, əslində, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyən Rusiyadır: “Rusiya Azərbaycan iqtidarını əlində saxlaya bilmək üçün davamlı olaraq Azərbaycanı Ermənistan vasitəsilə qorxudur. Azərbaycan isə Türkiyəni Ermənistan məsələsində təzyiq altında saxlamaq üçün Türkiyənin Azərbaycan sevgisindən istifadə edərək, Türkiyədəki müxalifəti hərəkətə keçirir. Beləliklə də, Rusiya Azərbaycan üzərindən Türkiyədəki müxalifəti nəzarətdə saxlayır. Türkiyədəki müxalifət Rusiya məsələsində olduqca sərtdir. Amma Azərbaycan Türkiyədəki müxalifətin mühüm əhəmiyyət verdiyi, əsla imtina etməyəcəyi bir vəziyyətdədir. Bu, Azərbaycanın xeyrinədir”.
Ekspertin sözlərinə görə, Rusiya Qafqazda Ermənistanı əlindən buraxmadığı kimi Azərbaycanı da bütün sərvətlərilə birlikdə yenidən ələ keçirib: “Başda Azərbaycan xalqı olmaqla, rəsmilər bilirlər ki, Türkiyə Azərbaycanla münasibətlərinə çox önəm verir. Azərbaycan iqtidarı da bu vəziyyətdən sui-istifadə etməkdədir. Azərbaycan Rusiyadan aldığı zərbələrə ən zəif formada cavab vermədiyi halda, Türkiyəyə qarşı olduqca aqressiv davranaraq, Qarabağ məsələsindəki yanlış mövqeyini diqqətlərdən yayındıra biləcəyini düşünür”.
Araz Əzimovun açıqlamalarına gəlincə, Həsən Oqtay düşünür ki, nazir müavini hər kəsin bildiyi məsələdə bir daha Azərbaycanın rəsmi dövlət mövqeyini ortaya qoymuş oldu. “Bakı bu gedişlə həm xalqını, həm də Türkiyə kimi əvəzsiz dostunu itirəcək”, – deyə ekspert vurğulayıb.

İnformasiya şöbəsi