Deputatın qardaşı sürücünü döyüb?

«Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda» deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə»

Lerik rayonunun Piran kəndi ərazisində beton zavodu və quşçuluq fabriki fəaliyyət göstərir. Bu müəssisələrdə 200-ə yaxın sakin işləyir. Işsizliyin olduqca ciddi problem olduğu Lerikdə bu imkandan faydalananlar olsa da, narazılar da az deyil. Onlardan biri də kənd sakini Elsevər Ibrahimovdur.

O, “Cənub Xəbərləri” qəzetinə beton zavodunda döyüldüyünü bildirib. Elsevər Ibrahimovun sözlərinə görə, bu müəssisələr Lerik rayonundan deputat seçilmiş Hacı Iqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsusdur. Elsevər də bu müəssisələrin birində – betonzavodda sürücü işləyir. Onu döyən də deputatın qardaşı Çingiz Məmmədov olub. O, döyülməsinin səbəbini belə izah edir: “Saat 11 radalərində məni göndərdilər ”Relaks”a, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Mən də gəldim . Gördüm bir nəfərlə söhbət edir, gəldim, qaldım onun yanında. Birdən mənə tərəf dönüb “Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda” deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim evə”.

O deyir ki, döyüldükdən sonra heç bir səbəb göstərilmədən işdən də qovulub. “Açarları aldı məndən, dedi, çıx get. Müqavilə olmayıb, ayda 220 manat pul verirdi. Qol çəkirdik, 100 manat bir verirdi, 120 manat bir”.

Elsevər döyülməsinin səbəbini bu günə qədər dəqiq bilmir. O həm də özünü təhqir olunmuş sayır. “Həmyaşıdlarımın qarşısına çıxa bilmirəm” , – deyir. Elsevər bununla bağlı rayon polis şöbəsinə şikayət etdiyini də bildirir…

Elsevərin atası Mirməmməd Ibrahimov Lerikdə özbaşınalığın hökm sürdüyünü, belə hadisələrin çox vaxt cəzasız qaldığını bildirir.

“Saat 6-da gəlmişəm işdən, gördüm uşağın burnu yaradır. Soruşdum burnuva nə olub? Hadisəni danışdı. Kim Çingizə ixtiyar verib ki, oğlumu döysün. Saat 11 idi, zəng elədim Çingiz Məmmədova. Dedim, mən Elsevərin atasıyam. Siz Elsevəri nə üçün döymüsünüz, nə üçün ona əl qaldırmısınız. Dedi, əcəb eləmişəm, əlim qüvvətlidir. Dedim, dövlət bu qədər sizə icazə verib ki, sən gedib fəhləni döyəsən? Dedi, əcəb edirəm, sonra da telefonu söndürdü. Ondan sonra DIN-in, Baş Prokurorluğun “Qaynar xətl”lərinə məlumat verdim. Lerikin prokuroruna, polis idarəsinə muraciət etdim. Məni it yerinə saymadılar.

Qardaşı Lerikin deputatıdır – Məmmədov Hacı Iqbal, hamı ondan qorxur. Bu Lerik rayonu onların əlindədir. Nəhayət, cənab prokurorun xətti ilə zəng edəndən sonra məni qəbul elədilər. Apardım uşağı ekspertizaya, şəklini çəkdim. Şəkilin birini də Prezidentə göndərmişəm, Milli Məclisə göndərmişəm. Hal-hazırda iş polisdədir”.

Çingiz Məmmədov isə ona böhtan atıldığını iddia edir: “O, mənə şər atır. Atası ilə münasibətim var. Məndən xahiş etmişdi, onu işə götürmüşəm. 22 yaşı var, cavan uşaqdır. Bu yaxınlarda yolda hadisə olmuşdu, 19 yaşlı uşaq gəlib girmişdi bizim maşının altına. Tapşırmışdım ki, sürətlə sürməyin. Sürət olmasa, ölüm olmaz. Qolu sınar, qıçı sınar. Bir nəfər möhkəm sürən var idi, işdən azad elədim. Həyətdə durmuşdum, gördüm maşın gəldi. Elsevər sürən maşın, yüksək sürətlə. Çağırtdırdım, gəl bura, buna görə tanbeh eləmək istəyirdim. Qayıtdı dedi ki, yaxşı edirəm, mənim sürməyim budur”.

Onun sözlərinə görə, maşını ondan alandan sonra Elsevər onun üstünə yeriyib. Ətrafdakılar ayırıb, onu yola salıblar. Atası da ondan işə bərpa etmək üçün xahiş edib. Cingiz Məmmədov isə ona rədd cavab verib. Onun sözlərinə görə, indi atası ondan qisas alır. O deyir ki, oğlu yaşında olan bir şəxsə heç vaxt əl qaldırmaz, buna ehtiyac yoxdur. Onun bildirdiyinə görə, polis bu məsələni araşdırır, həqiqət yerini tapacaq.