İsa Qəmbərin istinad etdiyi rəqəm doğru deyil

İbrahim İbrahimli: «MSK-ya istinad etmək obyektivliyi əks etdirmir»

Anar Məmmədli: «Azərbaycan gerçəkliyində MSK-nın elan etdiyi rəqəmlərə istinad etmək yersizdir»

Müsavat başqanı Isa Qəmbərin “Azadlıq” radiosunda “Işdən sonra” proqramında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin prezident seçkisində 200 min civarında səs topladığı ilə bağlı fikri mətbuatın diqqətindədir.
I.Qəmbər açıqlamasında MSK-nın elan etdiyi rəsmi rəqəmlərə yaxın mövqedən çıxış etməsi də birmənalı qarşılanmayıb: “Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu, cəsarətli, intellektual bir şəxsiyyəti kəşf etdi, əslində bir siyasi xadim kimi bu il – vahid namizəd kimi müəyyənləşdirərək seçkiyə getdik və yenə də 200 min civarında səs aldıq. Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir”.
Cəmil Həsənli isə bununla bağlı vurğulayıb ki, 2013-cü ildə keçirilən prezident seçkisində seçici fəallığı 20 faiz olub. Bunun da 65 faizinin səsini mən almışam. Bu baxımdan prezident seçkisində 200 min civarında səs almağımla bağlı deyilənlər həqiqətə uyğun deyil.
Milli Şuranın üzvü Vidadi Mirkamal isə Modern.az-a açıqlamasında deyib ki, müxalifət partiyalarının seçki ilə bağlı dartışması doğru deyil: “Milli Şuranın vahid namizədinin 65% səs toplaması məsələsi ilə bağlı deyə bilərəm ki, birmənalı qaydada seçkiyə gedənlərin əksəriyyəti, yəni fəal kəsim 20%-dən çox deyil və onlar müxalifətin namizədinə səs verib. Hesablamalar buna əsasən aparılır. Amma əhalinin 80%-i seçkidə iştirak etmədi. Bütün saxtakarlıq da həmin 80%-in üzərində baş verib. Indi bunun dartışması doğru deyil. Bu məsələlər arxada qalıb. Hazırda irəliyə doğru addım atmaq lazımdı. Bunun üçün də güclənməliyik. Seçkidən kənarda qalan əhalinin 80%-ni aktivləşdirmək lazımdır”.
V.Mirkamal Milli Şura daxilində olanların bir-birlərini ittiham etməsinə təəssüfünü qeyd edib: “Orada olan qüvvələr lazım olmayan məsələləri müzakirəyə çıxarırlar. Bütün bunlara son verilməlidir”.

Milli Şuranın üzvü Ibrahim Ibrahimli hesab edir ki, ekspertlərin, siyasətçilərin Azərbaycanda keçirilən prezident seçkilərinə rəy verərkən MSK-nın rəqəmlərinə istinad etməsi obyektivliyi əks etdirmir. Çünki Azərbaycanda seçkilərin saxtalaşdırılması səviyyəsinin hamıya bəlli olduğunu deyən I.Ibrahimli vurğuladı ki, hər kəs bilir ki, bu seçki saxtalaşdırması vahid mərkəzdən idarə olunur: “Bu rəqəmlər MSK-dan kənardan, seçkiləri birbaşa idarə edən Prezident Administirasiyasından gəlir. Əgər MSK-nın rəyinə istinad etsək, seçkilərdəki rəqəmlərin obyektiv olması ilə razılaşa bilmərik. Bu baxımdan hesab edirəm ki, hazırda bizim əsas diqqətimiz, səylərimiz daxildəki qeyri-legitimliyin beynəlxalq arenaya çıxarılmasıdır. Məncə, bu seçkilərdə Milli Şuranın, Cəmil Həsənlinin ən böyük qələbəsi ondan ibarət oldu ki, biz hakimiyyətin legitimlik problemini daxili müzakirədən beynəlxalq gündəmə gətirə bildik. Artıq aparıcı Avropa dövlətləri, ABŞ Azərbaycanda hakimiyyətin qeyri-legitimlik məsələsini vurğulayırlar”.

SMDTM rəhbəri Anar Məmmədli bildirdi ki, Azərbaycanda belə bir tendensiya var ki, 2003-cü ildən bu günə qədər seçki prosesi ilə bağlı müzakirələr aparılarkən MSK-nın elan etdiyi rəqəmlərə istinad olunur: “Həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki günü ilə bağlı ciddi qanun pozuntularının baş verdiyini elan edirlər. Son illər isə artıq elə bir imkan yaranıb ki, vətəndaşlar özləri də sosial medianın köməkliyi ilə qeydə aldıqları pozuntunu dərhal ictimailəşdirə bilirlər. Yəni belə bir şəraitdə vətəndaşın MSK-nın elan etdiyi rəqəmlərə inanması çətindir. Digər tərəfdən, MSK-nın rəqəmləri ilə bağlı müəyyən araşdırmalar aparmaq olar. Belə araşdırmalar saxtkarlığın artım tendensiyasını öyrənməyə, saxtakarlıqla bağlı mövcud vəziyyəti araşdırmağa yönələ bilər. Amma Azərbaycan gerçəkliyində MSK-nın elan etdiyi rəqəmlərə istinad etmək yersizdir. Ona görə əgər MSK-nın səsvermənin nəticələrinə dair elan etdiyi nəticələr geniş ictimaiyyətdə şübhə doğurursa, bununla bağlı şikayətlər varsa və onlar da araşdırılmırsa, bu rəqəmlərlə bağlı araşdırma aparmaq yersizdir”.
A.Məmmədlinin fikrincə, MSK-nın seçkiylə bağlı şikayətlərə baxmadığı bilindiyi halda bu qurumun elan etdiyi rəqəmlərə istinad edilməsi qeyri-peşəkarlıqdır. Seçki saxtakarlığı ilə bağlı Azərbaycanda geniş yayılmış praktikadan birinin qeydiyyatdan çıxma vəsiqəsilə bağlı olduğunu deyən A.Məmmədli vurğuladı ki, araşdırma zamanı məlum olub ki, bu, seçicilərin səsverməsi məntəqələrdə seçici aktivliyinə 35-40 faiz arası təsir göstərir: “Qeydiyyatdan çıxma vəsiqəsilə səs verən seçicilərin səs verdiyi məntəqələrdə yerli seçicilərin aktivliyi də təxminən 30-40 faiz arası olur. Biz qeydiyyatdan çıxma vəsiqəsilə səsverənlərin sayını çıxdığımız zaman həmin məntəqədə seçici fəallığı 30-40 faiz arası olur”.

Hikmət