Naxçıvandan olan cəbhəçilər təşkilatlandılar FOTO

Naxçıvandan olan, lakin Bakıda yaşayan AXCP üzvlərinin Koordinasiya Şurası təsis olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvandan olan, lakin Bakıda yaşayan üzvlərinin Koordinasiya Şurası təsis olunub. Tədbirdə naxçıvanlı cəbhəçilərlə yanaşı, AXCP sədri Əli Kərimli də çıxış edib. Elə ilk çıxışçı da Əli Kərimli olub. AXCP sədri 80-ci illərin sonunda Meydan Hərəkatında və sonrakı dövrlərdə naxçıvanlıların aktiv fəaliyyətindən, seçki sonrası Azərbaycandakı proseslərdən danışıb:

“Hakimiyyət bu qədər imkanlarla yenə Cəmil Həsənliyə məğlub oldu”

“Əziz cəbhədaşlar, şadam ki, bu gün bir araya gəlmisiniz. Əksəriyyətiniz Xalq Cəbhəsi Hərəkatının ilk günündən bu mübarizədə olan insanlarsınız. Biz bu əzab-əziyyətli, məhrumiyyətlərlə dolu çox şərəfli yolu birlikdə keçmişik. Mən sizə təşəkkür etmək istəyirəm ki, bütün bu keşməkeşlərə, çətinliklərə baxmayaraq, bu yolu gəlib çıxa bilmisiniz. Bu gün də – hərəkatın başlamasından 25 il keçəndən, bu qədər müddətdə meydanlarda olandan sonra da, yenə əqidənizə, gəldiyiniz yola, Azərbaycan amalına sədaqətlisiniz.

Ölkəmizdəki vəziyyət və hədəflərimizlə bağlı bir neçə məqamı qabartmaq istəyirəm. Birincisi, onu xatırlatmaq istəyirəm ki, 2005-ci ildən sonra biz hərəkatın ən çətin mərhələsini yaşadıq. Hökumət çox ciddi şəkildə repressiyalar, məhdudlaşdırmalarla müxalifətin sosial bazasını tamamilə zəiflətdi. 2003-2005-ci illərə qədər dözüb qalanların da bir qismi ölkəni tərk etmək, bəziləri ruhdan düşmək, evlərinə çəkilmək kimi yollar tutmaq məcburiyyətində qalmışdılar. Amma 2011-ci ildən başlayaraq, dünyada “Ərəb inqilabları”nın, Azərbaycanda isə Ictimai Palatanın təşəbbüsü ilə ab-hava dəyişməyə başladı, adamlarda tədricən yenidən inam yarandı. Bu tərəfdən də internet köməyimizə gəldi. Hərəkatımızda sanki ikinci bir nəfəs açıldı. Bu nəfəsin açılmağını 2011-ci ilin aprel ayında hiss elədik. O zaman böyük bir ayaqlanma oldu, amma bu da yetərli olmadı. Bu il prezident seçkilərində Milli Şuranın formalaşması, Rüstəm Ibrahimbəyovun, sonra da Cəmil Həsənlinin vahid namizəd seçilməsi, həmçinin bizim seçki kampaniyasında apardığımız iş, Cəmil Həsənlinin şəxsən özünün debatlardakı prinsipial mövqeyi Azərbaycanda müxalif fikri reabilitasiya elədi. Bizim 2013-cü ilin prezident seçkilərində əldə etdiyimiz nəticə prezidentlik deyil, ölkədə hakimiyyət dəyişikliyi deyil, amma ölkədə siyasi vəziyyətin dəyişməsidir. Müxalifətin güclənməsi, xalqın müxalifətə inamının qayıtması oldu. Əlində bu qədər televiziyalar, təbliğat resursları, pulu olan hökumət Cəmil Həsənlinin səslərini saxtalaşdırmağa məcbur oldu. Düzgün saysaydılar, uduzmuşdular. Ona görə də məhz bu, ən böyük nəticədir. Bir daha vurğulamaq istəyirəm, çox təəssüf ki, bu mərhələdə hakimiyyət dəyişikliyinə nail ola bilməmişik.

“Qalanı bizlikdir…”

Heç kim bizim əvəzimizə gəlib ölkədə dəyişiklik etməyəcək. Xaricilər maksimum nə edə bilərdilərsə, artıq onu başlayıblar etməyə. Əvvəllər Azərbaycandakı şərə kömək edirdilər. Onlar bizim qanımızı tökürdülər, seçkini saxtalaşdırırdılar, hakimiyyəti zəbt edirdilər, xaricilər də çıxıb deyirdilər ki, demokratiyaya doğru bir addım atıldı. Bizə dağ çəkirdilər. Ondan imtina edə bilərdilər, insafən, ediblər də. Bu dəfə artıq onu demədilər. Üstəlik, dedilər ki, qeyri-legitimsən, seçkidə saxtakarlıq olub, 58 faiz məntəqələrdə səsvermənin nəticəsini saxtalaşdırmısan. Xaricilər bundan artığını deməyəcəklər. Qalanı bizlikdir. Bəs o zaman biz nə etməliyik? Hakimiyyət çox qəddar, özümüz pərakəndə, bir çoxumuz yorğun, bir çoxumuz bədbinləşmiş… Bunların özbaşına getmək fikri də yox… Il-ildən də pis gələcək. Niyə pis gəlir? Çünki neft qurtarır. Deməli, neftin dadını çıxarıblar, səfasını sürüblər, ölkənin iqtisadiyyatı tamamilə neftdən asılı vəziyyətə düşüb, neft də getdikcə azalır. Hələ Irana qarşı sanksiyalar da aradan qaldırılır və bu ölkə dünya bazarına iki dəfə artıq neft çıxaracaq. Digər tərəfdən Liviya boru xətlərini bərpa edib, onlar nefti çıxaracaqlar. Nəticədə neftin qiyməti düşəcək. Istehsal aşağı düşür, qiymət aşağı düşürsə, belə olan halda, Azərbaycanda vəziyyət necə olacaq? Azərbaycan iqtisadiyyatında dəhşət baş verəcək. Hətta bugünkü vəziyyət də şükürlü olacaq. Deməli, biz toparlanmalıyıq. Bu vəziyyəti dərk edənlərin millət qarşısında ikiqat borcu var ki, bilməyənləri başa salsın. Bu gün nə baş verdiyinin fərqində olmayan, öz gündəlik həyatını sürən, amma millətin faciəyə addım-addım yaxınlaşdığını görməyənlərin gözünü açmaq borcumuzdur. Heç birimiz vicdanımız rahat şəkildə gedib yata bilmərik. Gərək hamımız məhəllələrdə, iş yerlərində, metroda, avtobusda, internetdə bu millətin gözünü açmağa çalışacaq. Narazı xalqı etirazçı etmək lazımdır.

Sizin üzərinizə ikiqat artıq məsuliyyət düşür. Çünki hakimiyyət Naxçıvanı laboratoriyaya çevirib. Orada absurd yenilikləri tətbiq edirlər, Vasif Talıbov nəticə əldə edir, sonra patent verib göndərir Ilham Əliyevin üstünə ki, bunu tətbiq etmək olar”.

Uğurlu addım

Daha sonra Milli Şuranın üzvü, Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş Ibrahim Ibrahimli çıxış edərək, naxçıvanlı cəbhəçilərin Koordinasiya Şurası yaratmasını dəstəklədiyini və doğru addım hesab etdiyini bildirib: “Biz də bir müddət əvvəl belə bir təşəbbüs irəli sürmüşdük. Jurnalistlər bizə tez-tez suallar verirdilər ki, Naxçıvanda bu qədər hadisələr baş verir, niyə siz bir iş görmürsünüz? Biz də sonda qərara gəldik ki, Naxçıvan ziyalılarının yığıncağını keçirək, Naxçıvanda baş verən hadisələrlə bağlı informasiyaları bütün Azərbaycan və beynəlxalq aləmə çatdıraq, hər bir olayı müzakirəyə çıxaraq. Təşəbbüsümüz uğurlu oldu. Naxçıvanda baş verən hadisələrə ciddi münasibət bildirildi, ortaya siyasi iradə qoyuldu. Belə söz-söhbətlər gəzirdi ki, müxalifətdə olan naxçıvanlılarla iqtidarda olan həmyerliləri bir-birilə əlaqəlidir. Naxçıvan ziyalılarının bir yerə toplaşması və sərt mövqe ortaya qoyması bu söhbətlərə son qoydu. Bu gün bura toplaşmağımızı çox uğurlu bir addım hesab edirəm”.

“Bizi isə elə öz adımızla əziblər”

AXCP sədrinin müavini, Naxçıvandan olan Fuad Qəhrəmanlı çıxışında bildirib ki, bu toplantı təkcə partiya üçün deyil: “Biz xüsusi önəm veririk ki, hərəkatda öncüllük etmiş bölgələrimizdən biri partiyada öz fəaliyyətini qabarıq ifadə etsin. Ancaq bu həm də cəmiyyətimiz üçün bir mesajdır. Bu günə qədər bizi bizim adımızla əziblər. Yəni, Azərbaycanın digər bölgələrini Naxçıvanın adı ilə əziblər, bizi isə elə öz adımızla əziblər. ”Naxçıvanlı” adına yaranan nifrət bu hakimiyyətin korrupsiyasına, talançılığına, saxtakarlığına görədir. Halbuki, biz bunlara qarşı olmuşuq. Bu stereotiplərin qarşısını almağın yeganə yolu naxçıvanlıların bunlara qarşı müxalifətdə öndə olduğunu göstərməkdir. Naxçıvan həmişə prosesin lokomotivi rolunu oynayıb. Bizim üçün əsas sual bu olmalıdır: biz nə etməliyik? Naxçıvandan olan keçmiş cəbhəçiləri yenidən aktivləşdirməliyik. O zaman bizim sayımız indikindən qat-qat artıq olar. Ölkədəki problemi həll etmək üçün növbəti seçkini gözləməməliyik. Biz özümüz nə zaman hazır olsaq, seçki də o vaxt olacaq. Onun da yolu bizim təşkilatlanmağımızan keçir. Kifayət qədər narazılıq var və get-gedə artır. Biz istəyirik ki, demokratik yolla dəyişiklik olsun, amma bunlar xalq üsyanına sürükləyirlər. Prosesləri nəzarətdə saxlamalıyıq. Ona görə də təşkilatlanmaq lazımdır”.

F.Qəhrəmanlıdan sonra tədbir iştirakçılarından bir neçə nəfər qısa çıxışlar edib. Daha sonra isə Ümumi Yığıncağın qərarı ilə Hüseyn Ibrahimov Koordinasiya Şurasının koordinatoru seçilib.

Bəyim Həsənli