Rüstəm İbrahimbəyova Milli Şuranın fəxri sədri adının verilməsi mətbuatda hələ də müzakirə mövzusudur. Müsavat rəhbərliyi Milli Şurasının sessiyası zamanı etirazını hələ də davam etdirməkdədir. Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, R.İbrahimbəyovun Rusiyada Milli Şuranın fəxri sədr kimi təmsil etməsi Kremlin Azərbaycanda mövqelərinin güclənməsinə səbəb ola bilər. O qeyd edib ki, Avropa Birliyi ilə Rusiya arasında faktiki olaraq Avrasiya məkanında təsiri artırmaq uğrunda mübarizə gedir və bu mübarizənin sərhədi bu gün Ukraynadan keçir: “Ukraynada baş verən proseslər Avrasiya məkanında təsir imkanlarının avtoritar Rusiya və demokratik Avropa arasında bölüşməsi uğrunda gedən mübarizədir və yaxın zamanlarda Azərbaycan da belə dilemma qarşısında qalacaq. Belə bir məqamda Azərbaycan demokratik düşərgəsi adından danışmaq səlahiyyəti olan şəxsin Moskvada yaşaması, Rusiya vətəndaşı olması və bu ölkə qarşısında müəyyən öhdəliklərinin olması, Rusiyadan asılı olması Azərbaycan demokratik düşərgəsi üçün çox ciddi problemdir».
Cəmil Həsənli: «Fəxri sədrlik heç bir siyasi funksiya yerinə yetirmir, Rüstəm bəyə gördüyü işlərə görə minnətdarlıq əlamətidir»
Məsələyə münasibət bildirən Milli Şuranın sədri Cəmil Həsənli isə bildirib ki, Milli Şuranın əsasnaməsinə görə fəxri sədr heç bir səlahiyyətə sahib deyil, sadəcə olaraq R.İbrahimbəyova xidmətlərinə görə verilən önəmdir: «Rüstəm İbrahimbəyov Milli Şuranın üzvüdür. Sadəcə, ona hörmət əlaməti olaraq Milli Şuranın bəzi üzvləri belə təkliflərlə çıxış etdilər ki, o, qurumun fəxri sədri olsun. Fəxri sədr heç bir siyasi funksiya yerinə yetirmir. Əsasnamə üzrə heç bir rəsmi proseduru yerinə yetirmir. Bu, bir hörmətdir, gördüyü işlərə görə minnətdarlıq əlamətidir».
Vidadi Mirkamal: «Milli Şurada fəxri sədrlik Rüstəm İbrahimbəyova ehtiram əlaməti olaraq atılan addımdır»
Hazırda Milli Şurada bu istiqamətdəki müzakirələri gərəksiz sayan Milli Şuranın üzvü Vidadi Mirkamal da bildirdi ki, nəticədə bu məsələ mətbuatda geniş müzakirə olunur: «İqtidara qarşı mübarizə aparmalı olan qüvvələr hazırda güclərini bir-birinə qarşı sərf edirlər. Mən bunun tam əleyhinəyəm. Hazırda hamı gözəl başa düşür ki, son 20 ildə demokratik düşərgəni biraraya gətirə biləcək Milli Şura kimi ikinci təşkilat olmayıb. Bu təşkilatın da yaranmasında Rüstəm İbrahimbəyovun çox böyük rolu olub. Mən demirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranı yaradandan sonra Azərbaycanda çox böyük dəyişikliklər oldu. Amma hər bir halda demokratik düşərgə toparlanaraq prezident seçkisində heç bir məyusluğa yol vermədən iqtidarın seçki saxtakarlığını tam şəkildə üzə çıxardı və bu bütün dünyaya yayılıb. Əslində demokratik düşərgənin əldə etdiyi ən böyük nailiyyət bu oldu».
V.Mirkamal Milli Şuranın son sessiyasında R.İbrahimbəyova fəxri sədr adının verilməsinə də toxunaraq bildirdi ki, C.Həsənlinin söylədiyi kimi bu status sadəcə olaraq təşkilatın yaradıcısına bir ehtiramın nümayişidir: «Milli Şurada fəxri sədrlik, bu yalnız mənəvi bir məsuliyyətdir. Fəxri sədr Milli Şuranın strukturlarında təmsil olunmur, təşkilatın adından bəyanat verə, qurumun idarə olunmasında iştirak edə bilməz. Bu yalnız bir mənəvi vəzifədir və Rüstəm İbrahimbəyova ehtiram əlaməti olaraq atılan addımdır”.
Xəyal


