Vəfa Quluzadə: Zaman diktatorların hökmünü verəcək
Ərəb ölkələrində baş qaldıran inqilab dalğası genişlənməkdə davam edir. Liviya diktatoru Qəzzafinin hələ də təslim olmamasına baxmayaraq, artıq Yəmən və Suriyada proseslər gərginləşməkdədir. Baş verənlər və gözlənilən proseslərlə bağlı politoloq Vəfa Quluzadənin fikirləri ilə tanış olduq.
– İnqilab dalğası Yəməndə və Suriyada da şiddətlənib. Hadisələrin belə inkişafı gözlənilən idi?
– Ərəblər özləri bunu böyük ərəb inqilabı adlandırırlar. Çünki bu, tək bir ölkəni deyil, ərəb aləmini əhatə edir. Bu, yeni bir zəmanənin Yaxın Şərqə gəlməsinə işarə edir. Bunların hamısının oxşar cəhətləri var. Avtoritarizmdən, monarxiyadan demokratik rejimlərə keçid dövrü. Yaxud daha yumşaq, Qərblə əlaqəli dövr olacaq. Üstəlik, Obama hakimiyyətə gələndə müsəlman aləmi ilə əlaqələri yaxşılaşdırmaqdan danışdı. Nə cür? Diktatorları yox, xalqları dəstəkləmək. Xalqlara dəstək verərək xalqların simpatiyasını, inamını qazanmaq və onlarla işləmək. Görünür, Amerikada baxıb görüblər ki, diktatorlarla iş birliyi istənilən nəticəni vermir. Çünki diktatorlar eqoist olurlar. Ona görə Amerika bu yolu seçib. Bu yol da xalqların arzuları ilə tam üst-üstə düşür. Ərəb ölkələrində olmuşam. Onların hamısında olduqca sərt diktatura rejimləri var idi. Bu diktator rejimləri Amerika ilə əlaqədə idi və əməkdaşlıq edirdi. Indi görünür, Amerika başqa yol seçib. Demokratiya yolu. Xalqlar da demokratiyaya olduqca açıqdırlar. Onu qəbul edirlər. Bu hadisələrin məğzi ondan ibarətdir. Demirəm ki, bunları Amerika edir. Amma xalqlar başa düşüblər ki, artıq diktatorlar istədiklərini onların başına aça bilməyəcək. Əvvəllər diktatorlar nə istəyirdilər, edirdilər. Qarşılarında dayanan yox idi. Siyasət belə idi ki, biz başqa dövlətlərin işlərinə qarışmırıq. Amma indi BMT deyir ki, heç bir dövlət başçısına öz xalqını qırmağa icazə verməyəcəyik və buna qarışacağıq. Şüar budur. Bunları başa düşmək üçün bu həqiqəti anlamaq lazımdır.
“Heç bir islahat vədləri bu cür hadisələrin qarşısını ala bilməyəcək”
– Yəmən və Suriyada hakimiyyət islahat vəd edib. Bu, o hakimiyyətləri xilas edəcək, ya onları da Tunis, Misir, Liviya prezidentlərinin aqibəti gözləyir?
– Onların hamısı deyir ki, biz islahatları aparmağa gecikmişik. Amma aparacağıq. Ancaq ağıla batmır ki, onlar özlərinə qarşı islahatları necə edəcəklər. Özləri diktatordur. Islahat diktaturanın əl-ayağını sındırır. Diktator öz diktaturasını necə məhv edəcək? Bunu heç kəs təsəvvür edə bilməz. Ona görə xalqlar buna inanmır. Yəməndə neçə vaxtdır qarşıdurma davam edir, dövlət başçısı nə qədər vədlər verir. Amma yəmənlilər deyir ki, biz buna inanmırıq. Həmçinin Misirdə də Hüsnü Mübarək islahatlar söz vermişdi. Inanmadılar, dedilər get, özümüz islahat edərik. Heç bir islahat vədləri bu cür hadisələrin qarşısını ala bilməyəcək.
“İran xalqı qalxsa, hakimiyyət dayana bilməz”
– Bu dalğa İranın sərhədlərinə yaxınlaşır. Hətta Liviyaya aviahücumları Irana qarşı başlayacaq əməliyyatlar üçün təlim də adlandırırlar. Iranda belə proseslər başlaya bilər?
– İran da, Livan da bu proseslərdən keçəcək. Üstəlik, burda Amerikanın, İsrailin böyük maraqları var. İran-Suriya-Hizbullah, bir-biri ilə əlaqəlidir. Amma Suriyada inqilab olsa, orda başqa rejim hakimiyyətə gəlsə, o rejim də Irandan Hizbullaha silah ötürməyin əleyhinə olsa, onda tamamilə başqa vəziyyət yaranacaq. Burda Amerikanın maraqlarını da inkar etmək mümkün deyil. Amerika xalqların maraqlarına istinad edərək öz məqsədlərinə çatmaq istəyir. Məsələn, Iranda bu əhvalatlar başlayanda sözsüz ki, xalq normal həyat yaşamaq istədiyini, molla rejimindən bezdiyini, başqa rejimdə yaşamaq istədiyini ifadə edirdi. Ona görə mənəvi dəstək alacaqlar. Amerika Irana girə bilməz. Amma Iran xalqı kəskin şəkildə qalxsa, onun qabağında çətin ki, hakimiyyət dayana bilsin. Çox qan töküləcək. Məsələn, Liviyada olan kimi. Liviyada tamamilə qeyri-adekvat, başdan zəif diktator neçə ildir bu ölkəni barmağında fırladıb.
“Türkiyə NATO üzvü kimi öz vəzifələrini yerinə yetirəcək”
– Türkiyənin Liviyaya qarşı hərbi əməliyyatlarla bağlı mövqeyi diqqət çəkdi. Lakin Ərdoğanın mövqeyinin Qərblə razılaşdırıldığı barədə fikirlər var. Belə ki, seçki ərəfəsində Ərdoğan Qərblə münasibətləri korlamaz. Siz bu barədə nə düşünürsünüz?
– Türkiyənin qarşısında olduqca böyük işlər var. Bu regionların hamısını Türkiyə yaxşı tanıyır və orda gözəl işləyə bilər. Məsələn, Türkiyə Amerikaya Əfqanıstanda böyük kömək edir. Türk ordusu müsəlman ordudur. Ona görə bu xalqlarla daha yaxşı dil tapa bilir, nəinki Qərb orduları. Bu inqilablardan sonra Türkiyə orada güclü işləyəcək. NATO-nun üzvü kimi öz vəzifələrini yerinə yetirəcək.
“Ən çətin vəziyyətdə Rusiya olacaq”
– ABŞ-da strateji neft ehtiyatlarının açılması məsələsi gündəmə gəlib. Hətta senatorlardan biri bununla bağlı Obamaya məktub göndərib. Belə bir məqamda bu məsələnin ortaya çıxması nədən xəbər verir?
– Rusiyada neft problemindən çox qorxurlar. Çünki neftin qiyməti artdıqca Rusiya özünü daha yaxşı hiss edir. Amma bütün rus mütəxəssisləri deyirlər ki, neftin qiyməti qalxdığı kimi birdən-birə düşəcək. Amerika öz neft ehtiyatlarını açmaqla gələcəkdə neftin qiymətini salacaq. Neftin qiyməti düşəndən sonra Rusiya Qərbə qarşı aqressiv mövqe tuta bilməyəcək. Rusiyanın özündə də bu inqilablar baş verəcək. Bu ölkənin regionlarında vəziyyət çox pisdir. Onların hamısında xalq Suriyadakı kimi müxtəlif şəhərlərdə birdən-birə ayağa qalxsa, Rusiya tamamilə başqa bir dövlət olacaq. Ona görə Rusiyanın problemləri bütün bu ölkələrin problemlərindən gərgin, ağır və çətindir. Ən çətin vəziyyətdə Rusiya olacaq.
“Putin daxili auditoriya üçün Medvedevi tənqid edib”
– Liviya hadisələrinə Putinlə Medvedevin fərqli fikir səsləndirməsini, bu məsələdə toqquşmasını necə qiymətləndirmək olar?
– Bunu toqquşma saymıram. Çünki faktiki Putinin gücü çatardı ki, Medvedevi Amerikaya BMT vasitəsilə bu əməliyyatı aparmağa icazə verməməyə məcbur etsin. Medvedev veto qoymadı, yalnız səsvermədə iştirak etmədi və bununla da Amerikanın, Qərbin yolunu açdı. Putin daxili auditoriya üçün Medvedevi tənqid edir. Bu, başqa şey deyil. Onlar əlbirdilər.
“Qərb Rusiya ilə hesablaşmır”
– Belə bir fikir var ki, Qərb bu məsələlərdə ümumiyyətlə, Rusiyanın mövqeyini nəzərə almır. Siz necə hesab edirsiniz?
– Əgər Rusiya veto qoysaydı, Qərb onu nəzərə almayacaqdı. Bunu Medvedev də, Putin də bilir. Ona görə onlar ağıllı hərəkət etdilər. Özlərini elə göstərdilər ki, guya bir tərəfdən Medvedev əməliyyata yaşıl işıq yandırdı. O biri tərəfdən də Putin onu kəskin tənqid etdi. Amma əslində Rusiya bilir ki, Amerikanın qarşısını ala bilməyəcək. Dünən cümə namazında çıxış edən ruhani açıq şəkildə dedi ki, BMT-nin yolunu bağlamadığına görə Rusiyaya minnətdarıq. Amma bəziləri səlib yürüşləri haqqında danışır. Onlar düz mövqedə deyillər. Biz xristianlarla həmişə dost olmuşuq. Dinlərimiz də dostdur. Biz xristian dinini tanıyırıq, xristian dini də islamı tanıyır. Görün nə qədər qabaqcıl ruhanidir ki, elə həmin günü cümə namazında çıxıb bu məsələləri təhlil etmişdi.
– Hələ hakimiyyətdə olan, hakimiyyəti laxlamayan avtoritarlar bu hadisələrdən hansı nəticəni çıxarmalıdır?
– Nəticə çıxarmaq mümkün deyil. Bir adam cinayətkardırsa, gedib Quran ayəsini oxuyub cinayətdən əl çəkə bilməz. O, elə cinayətkar qalacaq. Zaman, tarix onun hökmünü verəcək. Əgər belə şeylər mümkün olsaydı, dünyada heç vaxt nə bir inqilab, nə hərəkat olardı. Elə xalq birdən-birə düşünərdi ki, gəl mən krallığımı atım, ölkəni respublika edim. Hansı kral krallığını respublika edib? Tarixdə belə hal olmayıb. Hər şeyin öz dövrü, zamanı var…
Fizzə Heydərli