İranla sərhəddə atışma

1 mayor öldü, 2 hərbçi yaralandı

Hərbi ekspert baş verənlərlə bağlı ilginc məlumat yaydı

Azərbaycan-Iran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir.
APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. Insidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.
Insident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.
“Biz sərhəddə mövcud olan kiçik problemlərin ictimailəşdirilməməsi barədə razılığa gəlmişdik”. Modern.az saytı Iran mətbuatına istinadən xəbər verir ki, bunu Iranın Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari deyib.
O, Azərbaycan-Iran sərhədində ötən axşam baş verən atışmaya münasibət bildirib.
Iran rəsmisinin sözlərinə görə, Azərbaycan mediası sərhəddə olan insidentlə bağlı məsələni gündəmə gətirməli deyildi.
“Biz qonşu ölkələrin təxminən 14 sərhədçiliyi ilə birbaşa əlaqəyə malikik. Fikrimcə, Azərbaycan Respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir. Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyirəm, lakin əməldə qanunlara sadiq olduğumuzu nümayiş etdirməsək, yaxşı olmayacaq”,- deyə H.Zülfüqari bildirib.
Iranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri Seyid Məhəmməd Ayətullahi deyib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi, son insident Azərbaycanın ərazisində baş verib və qeyd olunan tarixdə Iran sərhədində heç bir hadisə baş verməyib. APA-nın məlumatına görə, mətbuat şöbəsinin rəhbəri əlavə edib ki, bu hadisə haqqında heç bir Iran rəsmisi fikir bildirməyib və bəzi KIV-də Iran Islam Respublikasının Sərhəd Komandanlığının rəhbəri general Hüseyn Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.
“Bizə verilən məlumat əgər doğrudursa, onda bu sadəcə general-leytenant Elçin Quliyevin istefası və Lənkəran Sərhəd Dəstəsinin komandirinin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnməlidir”. Bu sözləri isə hərbi ekspert Üzeyir Cəfərov “facebook” səhifəsində yazıb. Hərbi ekspert bildirib ki, bu olay Azərbaycan tərəfinin uğursuz əməliyyatının nəticəsidir: “Bizə verilən məlumat ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və öz hərbçilərimiz öz yoldaşlarına səhvən atəş açıblar”.