9 oktyabrın ilk “hədiyyə”si

Yaxud qiymət qalxdıqca enən xalq

Əslində 9 oktyabrdan sonra alternativsiz hakimiyyətimiz xalqımıza çox hədiyyələr edib. Ancaq sonuncu “hədiyyə” daha qiymətli, daha təsirlidir. Benzinin qiymətinin qalxması haqqında verilən xəbər səsi oğurlanmış xalqa yeni “sürpriz” oldu.

Xatırlayırsınızsa, 9 oktyabrdan öncə ölkə başçısı əmək haqlarında 10 faizlik artım edərək, yaşayış səviyyəmizi xeyli yaxşılaşdırmışdı. Zarafat deyil, 200 manat maaş alan müəllimin əmək haqqının 20 manat qaldırılması 50 çörək deməkdir. Nə olsun ki, bu artım çörəyi ətlə yeməyə imkan vermir. Əsas odur ki, yavanlıq var.

Deyilənə görə, benzinimiz “Avro-3″ standartına cavab verəcək. ”Avro-2″-ni elə mənimsəmişik ki, “Avro-3″ə keçid qaçılmaz olub. 

Ümumiyyətlə, “qaldırmaq” bu hakimiyyətin siyasətinin ana xəttini təşkil edir. Məsələn, hündür binalar, bayraq dirəyi, alov qülləsi, iqamətgah da qaldıra bilirlər. 

Bu məsələdə biz xalq olaraq hakimiyyətlə uyğunlaşa bilmirik. Bunlar qaldırdıqca, biz yenirik. Bunlar ucaldıqca, biz qısalırıq. Bunlar yüksək səslə danışdıqca, biz susuruq.

Təcrübə onu göstərir ki, hakimiyyətin “qaldırma” məsələsi, xalqın “enmə”si fonunda mümkün olur. 

Qiymət artımından söhbət düşmüşkən, hakimiyyətin bir qabiliyyətini mütləq vurğulamaq lazımdır. 20 ildir rejimimiz bu milləti sığallaya-sığallaya elə təhqir edir ki, adamın ruhu da incimir. Indi bu qiymət artımını belə qələmə verəcəklər ki, şəhərdə tıxaclar azalacaq, ekologiya gül iyi verəcək və s.

Açığı mən qiymət artımını məntiqli və vəziyyətə adekvat hesab edirəm. Əvvəla, xalqdan mandat almayan hakimiyyət xalqdan qisasını almalıdı. Ikincisi isə etiraz yoxdursa, qiymət niyə qalxmamalıdır?

Həm də yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin xalqdan 10 fazilik alacağı var. Seçkidən əvvəl verdiklərini faizi ilə geri almalıdılar axı.

Benizinin qalxdığı bir vaxtda, Ukrayna xalqı da qalxdı. Ona görə yox ki, Ukraynada da qiymət artımı baş verib, ona görə ki, Ukrayna hakimiyyəti Avrointeqrasiyadan yan keçmək istəyir. Xalq isə bu siyasətə etiraz edərək QALXIR. Ukrayna xalqının qalxma səbəbi, bizim xalq üçün mənasız anlamındadır. Necə ki, bizim qalxmamağımız dünyaya mənasız görünür.

Biz xalq olaraq zorla haqqımızı əldə etməyə adət etməsək də, hakimiyyətin zorla verdiyi “hədiyyə”ni qəbul etməyə adət etmişik.

Bir məqamı da qeyd edək ki, sevimli rejimimiz yumor hissini də itirmir. Belə ki, benzinin qiymətini günün elə bir vaxtında qaldırıblar ki, əhalinin yarısı yatmış olub, yarısı da yatmağa hazırlaşırmış. Yəni qaça-qaça yanacaqdoldurma stansiyasına gedib, sonuncu ucuz benzini avtomobilə “yedizdirmək” mümkün olmayıb.

Biz səbrsizliklə çörəyin, ətin, yağın, kommunal xidmətlərin də qiymətinin artmasını gözləyirik. Çünki biz təkcə “Avro-3″ə keçməmişik, həm də eyni adamın 3-cü prezidentliyi dönəminə keçmişik. Bu ”3″ rəqəmi bizə özəlliklərini göstərməkdə davam etməlidir.

Hesab edirəm ki, bəzi ünsür, element, erməni dəyirmanına su tökən, ölkəmizin inkişafını istəməyən qüvvələrdən başqa hər kəs bu artımı sevinc hissi ilə qarşılayır və bahalaşmanı xalqın yaşayışına adekvat sayır.

Unutmayaq ki, qarşıdan Yeni il bayramı gəlir. Diqqətli hakimiyyətimiz demək istəyir ki, bayram günü maşın sürüb, özünüzü təhlükəyə atmayın, evdə oturub AzTV-ni izləyin.

Mən bu qiymət artımını sevməyə başladım. Əgər bu bahalaşma davam etməsə, etiraz aksiyası keçirəcəm, aclıq elan edəcəm.

Ucuz adamların yaratdığı bahalığın ayrı ləzzəti var.