Gədəbəyin Avropaya inteqrasiyası

Rusiya doğrudan da ətraf ölkələrin işlərinə müdaxilə edir və hazırda onların Avropaya inteqrasiyasının qarşısını almağa çalışır. Gəlin belə qərar verək ki, Viktor Yanukoviçə, Ilham Əliyevə, hətta Serj Sərkisyana Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamağa məhz Rusiya əngəl olur. Qəbul edək ki, onlar özləri və ölkələri üçün gözlənilən təhlükəni nəzərə alıb, o yolu tutmurlar.

Sual yaranır: Bəs öz ölkələrində Avropa dəyərləri yaratmağa kim mane olur bu adamlara?

Avropa Insan Haqları Konvensiyasına əməl etməyə kim əngəl törədir onlara?

Avropa konvensiyalarına, prinsip və dəyərlərinə öz ölkəsinin içində yaşamağa niyə imkan vermir bu adamlar?

Assosiasiya sazişinə qoşulmaq təhlükəlidirsə, ATƏT, Avropa Şurası, BMT kimi qurumlar qarşısında öhdəlikləri yerinə yetirməyə kimsə mane olmur axı!

Bunları da kənara qoyaq. Ölkə konstitusiyasına əməl etməyə görə də Rusiya onları hədələmir ki!

Görün izlədiyimiz yanaşmalarda, eşitdiyimiz izahlarda, ortaya atılan bəhanələrdə nə qədər həyasızlıq, nə böyüklükdə hiyləgərlik gizlənib!

Yuxarı dövlət orqanlarına şikayət yazan Gədəbəy sakininin hekayəsi yadıma düşdü. Yerli padşahlar adamı bazardan qovublar buna görə – öz məhsulunu satmağa imkan verməyiblər. Gədəbəydə tarixən hər kəs aşağı-yuxarı öz məhsulunu sata bilib. Neft gəlirləri, analoqu olmayan inkişaf, regionun güclü iqtisadiyyatı, Gədəbəydə tikilən modern Aşıqlar Evi cəhənnəmə olsun, adamlar bu dağlar qoynunda hər zaman əkib, biçib, heyvan saxlayıb, artırıb, satıb və dolanıb. Indi bu da yoxdur onların həyatında.

Assosiasiya sazişini imzalamağa Rusiya qoymur, anladıq bu bəhanəni, bəs Gədəbəyin zəhmətkeş və mərd adamları niyə qiymətli orqanik kartofunu Avropada qızıl qiymətinə satmaqdan məhrum edilib? Bu imkanı onlara Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına girməsi yarada bilər. Bəs buna kim mane olur? Buna da Rusiya mane olmur ki?! Rusiya özü də bu quruma üzvdür. Azərbaycan ÜTT-ə daxil olsa, gədəbəylilər kartofdan elə qazanarlar ki, onlarla edilən xoş kartof zarafatları, həsəd dolu kartof əfsanəsinə çevrilər. Neft və onun fondu qurtarır və qurtaracaq, məsələn, kartof fondu qurtaran deyil axı.

Gədəbəy gözəl təbiəti ilə turizmin məkanı ola bilərdi, lakin bundan da çox heyfsilənəcək bir Gədəbəy sərvəti var. Bu dağlarda texniki bilikləri qavrayan çox güclü beyin yetişir. Illərdir bunu müşahidə ediblər. Hanı onun məktəbləri? Oradan gələn məktəb fotolarını görəndə, ölkədəki təhsilin fakturasını düşünəndə Gədəbəyin Avropadan hansı məsafədə olduğunu yenidən hesablamaq istəyirsən.

Sən Gədəbəyə, Qazaxa, Qaradağa və o biri bölgələrə “obyekt” kimi baxanda, putinşina sənin Avropaya getməyinə kəc baxmazmı? Öz xalqını xirtdəkləyən rejimin xirtdəyindən tutmaq istəməzmi? Məsələ bu qədər sadədir!

Avropaya gedən gedir, əzizlərim. Gedənin doğrudan bu istəkdə olduğunu görüb onu ciddiyə alırlar! Ən azı, düşünürlər ki, onu saxlamağa dəyməz, çünki özünün əzmi və istəyi bir yana, arxasında da elə bir xalq var ki, qayıdıb onun qarşısına çıxar və… əzər onu. Təzyiq də boşuna olar! Deməli, sən əzdiyin, iradəsini pozduğun xalqla Avropaya gedə bilməzsən! Heç bunu istəmirsən də!

Məzəyə baxın, hətta hərdən belə deyirlər: dörd tərəf düşməndir, müstəqilliyimizə təhlükə var və nə bilim, Marsda həyat izləri tapılıb. Dörd tərəf düşməndirsə, müstəqilliyə təhlükə varsa, Putin üzünü turşudursa, rüşvət niyə alırsınız, korrupsiya nədir, siz niyə ölkəni talayırsınız? Siz özünüz niyə öz xalqınızı adam yerinə qoymursunuz? Gədəbəy sakini niyə bazardan qovulur?