Dövlətə, dövlətçiliyə bax!

Bircə yanacağın qiymətini 30-33 faiz artırmaqla dükan-bazarda qiymətlər göyə qalxdı. Bunu bilmək çox da çətin deyil: qarşıda hələ Tarif Şurası adına başqa antixalq siyasətləri də var. Vur-tut bir ay qabaq Maliyə nazirliyi yanacağın qiymətinin artırılacağı ilə bağlı yayılan soraqları yalanlama yolu tutdu. Çox keçmədən ortaya bir daha dövlətin yolsuzluğu faktı çıxdı: qiymət qaldırıldı, özü də necə! Çox ola bilsin, qıcıq yoxlaması üçün qiymət artımı sorağını da özləri yaymışdılar. Gərəkən reaksiyanı görməyəndən sonra qiymət artımına start verdilər. Bu cür vəhşicəsinə sosial-iqtisadi siyasətlərin üstündən utanmaz-utanmaz “Azərbaycan dövlətinin imicindən”, müxalifətin bu imici bütün dünyada korlamasından danışırlar.

Tarif Şurası yanacağın qiymətini artırmaqla yanaşı, bəlli olduğu kimi, evlərə telefon çəkilməsi ilə bağlı qiyməti bir az aşağı saldı. Sözsüz, bu, xalqı aldatmaq üçün əl atılan çoxillik iyrənc oyunlardan biridir. Ancaq burada da çox kobud bir gediş var: az da olsa xalqın işinə yaradığından rabitədəki qiymət düşümü gələn il yanvarın 1-dən gerçəkləşdiriləcək. Yanacağın bahalanması isə ÖZ QAZANCLARI üçün Tarif Şurasının bəlli qərarı ortaya çıxan gündən gerçəkləşdirilir. Görün bunlar bu xalqa necə nifrət edirlər, görün bunlar bu xalqı nə sayırlar!

Tarif Şurasının YANDIRICI YANACAQ qərarından sonra ortaya ilginc bir görsəniş də çıxıb: Tarif Şurasının adına bağlansa da, qərarın hardan qaynaqlandığı, necə verildiyi dartışma obyektinə çevrilib. Maliyə nazirliyindən bir söz deyilir, Dövlət neft şirkətindən bir söz deyilir, Tarif Şurasından başqa bir söz. Bu isə açıq-aydın “Mənəm dövlət!” faktına aparıb çıxarır. Gerçəkdən-gerçəyə dövlət strukturları yoxdur, “Mənəm dövlət” faktı var. Bunu indiki qiymət artımından da görmək olar, Ilham Əliyevin bir çox çıxışlarından da. Daha çox da bunu I.Əliyevin rayonlara gedərkən “zəhmətkeşlər” qarşısında etdiyi çıxışlardan görmək olar. Ilham Əliyev o çıxışlarda xalqa dönə-dönə bunu çatdırmağa çalışır: Azərbaycanın dünənki dövləti “ümummilli lider, ulu öndər” Heydər Əliyev idi, bugünkü dövləti mənəm! Ən böyük işlərdən ən xırda-xuruş işlərədək onun dediyi budur: mən göstəriş vermişəm, mən tapşırıq vermişəm… 

Görüş keçirmə texnologiyası da bütün ölkəyə bəllidir: başlıca olaraq Icra hakimiyətinin, polisin, KQB-nin kurasiyası altında olan adamlar prezidentlə görüşə çıxarılır – hər birinə ayrıca tapşırıq verilməklə. Çıxış edəcək adamlar da qabaqcadan öyrədilir. Belə çıxışların birində bir yaltaq müəllim görüş eyforiyasına necə qapıldısa, ölkədəki bütün “tikinti-quruculuq”, “tarixdə görünməmiş abadlıq işlərini” ata-bala Əliyevlərin adına bağlayandan sonra bunu da dedi: “Azərbaycanda körpü tikmək ənənəsinin əsasını Heydər Əliyev qoyub”. I.Əliyev bu çıxışdan şox sevincək olmuşdu. Ortada “Mənəm dövlət!” siyasəti varsa, sözsüz, min il qabaq tikilmiş Xudafərin, Qırmızı körpü ilə birlikdə bütün tarix bir, uzağı iki adamın adına bağlana bilər. Kim də bilməsə, indinin müəllimi bunu gözəl bilir…

Iş işdən keçəndən, ho hovulub, cüt sovulandan sonra, MƏŞHUR MƏCLISIN Iqtisadi SIYASƏT Komitəsinin yığıncağı keçirilib. Belə göründüyünə görə, yığıncaqda yanacağın qiymətinin artırılması ilə bağlı bir sıra gerçəklər dartışılıb. Bu dartışma ilə bağlı Vahid Əhmədovun dedikləri gerçək dövlət anlayışının “Mənəm dövlət!” gerçəyinə transformasiya faktıdır: “Büdcəni cəmi bir aydır müzakirə etmişik. Əgər qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz Iqtisadi Siyasət Komitəsinin üzvləriyik. Bunu bilməliydik”. V.Əhmədov yoldaş düz deyir, ancaq… “Mənəm dövlət!” daha düzünü deyir: siz heç kimsiz! Bu ölkənin bir yiyəsi var, o da mənəm! Lənətə gəlmiş seçkiylə bağlı xərcim çox çıxıb. Qabaqkı seçkilərdə olduğundan milyonlar, milyardlarla çox…