«Bu, dövləti cinayətdir»

Ekspertlər “Global Witness” təşkilatının SOCAR-la bağlı araşdırmasını belə qiymətləndirirlər

SOCAR-dan məsələyə hələ aydınlıq gətirilməyib


“Global Witness” təşkilatı ARDNŞ ilə bağlı apardığı araşdırmanın nəticələrini açılqayıb. Araşdırma ARDNŞ-lə bağlı sensasiya sayılacaq faktlar ortaya çıxarıb. Məlum olub ki, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır. İngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Anar Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Heritage Heritage General Trading FZE şirkətini yaradıb. Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq. SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ “iki beynəlxalq tərəfdaşı ilə birgə” Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun. ARDNŞ-in özəl şirkət deyil, bir dövlət şirkəti olduğu halda bu cür addımlar atması nə dərəcədə qanuna uyğundur və bu fəaliyyət nəticəsində dövlət büdcəsinə nə qədər ziyan dəyir?Mətbuatda dərc olunan məlumatla bağlı ARDNŞ-in rəsmi mövqeyini öyrənməyə çalışsaq da, bir nəticə vermədi. Gün ərzində mətbuat xidmətinə edilən telefon zənglərinə cavab verilmədi.

Nemət Əliyev: «ARDNŞ-də baş verənlərə görə hakimiyyət məsuliyyət daşıyır və bu dövləti cinayətdir»

AXCP İqtisadiyyat Komissiyasının Nemət Əliyev bildirdi ki, ARDNŞ-in rəhbərliyi hazırda dövlətə xeyir prinsiplərindən çox uzaq fəaliyyət göstərməklə məşğuldur. Şirkətin atdığı addımların dövlət vəsaitlərinin mənimsənilməsinə yönəldiyini deyən N.Əliyev vurğuladı ki, Azərbaycanda yalnız ARDNŞ deyil, digər dövlət strukturları, gəlir gətirən şirkətlər də oxşar duruma salınıb: «Dövlət qulluğundan sui-istifadə edilir, idarəçiliyin yaratdığı imkanlar şəxsi sərvətlərin artırılmasına yönəlir. Bütün bunlara görə dövlət rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycanda hazırda elə ictimai-siyasi mühüt yaradılıb ki, ARDNŞ-in rəhbər vəzifələri bölüşdürüləndə əsas məqsəd işin daha effektiv təşkilinə yox, hansı yollarla dövlət vəsaitini daha asan mənimsəyə bilinəcəyinə yönəlib». N.Əliyev vurğuladı ki, artıq bütün dünya Azərbaycanın iri maliyyə vəsaitlərinin təyinatından yayındırılaraq şəxsi ciblərə axıdıldığı barədə səlis məlumata sahib olur: «ARDNŞ-in rəhbər strukturlarında çalışanları ora təyin edənlər baş verənə görə məsuliyyət daşıyırlar. Bu dövləti cinayətdir. Bu xalqa qarşı işlədilmiş cinayətdir. Azərbaycan xalqı böyük ehtiyac içində olduğu halda dövlətin maliyyə vəsaitlərini gözdən yayındırıb, gizlətmək yolverilməzdir. Offşor zonalarda şirkətlər yaradaraq neft vəsaitlərini mənimsəmək yalnız bu hakimiyyət təmsilçilərinin ağlına gələ bilərdi. Bu Azərbaycan dövlətinin başında duranların cinayətidir və heç bir qanuna uyğun gəlmir». 

N.Əliyevin fikrincə, bu tip olay hansı ölkədə baş versəydi xalq dərhal ayağa qalxaraq onun cəzasını verərdi. «İctimaiyyət neft gəlirləri barədə məlumat ala bilməlidir. Neft şirkətinin rəhbərliyi hiyləgərliklə məşğuldur», deyə N.Əliyev vurğuladı. 

Rövşən Ağayev: «Ötən müddətdə dövlət büdcəsindən yayındırılan vəsait yüz milyonlar, milyardlarla ölçülməlidir»

İqtisadçı Rövşən Ağayev isə vurğuladı ki, Azərbaycanda böyük korrupsiya ocaqlarından birinin məhz ARDNŞ olduğu hamıya məlum idi. ARDNŞ-in dövriyyəsindən iri pulların gizlədilməsi faktlarının bir qədər çətin sübuta yetirilən məsələlər olduğunu deyən R.Ağayev vurğuladı ki, amma sözügedən araşdırma bu istiqamətdəki yeyintiləri ortaya qoyub: «Global Witness”in açıqlaması göstərdi ki, ARDNŞ-in pulları ayrı-ayrı şəxslərin maraqlarına uyğun olaraq necə dövriyyədən çıxarılır. Burada bir neçə vacib sual meydana çıxır. Dünyada iri bir şirkət olan ARDNŞ nəyə görə şirkətlər yaradaraq daşınmanı özü həyata keçirmir? Bu işə offşor zonada qeydiyyatdan keçmiş bir şirkət bu işə cəlb olunur? Yaxud ARDNŞ-i nə vadar edir ki, hasilatın pay bölgüsü sazişlərində müəyyən məmurlara yaxın şirkətlə müqavilə imzalanır? Bütün bunlar göstərir ki, sadəcə olaraq həmin vəsaitləri yayındırmağa, kənar ciblərə  axıtmağa ehtiyac var. İkinci sual odur ki, əgər nəql, hasilatın pay bölgüsü üçün hər hansı başqa şirkəti cəlb etməyə ehtiyac var, nəyə görə bunu qapalı şəkildə həyata keçirirlər? Bu sualların cavabı açıq qalır».

R.Ağayev vurğuladı ki, 2012-ci il üçün ARDNŞ-in özünün maliyyə hesabatına görə şirkətin ümumi satış dövriyyəsi 17 milyard, bölüşdürülməmiş mənfəətin həcmi 7 milyard manat olub: «On yeddi milyard satış dövriyyəsi olan şirkət dövlət içində dövlət deməkdir. Ona görə biz hesab edirik ki, ARDNŞ-ə daha sərt vergi siyasəti tətbiq edilməlidir. On yeddi milyard satış dövriyyəsi olan şirkət büdcəyə cəmi bir milyard yarım vergi ödəyib. Bundan başqa neftdən gələn gəlirlərin yayındırılması da nəzərə alınmalıdır. Təkcə Anar Əliyevin adına bağlı olan şirkətin 120 milyon manat gəliri olub.  Anar Əliyevin adına bağlı olan şirkətlər ARDNŞ-lə 48 saziş imzalayıblar. Dövlət büdcəsindən nə qədər vəsaitin yayındırıldığı məlum deyil. Amma məlum olan odur ki, burada söhbət yüz milyonlardan, milyardlardan gedir». 

Zöhrab İsmayıl: «Azərbaycan Dövlət Neft Şirkətinin bütün fəaliyyəti açıq olmalıdır»

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri üzrə QHT Koalisiyasının koordinatoru Zöhrab İsmayıl “Media forum” saytına açıqlamasında bildirib ki, “Global Witness”in araşdırmasında göstərilir ki, ARDNŞ neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşılarkən tender keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçildiyi, ortaqların kimliyi belə müəmma olaraq qalır. Z.İsmayıl bildirib ki, ARDNŞ indiyə kimi araşdırmada ortaya çıxan faktları açıqlamalı idi: “ Dövlət Neft Şirkəti ilə bağlı bütün məlumatlar, o cümlədən onun bütün törəmə şirkətlərinin səhmdarları açıqlanmalıdır. Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin yeni qaydalarında bu, tövsiyə xarakteri daşıyır. Ancaq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə çoxtərəfli qrup bu tələbi şirkətlər üçün məcburi etməlidir”. Z.İsmayıl həmçinin diqqəti Neft Şirkətinin dövlət təşkilatı olduğuna çəkib: “Azərbaycan Dövlət Neft Şirkətinin bütün fəaliyyəti açıq olmalıdır. Bunu “İnformasiya əldə etmək haqqında” qanun da tələb edir. Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin yeni standartları tələb edir ki, Dövlət Neft Şirkəti neft satdığı şirkətlərin adlarını bu il açıqlasın”.

Hikmət