Xədicə Ismayıl cəbhəçi olduğu barədə iddialara aydınlıq gətirdi
“Xədicə xanımın AXCP-yə yaxın olduğu heç kəsə sirr deyil. Mən deyərdim ki, bəlkə də bu partiyanın üzvüdür. O gün bu, onun verdiyi suallarda çılpaqlığı ilə hiss olundu. Mən düşünmürəm ki, Xədicə xanım bu məsələləri Əli Kərimli ilə müzakirə edib. Qətiyyən bu düşüncədə də deyiləm.
Təkcə dünən yox, hər zaman bir çox açıqlamalarında onun AXCP üzvü kimi mövqe sərgiləməsi ortada olub. Srağagün də bu göründü”. Bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində Müsavat Partiyasının Divan üzvü, sabiq deputat Ikram Israfil deyib.
Araşdırmaçı jurnalist Xədicə Ismayıl isə Ikram Israfilin iddialarına cavab olaraq “Azadlıq”a bildirib: “Mən 2000-ci ildə AXCP üzvü olmuşam. 2004-cü ildən bu partiyanın üzvü deyiləm”. Xədicə Ismayıl AXCP-yə yaxın olması barədə deyilənləri də əsassız adlandırıb: “Bu partiya ilə heç bir yaxınlığım yoxdur. Gündəlik ünsiyyətdə olduğum, dostlarım arasında bəziləri partiya üzvüdür. Amma onlar da cəbhəçi deyil. Ümumiyyətlə, mən bu məsələnin nə üçün gündəmə gəldiyini anlamıram. Jurnalisti araşdırmazlar, siyasətçini araşdırarlar”.


