Şimon Peres: «Ruhani ilə görüşməyə hazıram. Mənim düşmənim yoxdu. İranı düşmən kimi görmürük»
İsrail prezidenti Şimon Peres iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazır olduğunu açıqlayıb. Peres jurnalistlərin suallarıni cavablandırarkən bildirib ki, İranla “altılıq” ölkələrin arasında gedən müzakirələrin rəsmi Tehranın nüvə silahı istehsal etməsinə əngəl ola biləcəyinə ümid etdiyini bildirib. “İran prezidenti Həsən Ruhani ilə görüşərdinizmi?”,- sualına Peres “Niyə də ki yox? Ruhani ilə görüşməyə hazıram. Mənim düşmənim yoxdu. İranı düşmən kimi görmürük” – deyə cavab verib.
Düşmənliyin şəxsi bir məsələ deyil, siyasətin bir mövzusu olduğunu deyən Peres Fələstinin mərhum lideri Yasir Ərəfatı misal göstərib: “Ərəfatla görüşmək istəmədiyimiz günlər olub. Amma, siyasətini dəyişəndən sonra niyədə görüşməyək? Sülh tərəfdarıyıq və məqsədimiz düşmənləri dosta çevirməkdir”.
İranda hakimiyyətə Həsən Ruhaninin gəlişindən sonra Tehran Qərblə münasibətlərində tam fərqli addımlar atıb. Xüsusilə ABŞ-la İran arasındakı soyuq münasibətlərin aradan qaldırılması, Vaşinqtonun İrana neft hasilatını bərpa etməsini təklif etməsi diqqətə layiqdir. Bu baxımdan İranla İsrail arasında yaşananlar da ümumi mənzərənin tərkib hissəsi sayıla bilər. İranın xarici təsirə qarşı xalqı tam səfərbər etməsi əslində Qərbi Tehrana yönəlik siyasətə yenidən baxmağa məcbur etdi. Yəni əgər rəqibi ram edə bilmirsənsə, onunla əməkdaşlıq yolunu tutaraq siyasətini yürüdə bilərsən. ABŞ vaxtı ilə oxşar siyasəti SSRİ-yə qarşı da aparmışdı. İranın uzun müddət ona tətbiq olunan sanksiyalara duruş gətirməsi seçilən yolun bir o qədər də effektli olmadığını orta qoydu. Digər tərəfdən hazırda İranla baş verən yaxınlaşmadan Amerikanın müttəfiqləri maraqlı görünür. Əslində Peresin bu bəayanatı İsrailin Amerikanın hazırda yürütdüyü siyasətə qarşı çıxmadığını və Vaşinqtona reallaşdırdığı bu addıma da dəstək verməyə hazır olduğunu göstərir. İsrail bununla Amerika münasibətlərində yaşanan müəyyən gərginliyi də aradan qaldırmağa çalışa bilər. Çünki Amerika artıq bir neçə ildir ki, Yaxın Şərqdə reallaşdırdığı siyasətdə İsrailə deyil Türkiyəyə üstünlük verir. Bu üzdən İsrail ABŞ-la münasibətlərdə itirdiyi mövqelərini İranla münasibətləri normalaşdırmaqla qaytarmağa cəhd göstərə bilər.
Xəyal


