Cəmil Həsənlinin elmə vurduğu zərbə

Azərbaycanın seçilmiş prezidenti, tarixçi alim, professor Cəmil Həsənli işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb.

Bu tarixi qərara, düzgün seçimə görə BDU-nun rəhbərliyinə dərin təşəkkürümü bildirir, “brak” ziyalılara “gözünüz aydın olsun” deyirəm. Artıq ölkədə təhsilin keyfiyyətində, elmin inkişafında ciddi dönüş yaranacaq. 

Ciddi araşdırmalardan sonra məlum olub ki, ölkədə təhsilin inkişafına mane olan, bu sahəni ətalətə çevirən Cəmil Həsənli imiş. Mən əminəm ki, Cəmil Həsənlinin işdən çıxarılmasından sonra Azıx mağarasında yeni insan sümükləri, Qobustanda yeraltı sərdabələr, Naxçıvanda Fironun varidatı tapılacaq. Çünki Cəmil Həsənli 2013-cü ilin 9 oktyabrında tarixi araşdırma apararaq, digər “tarixçi”lərimizin fikrini yayındırıb. Ona görə də bu “tarixçi”lər eramızdan əvvəli ciddi araşdıra bilmirlər.

Cəmil Həsənlinin elmə vurduğu “zərbə” bununla da  kifayətlənmir. Görmüşük ki, tarixçi arxeoloji qazıntı aparar, gecə-gündüz mağaralarda yatar, adam skleti tapar və s. 

Cəmil Həsənli isə tarixin tarixi ənənələrinə xəyanət edərək, qazıntı aparmadan TAPIR. Seçki qutusundan saxta bülleteni, Vircin adasındakı pulu, bir namizədin 9 vəkilini mağaraya girmədən üzə çıxarır. Bəli, bu adam ölkəmizin digər alimlərinin zəhmətini yerə vurur. 

Cəmil Həsənlinin elmə “düşmən” münasibəti bununla da bitmir. Bu adam 2 dəfə mübarizədən “təmiz qələbə” ilə ayrılmış, 3-cü dəfə 85 faiz səs toplayaraq prezident seçilmiş adamın qələbəsini şübhə altına salır. Bu hal tariximiz üçün ləkədir. BDU-nun rəhbərliyi də bu “ləkə”ni təmizləmək üçün Cəmil Həsənlini işdən uzaqlaşdırıb. Bu işdənçıxarmada sevimli rejimimizin də zəhməti olmamış deyil. Onlar da kənardan bu qorxulu tendensiyanı izləyib və təxirəsalınmaz tədbirlərə vasitəçi olublar.

Təəssüflər olsun ki, Azərbaycanda bu günün tarixini yazmaq, eramızdan əvvəlin tarixini araşdırmaqdan çətindir. Müqəddəs rejimimiz Cəmil bəyi işdən uzaqlaşdırmaqla, həm də ziyalımızı çətinlikdən xilas etmək istəyib. Kövrək qəlbli yapokratiyanın incə düşüncəsinə doymaq olmur. 

Bildiyiniz kimi Cəmil Həsənli BDU-da bir neçə magistr və doktorantın elmi rəhbəridir. Belə adama magistr, doktorant etibar etmək olar? Adamın tükləri biz-biz durur. 

Cəmil Həsənlidən dərs alan magistr yaltaqlıq kimi dəyərin, qorxaqlıq kimi insani keyfiyyətin qiymətini bilərmi?

Cəmil Həsənlinin təsiri altına düşən tələbə saxta seçkiyə etiraz edib, hüquqları uğrunda mübarizə aparıb, “bədbəxt” olacaq. Tələbənin cibində YAP bileti, ürəyində Prezident Aparatına sevgi yoxdursa, tələbə rüşvətxora əl çalmaq ruhunda tərbiyə olunmursa, ondan gələcək üçün ixtisaslı kadr çıxmaz.

Ölkəmizin dayanmadan inkişaf etməsi üçün Yaltaqologiya elmi inkişaf etməli, yüksək səviyyəli yaltaqoloqlar yetişdirilməlidir.

Mən inanıram ki, Cəmil Həsənliyə qarşı aparılan mübarizə, korrupsiyaya qarşı mübarizədən daha dinamik və ardıcıl olacaq. Qüdrətli hökumətimiz Rafiq Əliyev, Gültəkin Hacıbəyli kimi elm düşmənlərini dərs dedikləri ali məktəblərdən uzaqlaşdırdıqları kimi, Cəmil Həsənlini də “zərərsiz”ləşdirə bildi. Mən hesab edirəm ki, Milli Məclis bu məsələni müzakirəyə çıxarmalı və Cəmil Həsənlinin bütün kitabları, hətta geridə qalmış “Harvard” Universitetində dərslik kimi istifadə olunan kitabları yandırılmalıdır.

Axır ki, ölkənin ən böyük problemi həllini tapdı.

Eşq olsun Cəmilsiz elmimizə! Eşq olsun bütə sitayiş edən elm adamlarımıza!