Avropa evinə sadiqliyimizi əməldə sübut etməliyik
Litva paytaxtı Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” Sammiti bitdi. Assosiativ üzvlüyün paraflanmasına cəsarət göstərilməsə də, Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi barədə sazişə imza atılması ölkəmizin gələcəkdə Avropa evinə tam inteqrasiya olunması baxımından təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. O, başqa məsələdir ki, Gürcüstan və Moldova respublikaları bizdən fərqli olaraq Avropaya inteqrasiyanı geridönməz prosesə çevirib və Rusiyadan gələn heç bir təhdid bu iki ölkəni Avopa evinin daimi üzvü olmaq istəklərindən çəkindirmir.
Azərbaycanın bu sahədə ehtiyatlı mövqe sərgiləməsi başadüşüləndir və hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayarq heç vaxt Avropa ilə əlaqələrin qurulmasında dağıdıcı gücü olan, ölkəmizin suverenliyi və müstəqilliyini daim təhdid altında saxlayan Rusiya faktoru yaddan çıxarılmamalıdır. Amma əsas olan niyyətdir və bu niyyətin gerçəkləşməsi istiqamətində ardıcıl, peşəkar və düşünülmüş səylərinin göstərilməsidir.
Təəssüf ki, bəzi hakimiyyət yetkililərinin qeyri-peşəkar və düşünülməmiş davranışları, Avropa evinə inteqrasiyaya ikili yanaşmalar heç də qarşıya qoyulan məqsədə çatmağa xidmət etmir. Bu baxımdan Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndəliyinin rəhbəri S.Seyidovun “Şərq Tərəfdaşlığı” Sammitindəki arzuolunmaz çıxışı təəccüb doğurmaya bilməz. Deputat bu sammitdə Azərbaycan və Avropa birliyi arasında tərəfdaşlığın ölkəmiz üçün əhəmiyyətindən, inteqrasiyanın xarici siyasətimizin əsas prioritetlərinə daxil olmasından danışmaq əvəzinə təkəbbürlə, Avropa Birliyinə daxil olan dövlət və təşkilatları Avropa dəyərlərinə hörmətlə yanaşmağa dəvət edir və qeyd edir ki, “heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etməyə ixtiyar verilmir”.
Istər-istəməz sual doğur ki, bu gün əksər sivil dövlətlərin can-başla daxil olmaq, dəyərlərini məmisəmək arzusu, məgər Avropa evinə aid demokratik dəyərlərə cəhdlə bağlı deyilmi? Bəlkə, bu dəyərləri əlli ildən artıq sənədə özündə yaşadan və dünyaya yayılmasına çalışan heç də Avropa evinin qurucuları deyil, demokratiyanı gözardı edən YAP hakmiyyətidir? Bəlli məsələdir ki, bu gün prioritet olaraq qəbul edilən demokratiya, qanunun aliliyi və insan haqları məsələsi hər zaman, hər yerdə, hətta avtoritar və totalitar rejim daşıyıcılarını tərəfindən şüar olaraq səslənib. Amma demokratik dəyərlərin praktik həyatda tətbiqi, bu dəyərlərdən insanların bəhrələnmə faktı ilk olaraq Avropaya məxsusdur və demokratiya və insan haqlarını gözardı edən bir zehniyyətin durub, oturuşmuş Avropa demokratlarına “dərs” verməsi absurddur. El məsəli var, “bəy dediyin nə, bəyi bəyənmədiyin nə”.
Az-çox demokratik dünya görüşünə yiyələnən hər bir kəs Avropa evinə inteqrasiya dedikdə, heç də Avropa həyat tərzinin, adət və ənənələrinin süni şəkildə başqa bir üzv ölkəyə köçürülməsi anlamına gəlmədiyini yaxşı bilir. Söhbət bu evə daxil olan ölkələrin qarşılıqlı öhdəlik olaraq demokratiya, qanunun aliliyi, insan haqları və digər birgə yaşayış qaydalarına hamılıqla əməl edilməsindən gedir. Sən daxil olacaqsan qəbul olunmuş norma və prinsiplərinin qorunmasına əməl etmək barədə söz verdiyin Avropa evinə, sonra da bu kuralları pozaraq deyəcəksən ki, demokratiya hər bir ölkənin daxili işidir, əlbəttə, bu cür yanaşmalar nə nəzəri, nə də praktik baxımdan qəbul edilən məsələ deyil.
Avropaya demokratiya dərsi verməkdənsə, qanunun aliliyi, demokratiya, insan haqları ilə bağlı öz nöqsanlarımızı görməli, Avropanın mükəmməl idarəetmə sisteminə sınıq-salxaq, yönü bilinməyən, marginallaşan idarəetmə sistemsizliyi ilə daxil omaqdan vaz keçməliyik. Unutmaq lazım deyil ki, prezident seçkilərindən sonra ATƏT-in təqdim etdiyi hesabat, Avropa Birliyinin bu hesabatı təsdiq edən rəyləri, məhz Azərbaycan hakimiyyətinin demokratiya və insan haqlarına sayğısıslığından, seçkilərin nəticələrinin kütləvi saxtalaşdırılmasından, azad mətbuata, yad fikirliliyə, alternativ siyasi kəsimlərə dözümsüzlük göstərməsindən doğmuşdur.
Əgər doğrudan-doğruya Avropaya inteqrasiya etmək istəyiriksə və bu istək mövsümi xarakter daşımırsa, onda biz ilk növbədə öz quruluşumuzda dəyişikliklər etməli, qanunlar sistemimizi yenidən işləməli, ölkəmizdə ədalətli, şəfffaf və xalq etimadına layiq seçkilər keçirməliyik. Biz, azad mətbuata, mütəqil informasiyanın əldə ediləməsinə qarşı qoyulan məhdudiyyətləri aradan qaldırmalı, idarəetmədə avtoritarlığın qarşısını almalı, ölkədə yaşanan məhbus problemini həll etməliyik ki, daxil olmaq istədiyimiz Avropa evinə sadiqliyimizi isbatlayaq. Bu yolu tutan ölkələrin çoxu artıq Avropa evinin tam səlahiyyətli üzvləridir və onlar Avropa Birliyinin iqtisadi, siyasi, demokratik həyat tərzinə yiyələnməklə bir evin sakinləri kimi xoşbəxt və firavan həyat sürürlər. Növbə bizimdir.
Nurəddin Ismayıl


