Məhəmməd Talıblı: «Assosasiya və Azad Ticarət sazişinin imzalanması monopolist məmurların maraqlarına ziddir»
Uzun müddətdir gündəmin əsas mövzusuna çevrilən Vilnüs sammiti başa çatdı. Bu sammit Azərbaycan üçün Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamaqla yekunlaşdı. Yəni Gürcüstan və Moldovadan fərqli olaraq Azərbaycanla Avropa Birliyi arasında Assosasiya və Azad Ticarət sazişi imzalanmadı, hətta belə bir istəyinin olduğunu da ifadə etmədi.
Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın Avropa Birliyi ilə məlum sazişləri imzalamaması Rusiya faktoru ilə bağlıdır. Yəni Rusiya Azərbaycana müxtəlif təzyiqlər göstərərək, bu sazişləri imzalamaqdan çəkindirir.
Ancaq bəzi ekspertlər Rusiya faktorunun həlledici olmadığını və Azərbaycan hakimiyyətinin məqsədli şəkildə bu sazişlərdən imtina etdiyini söyləyir. Real faktları nəzərdən keçirəndə, Rusiya amilinin həqiqətən də həlledici olmadığını görmək mümkündür.
Birinci, Avropa Birliyi ilə Azad Ticarət sazişini imzalamaq üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazımdır ki, Azərbaycan bundan imtina edib. Maraqlı budur ki, Rusiya DTT-nin üzvüdür. Necə ola bilər ki, Azərbaycanı DTT-yə üzvlükdən çəkindirən ölkə, özü DTT-nin üzvü olsun.
Deməli, bu sazişi imzalamamağın əsas səbəbi oliqarxların şəxsi marağıdır. Çünki bu təşkilata üzvlük monopoliyanı, qara iqtisadiyyatı qadağan edir ki, bu da Azərbaycanın məmur oliqarxlarının şəxsi biznesinə xələl gətirir.
Assosasiya sazişinə gəlincə, bu saziş Azərbaycandan şəffaf seçki, demokratiya, insan haqlarına hörmət və s. bu kimi bəşəri dəyərlərə əməl etməyi tələb edir ki, bu da Azərbaycan hakimiyyətinin iradəsindən asılıdır. Rusiya Azərbaycanı insan haqlarına hörmət etməməyə, siyasi məhbusların sayını artırmağa, seçkiləri kütləvi saxtalaşdırmağa məcbur edə bilməz.
Bu yazıda məqsədimiz Rusiya amilini tamam inkar etmək deyil. Sadəcə olaraq reallıq onu deməyə əsas verir ki, Assosasiya və Azad Ticarət sazişini imzalamaqda Azərbaycan hakimiyyəti maraqlı deyil və bu sazişlərin imzalanması hakimiyyətin şəxsi mənafeyinə xidmət etmir.
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın Azad Ticarət sazişinə imza atması Dünya Ticarət Təşkilatına adaptasiyanı yumşalda bilərdi və bu sazişin imzalanması monopolist məmurların maraqlarına ziddir: “Vilnüs sammitində gözlənilən sazişlərin imzalanması baş vermədi. Assosasiya sazişinin imzalanması ölkənin ciddi öhdəliklər götürməsi deməkdir və sosial, iqtasadi, siyasi, ekoloji standartların Avropa standartlarına uyğunlaşdırılmasını özündə ehtiva edir. Azərbaycan bu sazişi imzalasaydı 300-dən artıq qanuni normativ aktlarda dəyişiklik baş verməli idi və bu dəyişiklik hesabına ölkə iqtisadiyyatı Avropa standartlarına uyğunlaşacaqdı. Yəni Assosasiya sazişinin imzalanmaması Azərbaycandakı iqtisadi-siyasi sistemin Avropa sisteminə yaxın olmadığını faktiki göstərdi. Digər tərəfdən, Azad Ticarət sazişi məsələsi var idi ki, bu saziş də imzalanmadı. Rusiya 2011-ci ildə DTT-nin üzvüdür. Azərbaycan 1997-ci ildən DTT-yə üzvlüklə bağlı ərizə ilə müraciət edib, ancaq bu təşkilata üzv ola bilmir. Bu təşkilata üzvlük ölkədə daha çox məmurların maraqlarına ziddir və məmur kapitalizmi bu təşkilata üzv olmağa qarşı çıxır. DTT-nın əsas missiyası dünyadakı ticarət münasibətlərinin şəffaflaşdırılmasını, mübahisəli ticarət məsələlərinin həlli mexanizmlərini tənzimləməkdir. Azərbaycanın iqtisadi-ticari sistemi problemli olduğu üçün monopoliyaların birmənalı həyata keçirilməsi və məmurların bu məsələlərdə hökmran olması səbəbindən ölkəmiz bu quruma üzv ola bilmir. Digər tərəfdən, Azərbaycan DTT-nin şərtlərini qəbul etmir və bu prosesdə siyasi iradə vacib şərtdir. Azad Ticarət sazişinin imzalanması DTT-yə üzvlük üçün müəyyən bir fürsət mərhələsi idi və DTT-yə üzvlüklə bağlı müəyyən öhdəlikləri əhatə edirdi. Bu sazişin imzalanması DTT-yə adaptasiyanı yumşalda və bu qurumdakı fəaliyyəti asanlaşdıra bilərdi. Indiki halda isə biz DTT-yə üzvlüyü çox çətin şərtlər hesabına təmin edə bilərik. Bu 2 sazişin imzalanmaması o deməkdir ki, Azərbaycan hələ də iqtisadi-ticari vektorunu hansısa Avropa strukturları ilə bölüşmür və ölkə iqtisadiyyatının istiqaməti müəyyənləşməyib. Istisna deyil ki, Azərbaycan DTT-də yox, digər iqtisadi bloklarda təmsil oluna bilər”.
Ilham Hüseyn


