Ana Vətən Parrtiyasının sədri, millət vəkili F.Ağamalı mətbuata verdiyi açıqlamada iqtidar-müxalifət dialoqunu yenidən gündəmə gətirib. O, prezidentin redaktorlarla görüşdə dialoqa işarə verən mesajını xatırladaraq müxalif qüvvələri I.Əliyevin legitimliyini tanımağa çağırıb və yalnız bundan sonra dialoqun baş tuta biləcəyini bildirib. Əcəb şərtdir.
Dünyanın Ukrayna adlı məkanında legitim prezident V.Yanukoviç ondan üz döndərən müxalifəti qeyd-şərtsiz dialoqa çağırdığı halda, bizdə legitimliyi ATƏT və Avropa Birliyi tərəfindən şübhə altına salınan I.Əliyev öz tərəfdarlarının dili ilə müxalifətə dialoq şərtlərini diktə edir. Fikrimizcə hər kəs dialoqun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu anlayır və siyasi dialoqun demokratik idarəetmədə əsas norma kimi qəbul edildiyini bilir. Bu baxımdan legitimlik və ya qeyri-legitimlik məsələsi arxa plana keçməli, dialoq üçün vacib şərt kimi irəli sürülməməlidir.
O şey ki, millətimizə hava-su kimi lazımdır və ölkədə sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edir, o addımı heç bir şərt qoyulmadan atmaq lazımdır. O addımın adı siyasi dialoqdur və təəssüflər olsun ki, iqtidar bu günüə qədər bu məsələnin gerçəkləşməsi istiqamətində heç bir praktik addım atmayıb. Diqqətlə nəzər salsaq dialoq məsələsi norma kimi daxili təlabatdan, siyasi mədəniyyətdən deyil, yalnız ölkənin başını xarici təhdidlər alanda, hakimiyyəti itirmək qorxusu yarananda gündəmə gəlib və ara sakitləşən kimi gündəmdən çıxıb.
Dialoq, qarşılıqlı anlaşma, fərqli siyasi qüvvələr arasında konsensusun əldə edsilməsi siyasi mədəniyyət nümunəsidir və görünən odur ki, biz toplum olaraq hələ siyasi mədəniyyətə yiyələnə bilməmişik. Bunun baş şərti iqtidarla bağlıdır. Iqtidar ömründə bir dəfə də olsa siyasi iradə nümayiş etdirməli, siyai dialoqla bağlı düşüncələrinin reallaşması, bütün siyasi qüvvələrin bir araya gəlməsi üçün gərəkən addımı atmalıdır. Bu baş verməyibsə, deməli edilən cəhdlər yalnız gözə kül üfürmə, imitasiya xarakteri daşıyır.
Vətəndaşlar bu cəhdlərin daxili narazılıqları səngitməyə, beynəlxalq aləmdə demokratik imic qazanmağa hesablandığını yaxşı bilir. Vətəndaş görəndə ki, dialoq şüarları səsləndiyi bir vaxtda, hakimiyyət siyasi qüvvələri göz ardı edir, “jurnalistlərin dostu” titulunu alıb jurnalistləri həbsdə saxlayır, nazirləri tərəfindən KIV üzərinə iqtisadi embarqolar qoydurulur, tanınmış siyasilərə sifarişli hökm oxutdurur, gənc fəalları, inanc sahiblərini təqib altında saxlayır, əlbəttə irəli sürülən dialoq təklifinin səmimiliyinə şübhə ilə yanaşmalıdır.
Bu cəhdləri necə səmimi qəbul etmək olar ki, YAP adlı firqədən başqa hakimiyyətdə heç bir siyasi qüvvə təmsil olunmur. Sən fərqli düşünən hər bir kəsi adi peşədən tutmuş dövlət qulluğuna qədər heç bir vəzifə daşımağa imkan verməyəcəksən, onları firavan yaşamaq, normal şəraitdə işləmək, sosial həyatını qurmaq istəklərindən məhrum edəcəksən, təşkilatlanmaq, siyasi fəaliyyət göstərmək, azad fikir söyləmək, müstəqil informasia almaq kimi doğal haqları əlindən alacaqsan, sonra da ağız dolusu vətənpərvərlikdən, milli birlikdən dəm vurub qarşı tərəfi siyasi dialoqun baş tutmamasında əsas günahkar elan edəcəksənsə, buna nə ad vermək olar?. Bütün bunlar dialoq barədə səslənən fikirlərlə təzad təşkil etmirmi?
Q.Məmmədovun, T.Yaqublunun, I.Məmmədovun, onlarla jurnalist və gənc fəalların həbsi, siasi partiyalara göstərilən təzyiqlər, vətəndaş cəmiyyəti institutlarının ardıcıl olaraq sıradan çıxarılması, KIV üzərində basqılar, nazir qoçularının peşə borcunu yerinə yetirən jurnalistləri döyməsi müqabilində redaktorlarla bir odül alma görüşü keçirib milli birlik görüntüsü yaratmaq, nə siyasi dialoq, nə də milli birlik anlamına gələ bilməz.
Bu hakimiyyətin dialoqun baş tutması üçün ciddi səy göstərməməsinin səbəbi zatən bəlli. Dialoq dövlət qurumlarının tək bir zümrədən, bir partiya yetkililərindən deyil, fərqli düşüncəyə malik insanlardan formalaşması deməkdir və onlar öz sıralarında korrupsiya və rüşvətxorluğa işıq salan qüvvələrin olmasını istəmirlər. Dialoqun baş tutması hakimiyyətdə Avropa meyilli qüvvələrin təmsilçiliyinə geniş şərait yarada bilər ki, onlar Avroatlantik məkana aktiv inteqrasiyanın tərəfdarı deyil.
Dialoq şəffaflıq tələb edəcək. Onlar dədə mülkü kimi yiyələndiyi sərvətlər, neft və qazdan əldə edilən gəlirlərin təyinatı üzərində şəffaflıq olmasını istəmir. Dialoqun baş tutması dövlət idarəçiliyində demokratik ənənələrin kök salması anlamına gəlir. Onlar feodal dərəbəylik üsulundan geri durmaq istəmir. Hakimiyyətin dialoq barədə təkliflərinin səmimiliyinə inanmaq sadələlöhvlükdən başqa bir şey deyil.
Nurəddin Ismayılov


