“Bu, qəzetin mövqeyidir”

Arif Hacılı: «Müsavat partiyası Cəmil Həsənlinin Milli Şura sədri olmasının tərəfdarı olub»

Rüstəm Ibrahimbəyovun Milli Şura sədrliyindən getməsi və onun yerinə Cəmil Həsənlinin seçilməsi bəzi mətbuat orqanlarında özünəməxsus şəkildə izah olunur. “Yeni Müsavat” qəzeti son sayında R.Ibrahimbəyovun sədrlikdən getməsini onun tərəfdarlarının Milli Şuradan getməsinə hazırlıq kimi təqdim etməklə yanaşı Cəmil Həsənlinin sədrliyini də uğursuz bir addım kimi qələmə verib. Qəzetin yazdığına görə, Müsavat və AXCP Milli Şura adından ağır seçki mübarizəsi içərisində nəinki Cəmil Həsənlinin seçki kampaniyasına dəstək verdilər, əksinə, kənarda dayanıb, imkan düşdükcə prosesi sabotaj etməyə çalışdılar. Bəzi hallarda hətta buna nail də oldular.
Qəzetin yazdığına görə, Cəmil Həsənli bir mövqedən, Rüstəm Ibrahimbəyov isə başqa mövqedən çıxış edəcəyi təqdirdə siyasi böhran yarana bilər. “Belə bir böhranlı və “siyasi bankrot”a uğramış quruma müxalifətin ən önəmli isimlərindən birinin – C.Həsənlinin sədr seçilməsini bu düşərgənin strateji səhvi də hesab etmək olar. Çünki Milli Şura ən önəmli siyasi mərhələdə normal fəaliyyət göstərə bilmədiyi halda, bundan sonra bu qurumla irəliyə doğru hər hansı ciddi addımın atılmasının mümkünlüyü inandırıcı görünmür”.
Qəzetin bu iddiasına Cəmil Həsənlinin Milli Şuranın sədri seçilməsinə tərəfdar çıxan Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının münasibətini öyrəndik.
A.Hacılı deyilənlərə sadəcə bir qəzet yazısı kimi baxdığını bildirdi. “Müsavat partiyası Cəmil Həsənlinin Milli Şura sədri olmasının tərəfdarı olub. Partiyanın qurumdakı üzvlərinin əksəriyyəti Cəmil Həsənlinin sədrliyinin lehinə səs verib. Rüstəm Ibrahimbəyovun Milli Şuranın sədrliyindən getməsi, onun yerinə Cəmil Həsənlinin seçilməsi ilə əlaqədar təklif ilkin olaraq Müsavat partiyasına məxsusdur.
Milli Şuranın “böhranlı və ”siyasi bankrot”a uğramış qurum” adlandırılmasna gəldikdə, A.Hacılı bunun yalnız bir jurnalistin fikri olduğunu bildirdi.

Fizzə