Aprelin 2-də hamı fəal olmalıdır

İbrahim İbrahimli: «Aprelin 2-dəki aksiyanın sifarişçisi, təşəbbüskarı xalqdır»

Eldəniz Quliyev: «Hesab edirəm ki, ölkədə baş verənlərlə bağlı sərt ictimai mövqe olmalıdır»

Aprelin 2-dəki aksiyada kütləviliyin yaşanacağını bu gün münasibətini öyrəndiyimiz ictimaiyyət nümayəndələri də vurğuladılar. Onların fikrincə, hazırda cəmiyyətdəki ab-hava, hakimiyyətin yürütdüyü yanlış siyasət Ictimai Palatanın elan etdiyi platformanı aktual edir.

Tanınmış siyasi xadim İbrahim İbrahimli bildirdi ki, aprelin 2-dəki aksiya mahiyyətcə digər siyasi tədbirlərdən fərqlənir. Əvvəllər keçirilən aksiyaların təşkilatçısının siyasi partiyalar olduğunu deyən I.Ibrahimli qeyd etdi ki, aprelin 2-dəki aksiya xalqın təşəbbüsü ilə keçirilir: “Aprelin 2-dəki aksiyanın sifarişçisi, təşəbbüskarı xalqdır. Ona görə də bu aksiya möhtəşəm olmalıdır. Yəni bu aksiyanı ayrı-ayrı siyasi təşkilatlar yox, xalq keçirir. Bundan başqa, artıq hiss olunmaqdadır ki, aprelin 2-dəki aksiya ayrı-ayrı sosial qrupları əhatə edəcək. Və gələcəkdə bu tip tədbirlər artan xətlə davam edəcək”.
11 mart aksiyasının cəmiyyətdə kifayət qədər böyük rezonans doğurduğunu deyən I.Ibrahimli vurğuladı ki, bu aksiya sübut etdi ki, artıq cəmiyyətdəki ayrı-ayrı təbəqələr təşkilatlanaraq hakimiyyətə etirazlarını bildirməkdən çəkinmirlər: “Artıq cəmiyyətin müxtəlif təbəqələri hakimiyyətə qarşı passiv etirazlarını aktiv etirazla əvəzləyirlər. Əvvəl seyrçi mövqedə qalanlar aktivləşir və proseslərə müdaxilə edirlər. Düşünürəm ki, bu, cəmiyyətdə yeni keyfiyyətin yarandığının, yeni mərhələnin göstəricisidir. Ictimai Palatanın avanqardlığı ilə dünyada gedən proseslər Azərbaycana da sirayət edəcək”.

Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev də hesab edir ki, cəmiyyətin ölkədə baş verənlərlə bağlı konkret mövqe bildirməsinin vaxtı yetişib. Azərbaycanda normal parlamentin və xalqın etimadını qazanan hökumətin formalaşma vaxtının çatdığını deyən E.Quliyev bildirdi ki, sona qədər mövcud situasiyanın saxlanması Azərbaycanı uçuruma aparır: “Hesab edirəm ki, ölkədə baş verənlərlə bağlı sərt ictimai mövqe olmalıdır. Azərbaycanda xalqın etimadı ilə seçilən baş nazir, parlament olmalıdır. Ölkə prezident idarəetməsindən parlament idarəçiliyinə keçməlidir. Biz hazırda prezident idarəetməsinin qeyri-məhdud hakimiyyətinin şahidiyik. Hazırkı dönəmdə etirazların bildirilməsi vacibdir və bu istiqamətdə Ictimai Palataya uğurlar arzulayıram”.

Xəyal