aliyev-yap

Əliyev qullarının yaxınlarına çağırış

Ayılın, şərə qulluq edən ərlərinizi, atalarınızı, övladlarınızı durdurun, xilas edin!

Il 2016 – demokratik keçiddən il yarım ötür. Bir ailədə gedən dialoq sizin üçün də çox maraqlıdır yəqin ki. 

– Atamı niyə tez-tez istintaqa çağrırlar, axı o hakim olub, qanunları bilir, hüququ bilir. O neyniyib ki, indi işdən çıxıb, istintaqlara düşüb. 

– Atan qanunları bilirdi, amma əməl eləmirdi. Yuxarıdan kefləri necə istəyirdisə, elə də tapşırırdılar, atan da əməl edirdi. Günahsız adamları tuturdu. 

– Necə yəni günahsız?!

– Günahsız, heç bir qanunu pozmayan, haqq-ədalət uğrunda mübarizə aparan, etiraz edən, qanunların işləməsini tələb edən adamları tuturdu. Dindarların, gənclərin cibində narkotik olduğunu yalandan təsdiqləyir, onlara uzunmüddətli həbslər verirdi. 

– Indi biz neynəyəciyik? – Heç nə, atanın günahlarının əzabını çəkəcəyik, insanlar bizi qınayacaqlar, biz də bu ləkə ilə yaşayacağıq… 

Buna oxşar dialoqlar minlərlə, yüzlərlə ailədə olacaq. Hələ nə qədər davalar olacaq. Övladlar atlarını qınayacaqar, onları utandıran əməllərə görə, atalar da övladlarına bu  rəzil yolla böyüdüklərini, yeyib içdiklərini, o günahsız insanların azadlığını alıb qazandıqları pullarla kef çəkdiklərini deyəcəklər. Beləliklə, bizi gələcəkdə təkcə böyük bir günahkarlar ordusu deyil, həm də günahla böyüyənlər nəsli gözləyir. Ona görə də bu günlərdə, NIDA-çı gənclərin, Tofiq Yaqublunun, Ilqar Məmmədovun məhkəməsi ərəfəsində, Pərviz Həşimli ilə misilsiz cinayətkarcasına davranıldığı bu günlərdə, neçə-neçə cəbhəçinin, müsavatçının şərlənib tutulduğu proseslərin qaynar anlarında mən bu işlərdə fallıq edən, polislərin, müstəntiqlərin, xəfiyyələrin, hakimlərin, ittihamçıların övladlarna, xanımlarına, analarına səslənirəm, çox çətin olacaq!

Ey övladlar, siz atalarınızın sizin gələcəyinizə xəyanət etdiyini görəcəksiz. Onlara nifrət edəcəksiz. Görəcəksiz ki, onlar sizin də özləri kimi bir ailəyə nökər olmanız üçün   çalışıblar. Sizi, toplumu azad gələcəyə aparmaq istəyən insanları öldürüblər, həbs ediblər, şərləyiblər, şikəst ediblər. Onlar sizin gələcəyinizi öldürüb, şərləyib, həbs edirlər əslində. Sonradan biləcəksiniz ki, sizin atalarınız  həyatın əsl tamaşa hesab edildiyi dünyada xəyanətkar rolunu oynayıb. Miskin obrazda, pisliklərə xidmət edib. Yazıq görkəmdə bir udum nəfəs üçün bütün ömrünü sürünməyə sərf edib. Hamının ölüb gedəcəyi dünyada bir az fərqli yemək, heyvan dərisindən paltarlar geymək üçün insanlıqdan imtina ediblər. Sizi o zaman heç nə xilas edə bilməyəcək. Mənəvi əzabdan, qurtula bilməyəcəksiz. Qurtuluş indi sizin öz əlinizdədir. Durdurun atalarınızı. Onları gələcək qatili olmağa qoymayın. Onları inandırın ki, indi orta əsrlər deyil, övladlara sərvət yox, savad, namuslu, ədalətli toplum vermək lazımdır. Bunu onlara mütləq deyin. Deyin ki, indi onlar kimi başqalarının gənc övladlarının gələcəyini öz övladının gələcəyini təmin etmək üçün qaraldan insanlara  heç kim insan gözündə baxmır, onlar öz balalarını doyurmaq üçün quş yuvalarındakı civ-civləri məhv edən yırtıcılardan nə ilə fərqlənirlər ki? Düşünün, siz kimin övladı olmaq istəyərdiniz?

Əziz analar, siz övladlarınıza bunumu öyrətmisiz? Öyrətmisiniz ki, başqalarının övladlarına, balalarına pislik eləsinlər? Məgər siz demisiniz ki, nahaqqa qul olmadan yaşamaq mümkün deyil? Məgər, bir ana öz övladına ləyaqəti, namusu üstün tutmamağı öyrədə bilərmi? Ola bilərmi ki, bir  ana dünyaya gətirdiyi övlada öz növünə, yəni insana nifrət aşılasın? Buna inanmağım gəlmir. Inanıram ki, sizin bu olanlardan xəbəriniz yoxdur. Amma bilin ki, sizin balalarınız çox anaların gözünü yaşlı edib. Sizin övladlarınız Pərviz Həşimlinin 5 yaşında körpəsinin bağrını dalayıb. 17-18 yaşlı gəncləri şərləyib həbsə atıblar. Xəstə Daşqın Məlikovu həyatı ilə imtahan edirlər. Onun ağrıları, əzabları sizin övladlarınızın boynundadır, bilin, agah olun. 

Əziz bacılar, siz kimləri sevmisiz, bilirsinizmi? Onlar sevgiyə çoxdan xəyanət ediblər. Onlar artıq nəinki sizi sevmirlər, özlərinə də nifrət edirlər. Birini sevən insan, həyata sevgi ilə baxan insan, bu qədər qəddar ola bilərmi? Siz bilirsinizmi ki, sizin ərləriniz neçə ailəni başsız qoyublar. Onu da bilirsiniz ki, bu taledən qaçış yoxdur – nəyi əkərsən, onu da biçərsən. Siz heç rəfiqələrinizlə danışanda, qəzet oxuyanda, internetə baxanda ərlərinizin əməllərindən xəbərdar olmursuz? Başqalarının həyatını zindana çevirən insanları necə sevirsiz? Onları xilas edin.  Yoxsa onların bu həyat tərzi, dünya görüşü sizin də ömrünüzü zindana çevirəcək, şəksiz çevirəcək. Qalxın, özünüzü də, övladlarınızı da, həyat yoldaşlarınızı da bu çirkabdan çıxarın…