Nazir müavinindən böyük yalan

Aslan Aslanova inanaq, yoxsa vitrinlərə?

Kənd təsərrüfatı eksperti yerli istehsalın daxili tələbatı ödədiyi ilə bağlı rəqəmləri ifşa etdi
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov “Azərbaycan” qəzetində geniş məqalə ilə çıxış edib. Nazir müavini yazı boyunca inandırmağa çalışıb ki, bu gün Azərbaycanın aqrar sektoru yerli bazarı ərzaqla tam təmin etmək imkanındadır. Ölkəmizin kənd təsərrüfatı məhsulları idxalçısından tədricən ixracçısına çevrildiyini bildirən A.Aslanov konkret rəqəmlər də açıqlayıb. Həmin rəqəmlərə görə, Azərbaycan hazırda daxili istehsal hesabına özünü dənli bitkilərlə 76, quş əti ilə 74, ətlə 94, kərə yağı ilə 83, süd və süd məhsulları ilə 85, unla 94, şəkərlə 150, tərəvəzlə 102, meyvə ilə 127 faiz təmin edir. Əgər deyilənlər həqiqətdirsə, belə çıxır ki, biz adıçəkilən məhsulları xaricdən gətirməyə demək olar ehtiyac duymuruq. Amma nədənsə bazar tam başqa sözü deyir. Mağazalardakı yağlardan tutmuş, bazar piştaxtalarındakı meyvə-tərəvəzin  böyük əksəriyyəti idxal məhsuludur. O zaman ortaya belə bir sual çıxır, bu rəqəmlər realdırsa, niyə ölkəyə bu qədər xarici məhsul axın edir və ya yerli məhsullar kimə satılır?

Hökumətin rəqəm sirrinin altında nə gizlənir?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bizimlə söhbətində məsələ ilə bağlı maraqlı təfərrüatlar açıqladı. Ekspert əvvəlcə rəsmi rəqəmlərin niyə bu həddə olduğuna aydınlıq gətirdi: “Məmurlar iddia edir ki, Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı tələbatını 70-90, hətta bəzən 100 faizdən daha çox daxili imkanlar hesabına təmin edir. Amma burada maraqlı məqamlar var. Məsələn, unla bağlı rəsmi göstərici 94 faizdir. Amma məsələ ondadır ki, biz xaricdən taxıl alırıq. Ondan bizim dəyirmanlarda un istehsal olunur. Alınan unu daxili istehsal kimi təqdim edirlər. Əslində bizim una, çörəyə istehlak tələbimiz yalnız xaricdən gələn taxılın hesabına təmin olunur. Nazir müavini deməli idi ki, biz ərzaq buğdasına olan tələbatımızı ödəyə bilmirik. Qazaxıstandan taxılı idxal edirik, sonra Azərbaycanda emal edib un alırıq. Bunun hesabına çörək istehsal edirik. Şəkərə gəlincə, biz onun xammalına olan tələbatımızı cəmi 30 faiz təmin edirik. Qalan xammalı xaricdən gətirib özümüz üçün də istehsal edirik, Orta Asiya ölkələrinə də satırıq. Amma bu o demək deyil ki, şəkərə olan tələbatımızı özümüz ödəyirik. Əgər bu gün dünya bazarında şəkər çuğunduru və şəkər qamışı ilə bağlı problem yaranırsa, bu, həmin anda bizim daxili bazara təsir edir və qiymət qalxır. Quru südü də xaricdən idxal edirlər. Bunun hesabına süd və süd məhsulları əldə edirlər. Amma yenə hesab edirlər ki, süd məhsullarına olan tələbatımızı da özümüz ödəyirik.
Bu gün elə bir ətraf ölkə yoxdur ki, oradan Azərbaycana yağ gətirilməsin – Ukrayna, Belarus, Rusiya, Türkiyə, Almaniya və s. Il boyu Azərbaycan bazarına xarici mal və məhsullar daşınır. Gürcüstan, Iran, Türkiyə, Çin, Argentina, Avropadan meyvələr gətirilir. Hamısının da keyfiyyəti aşağıdır. Bir çoxunun tərkibi şübhəlidir. Heç bir ölkə özünün yaxşı məhsulunu xarici bazara çıxarmaz”.

Adambaşına düşən norma qəsdən azaldılıb

V.Məhərrəmov onu da bildirdi ki, rəsmi rəqəmlərin niyə bu qədər yüksək olmasının başqa bir sirri də var: “Azərbaycan hökuməti adambaşına düşən fizioloji normanı süni şəkildə azaldır. Məsələn, hökumət iddia edir ki, ət və ət məhsullarının adambaşına düşən illik norması 30 kiloqramdır. Hesab edirlər ki, bu bizim istehlakımız üçün kifayət edir. Halbuki əksər ölkələrdə bu göstərici ən azı 80 kiloqramdır. Bizdən zəif olan yeganə ölkə Tacikistandır. Dünyada bununla bağlı müəyyənləşmiş vahid norma var. Hər ölkə özündən norma qoya bilməz. Bizim hökumət normanı az qoyur, sonra da elan edir ki, biz bu normanı ödəyirik, hətta artıq da qalır. Amma reallıq odur ki, norma çox aşağıdır və nəticədə bazarda ajiotaj yaranır. Bu yaxınlarda siz ətin 10 manata qalxacağına şahid olacaqsınız. Bazarda ət çatışmazlığı var. Qəssablardan soruşursan, deyirlər ət yoxdur. Fermerlərdən xəbər alırsan, deyirlər, heyvan yoxdur. Niyə yoxdur, çünki heyvanı saxlamaq üçün yem yoxdur”.
Ekspert hesab edir ki, hökumət iş görmək əvəzinə rəqəmləri şişirdir və bununla da ictimaiyyəti aldadaraq çaşqınlıq yaradır.

Gültəkin