ITV-də çalışanlar bu sırada birinci yerdə dayanır
Hakimiyyətə can-başla qulluğun acı nəticəsi
Aprel ayından Ictimai televiziyadan onlarla əməkdaşın işdən çıxarılması, son günlər bu siyahıya daha 12 nəfərin əlavə olunması göstərdi ki, jurnalistlər sürətlə haqqı tapdanan, hüquqları pozulan vətəndaş qrupuna çevrilməkdədir. Dördüncü hakimiyyət sayılan, ölkədə baş verən prosesləri izləyən, qanunsuzluqlara qarşı mübarizə aparmağı, cəmiyyəti yönləndirməyi bacaran media əhli özü hüquqlarını qoruya bilmir. Onun hüquqları qorunmur, qoruyacaq qurum yoxdur.
Hansısa media qurumunda, indiki halda Ictimai televiziyada rəhbərin dəyişməsi ilə peşəkarların işdən uzaqlaşdırılıb onların yerinə təcrübəsizlərin, təcrübədə özlərini doğrultmayanların gətirilməsi kimi qanunsuzluq baş verirsə, bu qərəzdir, bir çox gizli məqsədlərə çatmaq üçün düşünülmüş plandır. Qəzetlərin, saytların durumu bir elə ürəkaçan olmasa da jurnalistlərin hüquqları ən çox televiziyalarda pozulur. Yerində olmayan rəhbərlərin üzündən. Səviyyəli, rəqabətdə birinci olmaq istəyən telekanal rəhbərləri kimi gəldi işə götürmür, xırda bir səhv üstündə işçini işdən çıxarmırlar. Jurnalistlər daha çox qeyri-peşəkarların ambisiyaları, şəxsi münasibətlər fonunda, söz aparıb-gətirənlərin qurduğu tələyə düşərək işsiz qalırlar.
Telekanallarda durum xeyli mürəkkəbdir. Telejurnalistlər əsassız olaraq işdən çıxarılır, gördüyü işdən qat-qat az əməkhaqqı alır, haqqı ödənməyən əlavə iş saatında işlədilir, sosial güzəşt və yardımlar almır, qanunun yol vermədiyi halda qısamüddətli müqavilə ilə işlədilir, müqavilə rəhbərliyin istədiyi an pozula bilir və sair. Yəni faktiki olaraq televiziyada çalışan jurnalistlə, günəmuzd işləyənin əmək hüquqları eyni dərəcədə pozulur. AzTV-dən bu yolla uzaqlaşdırılan yüzlərlə əməkdaş var. Qanunsuz çıxarıldığını iddia edən bir neçə nəfərin işi hazırda məhkəmədədir. Avropa Məhkəməsində işinə baxılmasını gözləyənlər var. Yəqin yaxınlarda ITV ilə bağlı da yeni çəkişmələr başlayacaq. Niyə də olmasın. Çoxları nahaqdan çıxarılıb.
Məsələn, ITV-nin Ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tahir Məmmədovun fəaliyyətini telekanalın mövqeyindən yanaşanda qüsursuz adlandırmaq olar. Amma onu əsassız, izahsız işdən çıxarıblar. T.Məmmədovun yerinə müxtəlif dönəmlərdə – AXC hakimiyyətindən başlamış, Əliyevlər dövrünədək fasilələrlə AzTV-də işləyən, aralarda döymədiyi qapı, tutmadığı ətək qalmayan Akif Cabbarovun gətirilməsi kadrların münasibətlərə görə seçilməsi deməkdir. Yaxud, Ictimai televiziyanın departament rəhbəri Füzuli Ismayılov həmkarı, AzTV sədri A.Alışanovun ailəsinə yaxın olduğu bildirilən Şaiq Məmmədovla sözü çəpləşdiyinə görə işdən çıxarılıb. F.Ismayılovun prezident seçkiləri zamanı səriştəsiz aparıcılığı hamının yadındadır. C.Həsənliyə, H.Hacıyevə qarşı ciddi olmağı bacaran birisi YAP-çı Əli Əhmədovun replika və yersiz müdaxilələrini, təhqiramiz ifadələrini görməzlikdən gəlirdi. Amma ITV-nin ilk illərində onun aparıcısı olduğu “Gecənin aydınlığında” verilişini çoxları xatırlayır. F.Ismayılov o verilişdə yerində olan aparıcı idi. Onu Ş.Məmmədova dəyişmək, bu bir yana, şirkətdən uzaqlaşdırmaq ən azı ədalətsizlikdir.
Bölgə və Türkiyə müxbirlərinin işdən çıxarılması insan taleləri ilə oynamaqdır. Kiminsə təkidi, kaprizi, yaxud rəsmi statusu olmasa da, faktiki ITV-də gedən oyunlara rəhbərlik edən A.Alışanovun qəzəbi, hökmü, şübhəsi üzündən direktor kreslosunda əyləşən C.Quliyev ITV-nin yaranmasında, fəaliyyətində xidmətləri olan kəsləri “müqavilə müddəti bitdiyinə görə” işdən uzaqlaşdırırsa, bu onun iradəsizliyi, rəhbərə xas keyfiyyətlərinin olmaması deməkdir. ITV-dəki mənbənin sözlərinə görə, A.Cabbarovu, departament rəhbəri R.Rəcəbovu baş direktorla “şərab dostluğu” birləşdirir. Odur ki, irəli çəkiliblər. Digər məsələ, Cəmil Quliyev işdən çıxartdığı əməkdaşları ərizə yazmağa məcbur edir. Bacarıqsızlıqla, şantajla, görmədiyi işdə suçlana biləcək insanlar abrına qısılıb istefa ərizəsi yazırlar. Çünki şikayət etməli yer məhkəmələrdir – məhkəmələrsə hakimiyyətdə ciddi dayaqları olanların sözünü tutur. Kimsə hakimiyyətin başnda olanlara şikayət etməyi düşünmür, yuxarılar görür və susurlarsa, təkrar xatırlatmanın yeri yoxdur.
ITV-çilərə qarşı “cihad”ın nəzarətə götürülməsi üçün dövlət nəzarəti, heç olmasa vətəndaş cəmiyyətinin nəzarəti gərəkdir. Heç biri yoxdur, hətta həmkarlar birlikləri belə yerində deyil. Həmkarlar birlikləri hər hansı addım atmırlar. Bu gün əksər media qurumlarında həmkarlar birlikləri, ümumiyyətlə, yoxdur. Televiziyalarda isə bu var. Amma həmkarlar təşkilatları bütün heyətilə televiziya rəhbərlərinə tabedirlər. Indiyəcən AzTV-də, ANS-də, ATV-də, Spacedə qalmaqallı işdənçıxarmalar olub, heç birində həmkarlar təşkilatları üzvlərinin müdafiəsinə qalxmayıb. ITV-də həmkarların başında A.Alışanovun qohumu Elşən müəllim durur. Təbii, susacaq, susmalıdır.
Ictimai yayımçılıq prinsiplərindən sürətlə uzaqlaşan Ictimai televiziyada kadrlara belə münasibət yolverilməzdir. Yaxşını yamana dəyişmək yamanla eyni səviyyədə olmaq deməkdir. Bu gün görünən mənzərə Ictmai televiziyadan köhnə komandanın rəhbər vəzifədə olanlarının uzaqlaşdırılması, itaətkar əlaltıların iş başına gətirilməsidir. Əlaltıların birinci işi cibi dolu “müştərilər” tapmaq, ikincisi I.Əliyev və onun yaxınlarına xidmət etməkdir. Bunlardan ikincisi birincinin “pərdə”sidir. ITV-də çalışıb işdən çıxarılma sırasını gözləyənlərdən bir nəfərin “rüşvəti ITV-yə Cəmil Quliyev gətirdi” fikri AzTV-çilərdən eşitdiyim “AzTV-də rüşvətə E.Quliyev müğənnilərlə başladı” cümləsini xatırlatdı. Zaman dəyişir, rəhbərlər yenilənir, əməllər qalır, gələnlər gedənlərin atasına rəhmət oxutdurur. Bu hər yerdə belədir.
A.Akifoğlu


