Hakim ailə daxilində “dərman savaşı”

«Avromed» «Riad» şirkətinə «kəşfiyyatçılar» göndərib

Azərbaycanda dərman biznesinin hakim ailənin nəzarətində olduğu bəllidir. Elə bu baxımdan da yumurtanın bahalaşmasından, bu sahədə monopoliyanın olmasından danışan Ilham Əliyev dərman mövzusunda sükut edir.
Hətta dərmana nəzarət uğrunda hakim ailənin daxilində də ciddi savaş gedir. Bəlli olduğu kimi əvvəllər Azərbaycanda dərman biznesi Ilham Əliyevin əmisi Aqil Əliyevin inhisarında idi. Bütün apteklər Aqil Əliyevə məxsus “Riad” şirkətinin diktəsilə işləyirdi. Lakin bir müddət əvvəl bu səlahiyyət “Riad” şirkətindən alınaraq Paşayevlərə məxsus olduğu bildirilən “Avromed” şirkətinə verilib. “Riad” şirkətinin ixtiyarında yalnız 100 aptek qalıb ki, bunun 50-si Bakı, 50-si isə rayonların payına düşür. Qalan bütün apteklərə tapşırılıb ki, “Avromed”lə işləsinlər. Dərman biznesi ilə məşğul olanlara bildirilib ki, bu tapşırığa əməl etməyənlərin aptekləri bağlanacaq. “Avromed”in idarəçiliyi isə deputat Cavanşir Feyziyevə tapşırılıb.
Hətta “Avromed” şirkəti apteklərin yalnız onunla işləməsinə əmin olmaq üçün “Riad” şirkətinə xüsusi adamlar yerləşdirib. “Azadlıq”a daxil olan məlumatlar belə deməyə əsas verir. Təsəvvür edin, rayonların birində “Avromed”lə işləməli olan  apteklərdən birinin sahibi “Riad” şirkətində məhsullar ucuz olduğuna görə malı buradan almaq qərarına gəlib. Aptekin sahibi düşünüb ki, rayon yerində “Avromed”in rəhbərliyi onun bu addımından xəbər tuta bilməz. Lakin heç 10 dəqiqə keçməmiş həmin aptekin sahibinə zəng gəlib və o, bu “xəyanəti”nə görə sərt şəkildə danlanılıb. Ehtimal olar ki, bu xəbəri “Avromed”in rəhbərliyinə həmin şəxsin rəqibləri çatdırıb. Lakin aptek sahibi bunu inandırıcı saymır. O, bu addımı kifayət qədər konfidensial şəkildə atdığını deyir. “Digər apteklər heç bir halda bundan xəbər tuta bilməzlər”,- deyə aptek sahibi bildirir. Bu halda xəbərin “Riad” şirkətinin daxilindən sızdığını söyləmək mümkündür. Bu isə o deməkdir ki, “Riad”ın daxilində “Avromed”in “kəşfiyyatçıları” var. Bu fakt həm də hətta ailə daxilində dərman biznesinə nəzarət uğrunda amansız savaş getdiyini göstərir.

İnformasiya şöbəsi