Ötən şənbə sevgili Azərbaycanımızın daxil olmadığı 159 ölkənin naziri bütün gecəni yatmayaraq, dartışaraq, çarpışaraq, danışaraq bir razılaşmaya nail oldular. Bir gün öncə səhər tezdən başlayan iclası sabahısı gün sübh şəfəqləri altında bitirən nazirlər 20 ildən sonra çoxtərəfli sazişi imzalaya bildilər.
Tarixi gün gəldi. Indoneziyanın Bali əyalətində sadələşdirilmiş ticarət məsələlərini əhatə edən paket sənədlərdən ibarət müqavilənin rəsmiləşməsi hər yanda böyük nikbinlik yaradıb. Dünya mediası bu hadisəni “çox sayda pis xəbərlər içərisində sevinc xəbəri” kimi təqdim edib. Söhbət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvlərinin imzaladığı sazişdən gedir…
Imzalanan razılaşma bütün dünyada çox sayda yeni iş yerlərinin açılması, yoxsulluğun yox edilməsi, kənd təsərrüfatının inkişafı, elektron ticarətin tənzimlənməsi, ədalətli rəqabət, monopoliyanın aradan qaldırılması və ən nəhayət KORRUPSIYAnın ləğvi kimi istiqamətlərdə böyük uğur gətirəcək. Iqtisadçıların proqnozlarına görə, bu razılaşma ən yaxın vaxta qlobal ÜDM-in 1 trilyon əlavə artım deməkdir.
Amma Azərbaycan bu qlobal tarixi olaydan nə xəbər tutdu, nə də bu hadisənin Azərbaycana dəxli olmadı. Çünki Azərbaycan illərdir ÜTT-ə üzv olmaqdan yayınır. Neft pullarının kölgəsində gizlənən rejim bu təşkilata daxil olmaqdan yayınaraq özünün böyük cinayətlərini davam etdirir. Deyə bilərsiniz: necə?
Benzinin qiymətini gizlincə qaldıran, prezidentin andiçmə mərasimini xəlvətcə keçirən Azərbaycan hakimiyyəti öz xəlvəti və gizlin işlərini davam etdirmək üçün ÜTT-yə üzv olmur. Çünki bura daxil olan ölkənin bütün ticarət dövriyyəsi şəffaf olmağa məhkumdur. Bundan sonra birbaşa və ya dolayısı ilə ölkədəki korrupsiyanın bir çox izlərini asanlıqla tapmaq olur.
Məsələn, ölkəmizə hansı maldan nə qədər gəldiyini biz bilmirik. Dəfələrlə bu sahədə cinayətlərin izi ortaya çıxıb. Məlum olur ki, filan ölkədən il ərzində Azərbaycana gələn malların dövriyyəsi bizdə qeyd olunandan dəfələrlə çoxdur. Yəni küllü miqdarda idxal gömrükdən yayındırılır və onun rüsumu mənimsənilir. Yaxud ölkədən çıxan neft məhsullarının həcmini heç cür bilmirik. ÜTT-ə daxil olmaq bu sahədə mövcud olan cinayətlərin qarşını almağa köklü səbəb olardı.
Korrupsiyanı və inhisarçılığı sürdürməkdə, qanunsuz yolla böyük paralar qazanmaqda israrlı olan Əliyevlər rejimi ölkəni ÜTT-dən yayındırmaqla ölkəyə böyük zərərlər vurur, bütün dünyada rəqabətə tab gətirəcək iqtisadiyyatımızın yaranmasının qarşısını alır.
Azərbaycanın neft gəlirləri böyük şansdır və ÜTT üzvü olmaq ölkədə qeyr-neft sektorunun inkişafına geniş imkanlar yarada bilər. Bunu heç bir iqtisadçı şübhəyə almır. Eyni zamanda Azərbaycan qeyri-neft sərvətlərini və məhsullarını dünya bazarlarında yüksək qiymətə sata bilər. Hazırda Azərbaycan kənd təsərrüfatına külli miqdarda subsidiyalar ayırır, amma kənd təsərrüfatında heç bir inkişaf yoxdur. Əksinə, geriləmələrdən danışmaq olar. Həmin subsidiyalar korrupsiya mənbəyi olmaqdan başqa heç nəyə yaramır. Fermerlər öz məhsullarını normal qiymətə sata bilmir deyə, bəzən onların bol məhsulu da xeyir gətirmir. ÜTT üzvü olmaq bunu aradan qaldıracaq, rəqabətə davam gətirəcək istehsalın yaranmasına yol açacaq.
Amma hakimiyyət ən fərqli bəhanələrlə ÜTT-ə daxil olmaqdan yayınır. Son bəhanə də elə kənd təsərrüfatına ayrılan subsidiyaların tənzimlənməsi ilə bağlıdır. Guya bu subsidiyalarla nəyəsə nail olmuşuq. Nəticə budur ki, bütün dünyanın sevinclə qarşıladığı bir tarixi razılaşmada biz yoxuq.
Azərbaycan o tarixi hadisədən xəbər tutmadı
•