Müsavatdan Milli Şuraya ittiham

İkram İsrafil qurumu Rusiya meylli olmaqda suçladı, Bəybala Əbil onun iddialarını əsassız adlandırdı

“Milli Şurada təmsil olunan siyasi partiyalar, ayrı-ayrı siyasətçilər ziyalılar, ictimaiyyət adamları son 20 ildə Azərbaycan siyasi səhnəsində, ictimai rəyində tanınan adamlardır. Onların əhəmiyyətli hissəsi xalq hərəkatından çıxıb və bu qüvvələrin Rusiyaya da münasibəti bəllidir”. Bu sözləri “Azadlıq”a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Bəybala Əbil Müsavat Partiyasının Divan üzvü, sabiq deputat Ikram Israfilin Milli Şura barədə iddialarına cavab olaraq bildirib.
Ikram Israfil Yeni Müsavat qəzetinə müsahibəsində deyib:
“Qənaətimə görə, Müsavat Partiyası tez bir zamanda Milli Şuranı tərk etməlidir. Bu mənim şəxsi mövqeyimdir. Ola bilsin ki, Müsavat partiyasının Divanı yaxın günlərdə bu məsələni müzakirə etsin və qərar versin. Amma indidən bəyan edirəm ki, Müsavat Partiyası Milli Şuranı tərk etməlidir.
Bunun səbəbini də açıqlamışam. Əvvəldən də Milli Şuranın Rusiya meylli qüvvə olduğu hiss olunurdu. Bu gün də o qüvvələr Milli Şurada var. Ona görə də Müsavat Partiyası bundan sonra fəaliyyətini Milli Şurada deyil, Azərbaycan xalqının marağından çıxış edən qüvvələrlə birlikdə davam etdirməlidir”.

Milli Şuranın üzvü, KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə bildirib ki, bu fikirlərin heç bir əsası yoxdur: “Milli Şura Rusiya meylli qüvvə idisə nə üçün bu qurumda təmsil olunurdular? Vaxtaşırı bu barədə yazırlar. Daha çox ”Yeni Müsavat” qəzetində yazılır bu barədə. Amma axı Milli Şuranın yaranmasında, fəaliyyətində Müsavat Partiyasının da rolu var. 6 aydan sonra başa düşüblər ki, Milli Şura Rusiya meylli qüvvədir?! Hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur. Milli Şurada təmsil olunmaq da olar, olunmamaq da, amma bunun üçün daha ciddi arqumentlər irəli sürmək lazımdır”.