Ramzan Kadırov Çeçenistanda özünə «Jurnalistlərin ən yaxşı dostu» mükafatını verib
Məlum olduğu kimi, noyabrın 24-də “RUH” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi Ilham Əliyevə “jurnalistlərin dostu” mükafatını təqdim edib. Mükafat 93 KIV arasında keçirilən sorğu əsasında verilib, onlardan 89 faizi jurnalistlərə maddi-maliyyə dəstəyində özünü göstərən qayğını nəzərə alaraq prezidenti özlərinin dostu adlandırıb.
Qeyd edək ki, ölkə başçısı bu mükafata ikinci dəfədir təqdim edilir. Birinci dəfə onun “xidmətləri” 2010-cu ildə qeyd olunub. 2002-ci ildə isə keçmiş prezident Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatını almışdı.
Ilham Əliyev birinci dəfə bu mükafatı alana qədər ölkədə bir jurnalist öldürüldü, bir neçəsi fiziki və psixoloji təzyiqlərə məruz qaldı, həbs edildi. Son üç ildə ölkədə müstəqil mətbuatın durumu nəinki yaxşılaşmayıb, əksinə, dözülməz həddə çatıb. Bu müddət ərzində publisist Rafiq Tağı qətlə yetirildi, onlarla jurnalist və bloger həbs edildi, itaətkar olmayan KIV-lər, ilk növbədə də “Azadlıq” qəzeti məhkəmə təqibinə məruz qaldı, böyük məbləğdə cərimələr kəsildi.
Prezidentin “Jurnalistlərin dostu” olduğu ölkədə müxtəlif maddələrlə ittiham edilən 9 jurnalist həbsdədir. Onlar məhz siyasi baxışlarına, tənqidi yazılarına görə həbs edilib.
Belə bir şəraitdə Ilham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi təəccüblü deyil. Çünki ölkədə bir bir neçə müstəqil mətbuat orqanı olduğu halda hakimiyyətə yaxınlığı ilə seçilən onlarla mətbu orqan var. Mükafatın təqdim edilməsində də məhz onların rəyi nəzərə alınıb. Hətta mükafatın təqdimatı mərasiminə “Azadlıq” qəzeti və “Turan” agentliyinin rəhbərlərinin dəvət edilməməsi də bunu deməyə əsas verir.
Prezidenti özünə “dost seçən” mətbuata qarşı basqılar təkcə həbs və cərimələrlə bitmir.
Prezidenti jurnalistlərə dost olan ölkədə qəzetlərin yayımına qadağalarla yanaşı müstəqil mətbuata reklam vermək qadağandır. Bu qadağanı pozanlar isə dərhal cəzalana bilər. Çünki yazılan qanunları pozanların cəzalanmadığı bir ölkədə hakimiyyətin yazdığı qanunları pozanların aqibəti ağır olur. Qəzetlərin yayımına gəldikdə, son günlərin ən çox müzakirə edilən problemlərindən biri məhz budur. Prezidenti “Jurnalistlərin dostu” olduğu bir ölkədə metroda qəzet satıla bilməz. Qəzet satmaq üçün nəzərdə tutulan köşklərdə isə qəzetdən başqa hər şey satmaq olar. Ölkənin beş minə qədər kənd və qəsəbələrində qəzet satışı, ümumiyyətlə, yoxdur. Son illər nəinki regionlarda, hətta paytaxtda qəzet köşklərinin sayı kəskin azalıb. Yayım sıxlığı isə dünyadakı normadan 20 dəfədən də aşağıdır.
Bu ölkədə prezident hətta öz dostlarına müsahibə verməyi də lazım bilməyib. On illik prezidentliyi dövründə iki dəfə “Jurnalistlərin dostu” seçilən Ilham Əliyev bir dəfə də olsun yerli mətbuata müsahibə verməyib. “Dostlarını” həbsdə saxlayan ölkə başçısından fərqli rəftar gözləməyə dəyməz.
Xatırladaq ki, bu ilin may ayında “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının açıqladığı ənənəvi “Mətbuat yırtıcıları” siyahısında Azərbaycanın dövlət başçısı Ilham Əliyev də yer almışdı. Bu siyahıya daxil olanlar jurnalistlərin və digər mətbuat işçilərinin qətlinə, oğurlanmasına, təqib edilməsinə, işgəncələrə məruz qalmasına aidiyyəti olan şəxslərdir. Bir şəxsin eyni vaxta həm “Jurnalistlərin dostu”, həm də “Mətbuat yırtıcıları” olması isə dünyada görünməmiş hadisədir. Maraqlıdır ki, “Sərhədsiz reportyorlar” təşkilatının “Mətbuat yırtıcıları” siyahısında yer alan digər dövlət başçıları avtoritar rejim rəhbərləri olsa da, heç biri öz ölkəsində “Jurnalistlərin dostu” mükafatı ilə təltif edilməyib.
Ümumiyyətlə, bununla bağlı kiçik araşdırma aparsaq da, dünyanın heç bir yerində belə bir mükafatın mövcud olmasına rast gəlmədik.
Kadırovdan “ibrət” götürməli
Yalnız bir istisna var. Bu şəxs nəinki jurnalistlərin dostu, hətta “ən yaxşı dostu” nominasiyasına layiq görülüb. Buna 2008-ci ildə Çeçenistan prezidenti Ramzan Kadırov layiq görülüb, daha doğrusu özü özünü layiq görüb.
O hətta Rusiya Jurnalistlər Ittifaqının da üzvüdür.
“Jurnalistlərin ən yaxşı dostu” mükafatı Ramzan Kadırova “Çeçenistanda jurnalistikanın inkişafında, azad mətbuatın formalaşmasında, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün ideal şərait yaratdığına görə” verilib. Bu xidmətlərinə görə o, mükafatlanmaqla yanaşı Rusiya Jurnalistlər Ittifaqına da üzv qəbul olunub.
Bu mükafatlandırma Rusiya mətbuatında jurnalistika tarixinin ən cəfəng və biabırçı olayı kimi qiymətləndirildi. Çünki Kadırov soyadı və azad mətbuat tamamilə ziddiyyət təşkil edir. Çeçenistanda jurnalistlər üçün yaradılan “ideal” şəraitdən isə danışmağa dəyməz. Kadırova yarınmayan jurnalistlər üçün “yaradılan şərait” barədə isə əfsanələr gəzir.
Ramzan Kadırov “Jurnalistlərin ən yaxşı dostu” mükafatına layiq görüləndən sonra Rusiya Jurnalistlər Ittifaqı üzvlərindən kəskin reaksiyalar gəldi və quruma üzv olan bəzi yazarlar istefa verdi. Hətta Çeçenistan prezidentinin bu quruma üzv qəbul olunmasının təşkilatın nizamnaməsinə zidd olduğu da bildirildi. Çünki Jurnalistlər Ittifaqına yalnız peşəkar jurnalistlər üzv ola bilər. Kadırov isə nəinki peşəkar jurnalist deyil, hətta rəhbəri olduğu respublikada tənqidi mətbuata qənim kəsilən şəxs kimi tanınır.
Qeyd edək ki, Ramzan Kadırov “jurnalistlərin ən yaxın dostu” olmaqla yanaşı həmçinin Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki, Rusiya təbiət elmləri akademiyasının fəxri üzvü, Çeçenistan respublikasının fəxri inşaatçısı, Rusiya Federasiyası qəhrəmanı və sair adlara sahibdir.
Ramzan Kadırovun jurnalistlərə “dost” münasibəti Ilham Əliyevdən fərqlənmir. Elə mükafatları da oxşardır. Hər ikisi mətbuatın boğulduğu ölkənin döyülən, təqib edilən, həbs edilən, məhkəmə cərimələrinə məruz qalan jurnalistlərinin “dostudur”.
Fizzə


