Gözəl buyurublar, bütün müqayisələr qüsurludur.
Dünyada tam oxşar heç iki yarpaq da yoxdur. Ona görə Nelson Mandellanın rəhmətə qovuşmasından sonra açılan “bizim Mandelamız kimdir və ya niyə yoxdur” müzakirəsi təbii olaraq qüsurludur.
Ancaq qətiyyən düşünməkÿlazım deyil ki, azərbaycanlılar mərdlikdən, mübarizlikdən kənar bir xalqdır.
Belə düşünmək uca xalqımıza iftira atmaq olar.
Biz adətən “atalar sözləri”mizdə neqativ, ikibaşlı fikirləri gur səslə deməyi xoşlayırıq və bununla özümüzdə aşağılıq kompleksini gücləndiririk. Fəqət götürün bir incələyin, ata sözlərimizdə nə qədər cəsurluq, mərdlik, qorxmazlıqla bağlı deyimlər var. Onlar boşuna yaranmayıb ki…
Bu dəyərlər bizim üçün həmişə üstün olub; indi kim onlara nə qədər sədaqətli olub, bu ayrı söz. Atalar sözləri “prezidentə dəstək fondunun” sifarişi ilə, qrant əsasında yaranmır, onlar xalqın bağrından süzülərək formalaşır. Ona görə mən tarixi keçimişimizə çox soyuqqanlıqla baxıram, orda heç nəyi əl-qolumu soyutmaq, depressiyaya girmək üçün səbəb görmürəm.
Nəzərə almalıyıq, xalq da fərd kimidir: ondan umacağın hədsiz olmamalıdır. Bir düşünək: Şagirdə 1-ci sinifdən 9-cu sinifə qədər riyaziyyatdan heç nə təlim edilməyib və belə bir vəziyyətdə müəllim gəlib ondan differensial tənlik həll etməyi tələb edir. Bu vəziyyətdə müəllim formal haqlı ola bilər, amma tələbi ədalətli deyil.
Xalqımız da belədir. Biz onu uca görmək istəyirik, onun mübarizədə laqeydliyi, şərə qarşı göstərdiyi süstlük qəlbimizi yaralayır, mərd adamları lazımınca müdafiə etməməsi məyusluq doğurur. Uca səslə də olmasa “əhli-beyt” arasında onun qabırğasına döşəyirik bunlarçün.
Lakin, qəvi düşmənin zülmünə görə xalqı lənətləməyimiz ən səmərəsiz, nə son işdir, üstəlik, bu davranış bizi qətiyyən böhrandan çıxarmayacaq.
Biz pis-yaxşı xalqımızın yetirdiyi işıqlı nümunələrə istinad edərək, ona güc verməliyik. Tarixi təcrübə göstərir ki, heç bir cəmiyyət öz kökündən, məhvərindən rişə götürməyincə ucala, inkişaf edə bilmir.
Biz ideal xalq deyilik, əlbəttə. Ancaq bir şəksizdir ki, yüz faizli keyfiyyətsiz də deyilik.
Olsun ki, bizim Nelson Mandelamız yoxdur.
Bəyəm bu faciədir?
Bəs bizim Qurban Məmmədovumuzdan dünyada nə qədərdir ki?
Qurban Məmmədov son 24 ildə üçüncü dəfədir ki, siyasi baxışlarına görə həbs olunur. Təkcə onu demək kifayətdir ki, 89-cu ildə ona VƏTƏN XAINI ittihamı üçrəngli bayrağı dövlət binası üzərində ucaltdığına görə verilib.
Məhkəmədə, qurama cinayət işinə qarşı Qurban Məmmədovun son sözü ilə tanışsınızmı?
Hamımız kitab, qəzet oxuyan adamlarıq, siz mənə çağımızda o “son söz”ə tən ola bilən başqa neçə nümunə göstərə bilərsiz ki? Odur ki, xalqımızın ədalətli halından nə qədər narazı qalsaq da, onun yüksək potensialına da güvənməliyik. Onun yaratdığı parlaq nümunələrə sahiblənməliyik.
Rejimi içindən dağıdan
Bir qohumum var, iqtisadçıdır. Prezident Yanında Strateji Mərkəzdə işləyir. Fəxrimizdi. Ifşa olmasın deyə adını yazmıram, sistemi içəridən dağıtmaqla məşğuldur.
O gün hökumət qəzetində bahalaşma ilə bağlı bir fikir işlədib.ÿ
“Qiymət disporsiyası resursların rasional bölgüsünə rəvac verib və iqtisadiyyatın səmərəli fəaliyyətinə problem yaradıb”.
Əhsən! Qohum belə olar. Qəsdən belə danışır ki, rejim daha sürətlə çöksün!
Insafla deyin, bu cür cümlənin qarşısında hansı rejim tab gətirə bilər?!